Son illərdə "detoks çayları" adı altında satışa çıxarılan məhsulların populyarlığı xeyli artıb. Xüsusilə arıqlamaq, orqanizmi toksinlərdən təmizləmək və sağlamlığı yaxşılaşdırmaq vədi ilə təqdim olunan bu məhsullar sosial şəbəkələrdə və reklam kampaniyalarında geniş təbliğ edilir. Lakin mütəxəssislər bildirirlər ki, bu iddiaların əksəriyyəti elmi əsaslara söykənmir və bəzi hallarda belə çayların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.
Musavat.com bildirir ki, qida eksperti Ağa Salamov sağlam insan orqanizminin "detoks" olunması üçün xüsusi çaylara ehtiyac olmadığını deyib:
"Orqanizmin zərərli maddələrdən təmizlənməsi təbii şəkildə qaraciyər, böyrəklər, ağciyərlər və bağırsaqlar tərəfindən həyata keçirilir və bu proses üçün əlavə "möcüzəvi" məhsullara ehtiyac yaranmır. Bazarda satılan bir çox kommersiya məqsədli "detoks çayları"nın tərkibində işlədici və ya sidikqovucu təsir göstərən bitkilər - məsələn, sena kimi komponentlər olur. Bu təsir nəticəsində insan qısa müddətdə çəki itirdiyini düşünsə də, əslində itirilən yağ deyil, əsasən su və elektrolitlərdir. Buna görə də yaranan çəki azalması müvəqqəti xarakter daşıyır və orqanizmdə yağ ehtiyatlarının azalması demək deyil".

Mütəxəssisin sözlərinə görə, bu cür məhsulların uzun müddət və həkim nəzarəti olmadan istifadəsi susuzlaşma, kalium çatışmazlığı, bağırsaqların normal fəaliyyətinin pozulması, eləcə də qəbul edilən bəzi dərmanlarla təhlükəli qarşılıqlı təsirlərə səbəb ola bilər:
"Detoks adı ilə satılan məhsullar əvəzinə tərkibi məlum, təmiz və təhlükəsiz şəkildə toplanmış ənənəvi dağ otlarından hazırlanan çaylar daha məqsədəuyğun seçimdir. Məsələn, çobanyastığı, cökə, kəklikotu, nanə və itburnu kimi bitkilər antioksidantlar və digər bioloji aktiv maddələrlə zəngindir. Bu çaylar orqanizmi detoks etməsə də, normal maye qəbulunu dəstəkləyir, həzm prosesinə kömək edə bilər və ümumi sağlam qidalanmanın bir hissəsi kimi faydalıdır".
Ağa Salamov vurğulayıb ki, sağlam həyatın əsasını müxtəlif reklamlarla təqdim olunan "möcüzəvi detoks məhsulları" deyil, balanslı qidalanma, kifayət qədər su qəbulu, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu təşkil edir. Onun fikrincə, sağlamlığın qorunması üçün ən etibarlı yol məhz elmi cəhətdən sübut olunmuş sağlam həyat tərzidir, qısa müddətli nəticə vəd edən məhsullar isə ehtiyatla qiymətləndirilməlidir.
Xalidə Gəray
Musavat.com






