İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda iki nikahdan biri dağılır – Sosioloqdan SOS

346 21.07.2026 13:37 Sosial A A

Azərbaycanda ailə institutunun gələcəyi ilə bağlı narahatlıq doğuran statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin son məlumatları göstərir ki, ölkədə bağlanan nikahların sayı azalmaqda davam edir, boşanmaların səviyyəsi isə hələ də yüksək olaraq qalır. Belə ki, rəsmi rəqəmlərə əsasən, 2026-cı ilin ilk beş ayında 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb. Başqa sözlə, təxminən hər iki nikahdan biri boşanma ilə nəticələnir.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya enib. Boşanmaların sayında cüzi azalma müşahidə olunsa da, göstərici hələ də yüksək olaraq qalır və hər min nəfərə 1,9 boşanma düşür. Mütəxəssislər hesab edirlər ki, nikahların azalması və ailələrin daha tez dağılması cəmiyyətin sosial, iqtisadi və psixoloji durumunun mühüm göstəricilərindən biridir.

Bəs Azərbaycanda ailələr niyə bu qədər tez dağılır? Gənclərin evlənməkdən çəkinməsinin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloqun fikrincə, boşanmaların əsas səbəblərindən biri psixoloji-mənəvi səbəbdir: “Bu nə deməkdir? Təxminən iki il əvvəl çox imkanlı bir iş adamı mənə maraqlı bir hadisə danışdı. Dedi ki, yaxın dostunun qızı ailə qurmuşdu. Həm qız tərəfi, həm də oğlan tərəfi kifayət qədər imkanlı ailələr idi. Maddi baxımdan heç bir problemləri yox idi. Amma cəmi bir il keçəndən sonra qız “Mən bu ailədə qalmaq istəmirəm” deyərək boşandı. Hazırda isə xaricdə tək yaşayır və antidepressant qəbul edir. Bu hadisə bir daha göstərir ki, müasir dövrdə təkcə maddi imkanlar insanı xoşbəxt etmir. Müasir kapitalizm bütün müsbət tərəfləri ilə yanaşı, insanlara stress, depressiya, tənhalıq və psixoloji gərginlik də gətirib. Bu gün elə insanlar var ki, hər şeyə sahib olsalar da, yenə həyatlarından narazıdırlar”.

Sosioloqa görə, digər mühüm səbəb seçimlərin həddindən artıq çoxalmasıdır: “Sosial şəbəkələr həm qızların, həm də oğlanların qarşısına saysız-hesabsız alternativlər çıxarır. İnsan ailə qurur, amma bir ay, iki ay sonra sosial mediada başqa insanla tanış olur, yeni seçimlər görür və düşünür ki, bəlkə daha yaxşı variant var. Seçimlərin çoxluğu bəzən insanı xoşbəxt etmək əvəzinə, daha da narazı salır.

Bu, mənim şəxsi fikrim deyil. Müasir sosioloqlar və psixoloqlar da bildirirlər ki, həddindən artıq seçim imkanları insanların qərar verməsini çətinləşdirir və onların həyat məmnuniyyətini azaldır. İnsan düşünür ki, nə qədər çox seçim və nə qədər çox azadlıq olsa, bir o qədər xoşbəxt olacaq. Amma praktikada çox vaxt bunun tam əksi baş verir. Bu gün elə hallar var ki, insanlar ailə qurduqdan cəmi bir-iki ay sonra boşanırlar. Belə statistika kifayət qədər çoxdur. İnsanda sual yaranır: bu qədər qısa müddətdə nə baş verir ki, ailə dağılır? Xalq arasında da deyildiyi kimi, "Bu nə yatıb ki, nə yuxu görə?"

Bəs insanlar niyə boşanırlar? Səbəb yalnız maddi çətinliklərdirmi? Xeyr. Boşanan ailələrin böyük hissəsində ciddi maddi problem olmur. Əsas məsələ psixoloji və mənəvi uyğunsuzluqdur. İnsanlar bir-birini başa düşmür, güzəştə getmir, ortaq dil tapa bilmirlər. Digər tərəfdən, biz hazırda müəyyən mənada paradoks yaşayırıq. Sosial şəbəkələr və qloballaşma gəncləri daha fərdi və sərbəst həyat tərzinə istiqamətləndirir. Amma Azərbaycan cəmiyyətinin öz mentaliteti, ailə dəyərləri və ənənələri var. Bir tərəfdən qlobal həyat tərzi təbliğ olunur, digər tərəfdən isə milli-mənəvi dəyərlər mövcuddur. Bu iki fərqli yanaşma arasında qalan insanlar çox vaxt ailə münasibətlərində ciddi çətinliklərlə üzləşirlər”.

Sosioloq hesab edir ki, əgər ailə dəyərləri, ailə psixologiyası və mənəvi tərbiyə istiqamətində ciddi maarifləndirmə aparılmasa, ziyalılar, alimlər, psixoloqlar, sosioloqlar və media bu istiqamətdə davamlı fəaliyyət göstərməsələr, gələcəkdə vəziyyət daha da ağırlaşa bilər.

“Gənclər niyə evlənməkdən çəkinirlər” sualına isə Mail Yaqub belə cavab verib: “Bunun bir neçə əsas səbəbi var. Birinci səbəb boşanmaların çoxalmasıdır. Gənclər bu statistikaya baxır və ailə qurmaqdan ehtiyat edirlər. Düşünürlər ki, əgər ailələrin böyük hissəsi dağılırsa, bəlkə onların ailəsi də eyni aqibətlə üzləşəcək. İkinci səbəb məsuliyyətdən yayınmaq istəyidir. Bu gün istər oğlanlar, istərsə də qızlar əvvəlcə karyera qurmağa, sərbəst həyat yaşamağa üstünlük verirlər. Onlar hesab edirlər ki, ailə qurmaq ciddi öhdəliklər, məsuliyyət və müəyyən məhdudiyyətlər deməkdir. Bir çox gənc isə özünü hələ bu məsuliyyətə hazır hesab etmir.

Üçüncü mühüm səbəb sosial-iqtisadi problemlərdir. Əslində ailə qurmaq istəyən, məsuliyyətli gənclər az deyil. Lakin onlar düşünürlər ki, 600-700 manat əməkhaqqı ilə ailə saxlamaq mümkün deyil. Xüsusilə şəhərlərdə kirayə mənzil, kommunal xərclər, gündəlik yaşayış və uşaqların gələcək təminatı onları ciddi narahat edir. Mənzil qiymətlərinin sürətlə bahalaşması da bu problemi daha da dərinləşdirir. Əgər Azərbaycanda ailə quranların sayını artırmaq, boşanmaların sayını isə azaltmaq istəyiriksə, iki əsas istiqamətdə ciddi iş aparılmalıdır.

Birincisi, iqtisadi vəziyyət yaxşılaşdırılmalı, yeni iş yerləri açılmalı, kiçik və orta sahibkarlığın inkişafı üçün daha əlverişli şərait yaradılmalıdır ki, gənclər öz gələcəyinə inamla baxa bilsinlər. İkincisi isə cəmiyyətdə ailə dəyərləri, ailə psixologiyası və mənəvi məsuliyyət mövzusunda geniş maarifləndirmə işi aparılmalıdır. Bu sahədə söz sahibi olan ziyalılar, alimlər, psixoloqlar, sosioloqlar və tədqiqatçılar daha fəal şəkildə cəmiyyət qarşısına çıxmalı, gənclərlə işləməli, sağlam ailə modelini təbliğ etməlidirlər. Çünki ailə institutunun möhkəmlənməsi təkcə iqtisadi deyil, həm də mənəvi və sosial məsuliyyət məsələsidir".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR