İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının “Prius” və moped problemi

920 21.07.2022 08:00 Gündəm A A

Yollardakı qırğını necə durduraq?; ekspert: “Əsas səbəb nəqliyyat vasitələri deyil, sürücülərdir”

Paytaxtı bürümüş “Prius”lar və kuryer şirkətlərinə aid mopedlər təhlükə saçır. Hər gün bu iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır qəzalar baş verir. Artıq insanlarda “Prius”lara bir qıcıq yaranıb, onu görəndə hər kəs uzaqlaşmağa çalışır. Ancaq bu, heç də maşının təhlükə saçması ilə bağlı deyil. “Toyota Prius” hibriddir, ekoloji və texniki, təhlükəsizlik baxımdan normal maşındır. Sadəcə, taksi şirkətləri onları kimə gəldi icarəyə verirlər. İstənilən sürücülük vəsiqəsi əldə edən şəxs gəlib onu günlük icarəyə götürüb sürür. Nə sürücünün peşəkarlığı, nə narkoman olub-olmaması araşdırılmır. Üstəlik, sürücülər icarə haqqını ödəyə bilmək, eyni zamanda 20-30 manat qazanmaq üçün bəzən 14-15 saat sükan arxasında olurlar. Eləcə də mopedləri kimə gəldi sürməyə verirlər. Qısacası, problem “Prius” və moped modellərində yox, sürücülərdə və məsuliyyətsiz şirkətlərdədir.

Ümumiyyətlə, son vaxtlar ağır qəzaların sayında artım müşahidə olunur. Təkcə iyulun 18-də respublikanın avtomobil yollarında baş verən qəzalarda 11 nəfər ölüb! Sanki yollarda müharibə gedir.

5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunur!- Ekspert: “Şirkətlər  BNA-nın əlində “əsir” olublar”

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, vəziyyət o yerə çatıb ki, sığorta şirkətləri də “Prius” markalı avtomobilləri sığortalamaq istəmirlər: “İstismar müddəti 10-15 ildən yuxarı olduğu üçün bu maşınların təhlükəsiz olma ehtimalı aşağıdır. Ölkəyə saz halda idxal edilənlər belə 2-3 dəfə qəzaya düşmüş avtomobillər olur. Hər yenilik özü ilə müxtəlif problemlər gətirir. ”Prius" markalı avtomobillər əsasən taksi xidməti üçün istifadə olunur. Taksi sürücüləri isə istismar olunur. Tariflər aşağı olduğu üçün şirkətə pul ödəmək, eləcə də qazanc üçün gün ərzində kifayət qədər xidmət göstərməlidirlər. Mopedlərlə bağlı isə qanunlar sərtləşdirilməlidir. Mopedlərin üzərində xüsusi nömrə nişanı, sürücülərin vəsiqəsi olmalıdır. Digər məsələ kateqoriyalarla bağlıdır. Bəzi mopedlərin sürəti motosikletlərin sürəti ilə eynidir. Qanunvericilikdə birmənalı sərt cəzalar nəzərdə tutulmalıdır. Moped sürücüləri sərxoş halda qayda pozduqda, məsələn, qırmızı işıqda keçsələr, 70 AZN cərimə ödəyirlər.  Avtomobil sürücülərinə qarşı isə bu qaydalar daha sərtdir, bəzi hallarda inzibati həbs də tələb oluna bilər. Bu nə dərəcədə doğrudur? Nəzarət mexanizmi gücləndirilməlidir".

Eldəniz Cəfərov: "Həmişə istehlakçıya güzəşt olmalıdır"

Eldəniz Cəfərov

Ekspert Eldəniz Cəfərovun fikrincə, qəzaların baş verməsinin əsas səbəbi nəqliyyat vasitələri deyil, sürücülərdir: “Əksər sürücülər yol hərəkəti qaydalarını bilmir. ”Prius"lar və mopedlərin iştirakı ilə baş verən qəzalarda təcrübəsiz, məsuliyyətsiz, bəzən də təcrübəli və məsuliyyətsiz sürücülər günahkar olur. Taksi xidməti göstərən sürücülər müştəri ilə smatfonlar vasitəsilə əlaqə saxlayırlar. Bu zaman diqqət telefona yönəlir. Bu halda qəza şəraitinin yaranması təbiidir. Taksilərin fəaliyyətini tənzimləmək olduqca asandır. Nazirlər Kabinetinin 2019-cu ildən bəlli tələbləri var. Sürücülərə taksi fəaliyyəti üçün icazə verən qurumlar bunu tənzimləməlidirlər".

Ekspert hesab edir ki, sürücülər həm maarifləndirilməli, eyni zamanda hüquqları qorunmalıdır: “Son illər mopedlərin sayında ciddi artım müşahidə olunur. Sürücülərin əksəriyyəti yeniyetmə və gənclərdir. Onların da təcrübəsi ya yoxdur, ya da azdır. Bəzən mopedlər avtomobil sürücülərinin diqqətindən yayınır. Qəzaların sayının azalması üçün hər hansı əməli iş aparılmır. Aidiyyəti qurumlar statistikanı açıqlayırlar, amma qəza hadisələrinin sayını azaltmaq üçün hansı işlər görülür? Bu barədə heç kim hesabat vermir. Sürücülərlə maarifləndirmə işi aparılmır. Qayda pozuntusuna yol verən sürücülər dərhal cərimə edilir. Bayram günlərində vətəndaşlara xeyli qanunsuz cərimə yazılıb. Elektron qaydada müraciətlərə isə heç kim baxmır. Sürücülərin hüquqları heç kimi maraqlandırmır.  Ümumiyyətlə, nəqliyyat sektorunda ciddi islahatlara ehtiyac var”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR