Azərbaycan hökumət mənbələri Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycan qazının Serbiyaya tədarükünün iki ay müddətinə dayandırılması ilə bağlı açıqlamasını təkzib edib. Bildirilib ki, qaz tədarükünün müvəqqəti azalması yalnız “Şahdəniz Alfa” platformasında baş vermiş texniki nasazlıqla bağlıdır. Bununla belə, “Şahdəniz Bravo” platforması tam gücü ilə fəaliyyət göstərir və stabil qaz ixracını təmin edir. Tədarükün yaxın zamanda tam şəkildə bərpa olunacağı gözlənilir. Musavat.com bildirir ki, bu barədə AnewZ telekanalı məlumat yayıb.
BP şirkəti də təsdiq edib ki, problem lokal xarakterlidir, qaz kəmərinə və ətraf mühitə heç bir təsir göstərməyib.
Serbiya Prezidenti Aleksandr Vuçiç isə Azərbaycan qazının tədarükünün fors-major vəziyyəti ilə əlaqədar dayandırıldığını bildirmişdi. Onun sözlərinə görə, gündəlik 1,7 milyon kubmetr qazın tədarükü müvəqqəti olaraq dayandırılıb. Vuçiç əlavə edib ki, Serbiya bu səbəbdən öz qaz ehtiyatlarından daha fəal şəkildə istifadə etməyə başlayıb. O, tədarükün bir-iki ay ərzində bərpa olunacağına ümid etdiyini bildirib.
“Bizim azərbaycanlı dostlarımızdan aldığımız məlumata görə, Şahdəniz yatağında aradan qaldırıla bilməyən texniki problemlər səbəbindən gündəlik 1,7 milyon kubmetr qaz tədarükü müvəqqəti mümkün deyil. Hələ dəqiq bərpa müddəti barədə əminlik yoxdur,” - deyə Vuçiç qeyd edib. Bununla belə, Serbiya Prezidenti ölkəsinin qış mövsümünü keçirmək üçün kifayət qədər enerji resurslarına malik olduğunu vurğulayıb.
Musavat.com