İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın yeni Prezidenti kim olacaq - Zelenski, yoxsa?.. - İLGİNC ŞƏRH

670 12.01.2025 08:13 Analitika A A

Ukrayna prezidenti Vladimir Zelenski prezident seçkilərində yenidən namizəd olacağını bildirib. Bu barədə Ukraynanın "Telegraf" nəşri məlumat yayıb. Bu il ərzində ölkədə eyni tarixdə prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Artıq siyasi qüvvələr seçkilərlə bağlı hazırlıq işlərinə başlayıb.

Bəs Ukraynanın yeni prezidenti kim ola biləcək?

Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev mövzunu bu cür şərh edib:

"2014-cü il "Maydan" hadisələrindən sonra hakimiyyətə gələn və 2019-cu il seçkilərində Vladimir Zelenski qarşısında məğlub olan keçmiş prezident Petro Poroşenko yenidən hakimiyyətə gəlmək üçün müxtəlif siyasi qüvvələrlə danışıqlara başlayıb.

Son günlər ölkənin fərqli media qurumlarında Poroşenko dövrünü tərifləyən məqalələr yayımlanır. Ölkədə ictimai rəy elə formalaşdırılır ki, əslində Poroşenko prezident olsa, Rusiya ilə müharibə baş verməyəcək və Ukraynanın Qərbə inteqrasiyası üçün mühüm addımlar atılacaqdı. Ehtimal ki, oliqarx siyasətçi bu təbliğata külli miqdarda vəsait xərcləyir. Maraqlı məqam odur ki, "Roshen"nin sahibi indiki prezident Vladimir Zelenskidən çox, keçmiş Baş nazir Yuliya Timoşenkonun üzərinə gedir.

Timoşenkonun son zamanlar fəallığını artırması, bəzi məsələlərlə bağlı konkret plan təqdim etməsi və Qərb ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər həm mövcud hökumət, həm də Poroşenkonun komandası tərəfindən ciddi şəkildə izlənilir. Timoşenko da eyni şəkildə müxtəlif xırda partiyaları öz ətrafına çəkməyə çalışır. Son zamanlar onun rəhbərlik etdiyi Batkivşina Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin "Spravedlyvist" hərəkatının rəhbərliyi ilə görüşlər keçirdiyi bildirilir. Eyni zamanda Timoşenko komandasının Poroşenkonun yaxın müttəfiqi olan Sergey Kaplini də öz tərəfinə çəkmək üçün fəaliyyətə başladığı barədə iddialar var.

Keçmiş prezident və baş nazirin tərəfdarları Kiyev meri Vitali Kliçkonu da öz tərəflərinə çəkməyə çalışsalar da, hər zaman bu cür hadisələrdə ayıq-sayıqlığını qoruyan paytaxt rəhbəri onlarla məsafə saxlayır. Kiyevin müdafiəsinə rəhbərlik edən və ölkə daxilində müharibə dövründə kifayət qədər nüfuzunu artırmış Kliçkonun özünün seçkidə namizəd olması məsələsi də aktualdır. Müxalifətin niyyəti seçkini 2019-cu ildə olduğu kimi ikinci tura çəkməkdir. Həmin zaman müxalifət bunu bacardı, Poroşenko ilk turda üstünlük qazana bilmədi və Vladimir Zelenski ilə ikinci tura qaldı. İkinci turda isə çox asanlıqla məğlub oldu. Zelenskinin ortalığa çıxması xanım Timoşenkonun bütün planlarını alt-üst etmişdi.

Ukraynadakı seçkilərlə bağlı daxildəki qüvvələrlə yanaşı xaricdə də müxtəlif planlar hazırlanır.

Politoloqun fikrincə, ABŞ-da hakimiyyətə gələcək Tramp komandası Zelenskidən çox da razı deyil və onun dəyişdirilməsi məsələsi gündəmə gətirilə bilər:

"Ancaq nəzərə alaq ki, həm Timoşenko, həm də Poroşenko Rusiyaya qarşı sərt mövqedədir, buna görə daha fərqli birinin hakimiyyətə gətirilməsi məsələsi müzakirə mövzusudur.

Son zamanlar ABŞ mediasında Zelenskinin komandasında təmsil olunan şəxslərin müzakirə edilməsi onu göstərir ki, Vaşinqton yeni prezidenti indiki komanda daxilində axtarır. Şübhəsiz ki, ilk ağla gələn, vəzifəsindən istifadə edərək Zelenskiyə üsyan bayrağı açmış və kifayət qədər iddialı olan prezidentin keçmiş müşaviri Aleksey Arestoviçdir. Ancaq Arestoviçin nüfuzu heç də ürək açan deyil. Məsələn, onun bir müddət əvvəl ali məktəblərdə vermək istədiyi mühazirələr tələbə təşkilatlarının boykotu səbəbindən ləğv edilmişdi.

Hazırda keçirilən rəy sorğuları prezident Zelenskinin bütün rəqiblərini üstələdiyini göstərir. İndiki prezident Ukraynanın millətçi dairələrindən və gənclərdən çox yüksək dərəcədə dəstək görür. Rusiya Ukrayna rəhbərliyinə yenidən əvvəlki prezident, Moskvada sığınacaq tapmış Viktor Yanukoviçi gətirmək istəsə də, bu indiki halda mümkün deyil. Moskva düşünürdü ki, seçkilərə qədər əməliyyatı başa çatdırıb Kiyevə çatacaqlar və onların qurduğu rejimin rəhbəri yenidən Yanukoviç olacaq. Ancaq bu baş vermədi".

Zeynal Əmrəliyev onu da qeyd edib ki, hələ ki, hərbi əməliyyatlar davam edir və buna görə seçkinin baş tutma ehtimalı zəifdir.

"Ancaq Qərbin təzyiqi ilə Ukraynada hansısa formada seçki keçirilə bilər. Ölkədə keçirilən rəy sorğuları göstərir ki, indiki halda Zelenskini vəzifəsindən göndərmək çox da asan məsələ deyil", deyə politoloq bildirib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR