İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bəzi ərazilərində evlər bahalaşacaq

797 12.01.2025 00:35 Ölkə A A

Bakının mərkəzə yaxın ərazilərində yerləşən mənzillərin qiyməti və icarə haqqı nəqliyyat xətlərinin əlçatanlığı baxımından xeyli yüksəkdir. Bu səbəbdən bir çox hallarda mənzil sahibləri şəhərin ucqar guşələrində daha münasib qiymətlərə mənzil almağa, yaxud kirayə yaşamağa üstünlük verirlər.

Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda yeni 10 metro stansiyasının tikintisi ilə bağlı göstəriş verməsi, ardınca Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakıda tramvay xətti çəkilə biləcəyi ilə bağlı xəbəri həmin ərazilərdəki mənzillərin qiyməti ilə bağlı sual yaratdı. 

Yeni nəqliyyat xətlərinin çəkilməsi ilə əlaqədar hansı ərazilərdə evlərin qiyməti bahalaşacaq?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı fikirlərini “Operativ Media”ya bildirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc vurğulayıb ki, ev qiymətlərində artım təbiidir:

“İstənilən nəqliyyat növü üçün yeni xətlərin yaradılması infrastrukturun inkişafı deməkdir. Əgər bir ərazidə infrastruktur inkişaf edirsə, bu o deməkdir ki, həmin ərazidə yerləşən obyektlərin və yaşayış binalarının qiymətlərində artım olacaq.

Qeyd etmək lazımdır ki, Bakı şəhərinin baş planı 2040-cı ilə qədər işlənilib və təsdiqlənib. Həmin planın əsas prioritetlərindən biri çoxmərkəzçilik və yeni kompakt alt mərkəzlərin yaradılmasıdır. Yəni əvvəllər İçərişəhər, Sahil, 28 May metro stansiyaları ətrafındakı ərazilər mərkəz hesab olunurdusa, yeni plana əsasən bu mərkəzlərə bərabər alt mərkəzlərin yaradılması nəzərdə tutulur. Bu da şəhərin böyüməsi ilə birbaşa əlaqəlidir”.

Ekspert şəhərin böyüdülməsini paytaxtın regiondakı rolu ilə əlaqələndirib:

“Bakının yaşadığımız ölkə və region üçün əhəmiyyətinin artması, işğaldan azad edilən ərazilərlə əlaqədar ölkəmizə investisiya axını, Azərbaycanın beynəlxalq mərkəz kimi formalaşıb müxtəlif tədbirlərə ev sahibliyi etməsi Bakının inkişafını, infrastrukturunun yenidən qurulmasını zəruri edir. 

Bu zaman əsas prioritetlərdən biri də ictimai nəqliyyatın yenilənməsi və inkişaf etməsidir. Çünki şəxsi avtomobillərin istifadəsi tıxacların davamlı olması probleminə gətirib çıxarır ki, bu məsələnin həlli üçün təkcə yeni alternativ yolların təşkili yox, həm də ictimai nəqliyyatın gücləndirilməsi vacibdir. Bu baxımdan yeni metro xətlərinin çəkilməsi və tramvay xəttinin bərpası ideal addımdır və Bakı sakinlərinin rifahı üçün ən vacib elementlərdən biridir.

Binəqədi, Mehdibad və digər qəsəbələrin, o cümlədən, həm ölkə vətəndaşlarını, həm də xarici qonaqlarımızı cəlb edən, investisiya yatırımı baxımından böyük potensiala sahib “Sea Breeze” ərazisinin də şəhərin mərkəzi ilə əlaqələndirilməsi, daha sürətli nəqliyyatla təmin olunması da olduqca vacibdir.

Lakin qeyd etmək lazımdır ki, bu məsələlər həll olunarsa, sözü gedən ərazilərdə mənzil qiymətlərinin artması qaçınılmazdır. Yəni, bu artım təkcə ucqar ərazilərdəki əmlaklara şamil edilmir, yeni stansiyaların və tramvay xətlərinin yolları üzərindəki bütün ərazilərdə bahalaşma gözləyə bilərik. Çünki insanlar üçün hər hansı bir obyektin, əmlakın əsas xüsusiyyətlərindən biri onun nəqliyyat vasitələrinə və mərkəzə əlçatanlığıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR