Ukrayna Pilotsuz Sistemlər Qüvvələri rəqib donanmasına qarşı zərbələrin coğrafiyasını daha da genişləndirib. Azov dənizindəki əməliyyatlardan sonra Rusiyaya məxsus gəmilər artıq Qara dənizdə də hədəfə alınıb.
Musavat.com xəbər verir ki, Ukrayna mediasının Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdinin "Telegram" kanalındakı paylaşımına istinadən verdiyi məlumata görə, Rusiya donanmasına qarşı dəniz əməliyyatının yeni mərhələsinə start verilib.
Brovdi Azov dənizindəki ilkin mərhələnin artıq başa çatdığını, növbəti hədəfin isə Qara dəniz olduğunu bəyan edib.
"Rusiyanın Azov dənizindəki "kölgə donanması"na məxsus 116 gəmi ilə bağlı dəniz döyüşünün birinci raundu tamamlandı. İndi isə növbə Qara dənizindir. Bu gün üçün hesab 20:0-dır: 17 neft tankeri, 2 qaz daşıyan tanker və 1 yedək gəmisi vurulub. Rəsmi hesabat və video sübutlar daha sonra təqdim olunacaq", - deyə komandan qeyd edib.
Son sutka ərzində Ukrayna qüvvələri tərəfindən vurulan Rusiya gəmilərinin siyahısı:
-
17 neft tankeri;
-
2 qaz daşıyan tanker;
-
1 yedək gəmisi (buqsir).
Xatırladaq ki, bir müddət əvvəl Pilotsuz Sistemlər Qüvvələrinin iyulun 13-də həyata keçirdiyi əməliyyatların da nəticələri açıqlayıb. Həmin döyüşlərdə Ukrayna hərbçiləri 311 Rusiya hərbçisini zərərsizləşdirib və ya yaralayıb, həmçinin rəqibin 15 gəmisini sıradan çıxarıb. Bundan əlavə, eyni gündə Ukrayna hərbçiləri dəniz dronu vasitəsilə Novorossiysk yaxınlığında Rusiya FTX-sinə məxsus "İzumrud" sərhəd keşikçi gəmisini batırıb. Qeyd edək ki, sözügedən gəmi 2018-ci ildə Kerç boğazı yaxınlığında Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı həyata keçirilən hücumda iştirak edib.
Musavat.com






