İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanla Türkiyə İranla bağlı koordinasiyalı hərəkət etmək fikrindədir” - MÜHÜM AÇIQLAMA

1557 14.01.2026 13:32 Son xəbər A A

Yanvarın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Azərbaycan XİN-in məlumatında bildirilir ki, telefon danışığı zamanı Azərbaycan - Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə edilib.

Eyni gündə Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Söhbət zamanı İrandakı son hadisələr müzakirə olunub.

İranda baş verən hadisələr zamanı öldürülənlərin sayı barədə müxtəlif rəqəmlər səslənir. Qətlə yetirilənlərin sayının 2 min nəfərdən 20 min nəfərədək olduğu iddiası var. Eyni zamanda həbs olunanların 20 minə çatdığı bildirilir, yaralananların sayı barədə isə hələlik dəqiq rəqəm açıqlanmı.

Azərbaycan və Türkiyəyə qonşu olan ölkədə baş verənlər təbii ki, narahatlıq doğurur. Eyni zamanda söhbət 40 milyondan artıq türkün yaşadığı ölkədən gedir. Qətlə yetirilən, həbs olunan və yaralananların arasında da türklərin olduğu barədə məlumatlar yayılmaqdadır. Eyni zamanda hakimiyyətin edamlara başlayacağı barədə xəbərlər kifayət qədər narahatlıq yaradır.

Bu mənada Azərbaycan və Türkiyə hansı addımlar ata bilər? İrana qarşı 12 günlük müharibədə Azərbaycan dövləti İsrailə bir neçə dəfə müraciətlə dinc əhalinin həyatına yönəlik təhlükələrdən çəkinməyə çağırış etmişdi. Eyni zamanda Bakı İrana qarşı bombardmanları pisləmişdi.

Ancaq çox təəssüf ki, bu gün İran rejimi öz xalqını, həmçinin dinc azərbaycanlıları qətlə yetirir.

Bu situasiyada Türk Dövlətləri Təşkilatının hansısa təşəbbüsü, toplantısı, çağırışı effektli nəticə verərmi?

Deputat Sahib Alıyevin sözlərinə görə, İranda vəziyyətin hər an nəzarətdən çıxması təhlükəsi var ki, bu, orada indikindən qat-qat artıq qan-qada, humanitar fəlakət və qonşu ölkələr üçün də müxtəlif xarakterli təhdidlər deməkdir:

“İranla quru sərhədi olan ölkələrin sayı altıdır ki, onun da üçü türk dövlətidir. Ən uzun sərhəd - 1148 km - də türk dövləti ilə - Türkmənistanladır. Ona görə də türk dövlətlərinin ən azından diplomatik kanallar vasitəsilə yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparmalarına ehtiyac var və fikrimcə, belə məsləhətləşmələr aparılır da”.

SAHİB ALIYEV.jpg (64 KB)

Azərbaycanla Türkiyəyə gəldikdə, Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqları səbəbsiz deyil:

“Birincisi, bu onu göstərir ki, İranda vəziyyət orada baş verənlərə qonşularının seyrçi qalmalarını mümkünsüz edəcək dərəcədə ciddidir. İkincisi, həm sərhədlərimizin, həm də oradakı soydaşlarımızın təhlükəsizliklərinin təmini baxımından Azərbaycanla Türkiyə sinxron və koordinasiyalı hərəkət etmək fikrindədir.

Məndə bəzi dövlətlərin İranda vəziyyətin məhz nəzarətdən çıxmasına çalışdığı təəssüratı getdikcə güclənir. Bu isə onların hədəfində sadəcə İran və oradakı rejim olmadığı düşüncəsinə yol açır”.

Milli Məclis üzvü hesab edir ki, qonşu ölkədə indikindən də güclü və qanlı sosial partlayışlar qaçılmazdır, biz buna hazır olmalıyıq:

“Həm İrandakı soydaşlarımızın, həm də sərhədlərimizin təhlükəsizliyi məsələsi indi son dərəcə aktualdır. Fikrimcə, Azərbaycanla Türkiyənin xarici işlər nazirləri arasında dünənki telefon danışığında üzərində dayanılan məsələlərdən biri, bəlkə də birincisi bu olub. Danışıqlar haqda rəsmi açıqlamada regional təhlükəsizlik məsələsində “iki qardaş ölkənin koordinasiyalı hərəkət”indən söhbət gedir ki, indi bu, məncə, ikinci Qarabağ savaşı dönəmindəkindən də önəmlidir”.

Sahib Alıyevin fikrincə, İranda hazırda vəziyyət “nə yuxarıların əvvəlki kimi idarə edə biləcəyi, nə də aşağıların əvvəlki kimi idarə olunmaq istədiyi” haldadır:

“Yəni sistem xarakterli böhrandan söhbət gedir. Bundan daha az qan tökməklə çıxış yolu var, amma rejim ona, yəni sistem xarakterli islahatlara heç də hazır görünmür. Təkcə ona görə yox ki, istəmir. İstəyə bilmir. Oradakı idarəçilik sistemində bunun baş verməsi üçün riyazi dillə desək, asimptotik paralellər heç olmasa eyni istiqamətli olmalıdır. Amma İranda bu, belə deyil. Oradakı paralel idarəçiliyin ən güclü qolu ölkəni orta əsrlərə çəkir, digəri isə 21-ci əsrə doğru irəliləməyə cəhd edir”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR