İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın strateji əhəmiyyəti artır - Şuşada verilən MÜHÜM mesajlar

246 14.07.2026 15:27 Region A A

“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal informasiya və siyasi dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi, dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatların bu platformaya artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinin və ölkəmizə olan etimadın bariz göstəricisidir”.

Musavat.com xəbər verir ki, bu sözləri deputat Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Şuşada belə mötəbər tədbirin keçirilməsi xüsusi siyasi və simvolik məna daşıyır: “Vaxtilə işğalın və dağıntının simvolu olan bu şəhərin bu gün beynəlxalq media nümayəndələrinin, ekspertlərin və ictimai rəy formalaşdıran şəxslərin toplandığı qlobal müzakirə məkanına çevrilməsi Azərbaycanın əldə etdiyi tarixi zəfərin təkcə hərbi deyil, eyni zamanda, diplomatik, siyasi və informasiya müstəvisində də möhkəmləndiyini nümayiş etdirir. Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq auditoriyaya birbaşa nümayiş etdirilməsi ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Tural Gəncəliyev: Separatçı ünsürlər ya Azərbaycan vətəndaşlığına keçməli,  ya da Qarabağı tərk etməlidirlər - AZƏRTAC

Deputatın fikrincə, dövlət başçısının çıxışında Azərbaycanın tranzit və logistika mərkəzi kimi artan roluna xüsusi diqqət yetirilməsi də təsadüfi deyil: “Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Bu uğurun əsasında yalnız müasir infrastrukturun yaradılması deyil, həm də qonşu dövlətlərlə qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan xarici siyasət dayanır. Məhz balanslaşdırılmış diplomatiya Azərbaycanın beynəlxalq nəqliyyat və enerji layihələrində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib”.

T.Gəncəliyev qeyd edib ki, prezidentin Türkiyə-Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirlər isə müttəfiqliyin region üçün strateji əhəmiyyətini bir daha ön plana çıxardı: “İki qardaş ölkə arasında münasibətlər ortaq tarix, milli-mənəvi dəyərlər və qarşılıqlı etimada əsaslanmaqla yanaşı, bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində real strateji tərəfdaşlıq modeli kimi çıxış edir. Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən müttəfiqlik münasibətləri regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir”.

Deputatın sözlərinə görə, prezidentin Avropa institutları və ABŞ-la münasibətlərə dair səsləndirdiyi fikirlər isə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini və dəyişən beynəlxalq reallıqlara yanaşmasını əks etdirir: “Çıxışda diqqət çəkən məqamlardan biri əvvəlki Avropa Komissiyasının fəaliyyəti dövründə Azərbaycana qarşı formalaşdırılmış qərəzli münasibətin səbəblərinin açıq şəkildə ortaya qoyulması idi. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun açıqlamalarına istinad olunması anti-Azərbaycan kampaniyasının təsadüfi deyil, müəyyən maraq dairələrinin təsiri altında həyata keçirildiyi barədə mövqeni daha da əsaslandırır. Bunun fonunda yeni Avropa Komissiyası ilə münasibətlərdə müşahidə olunan müsbət dinamika xüsusi önəm daşıyır. Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfərləri və siyasi dialoqun intensivləşməsi tərəflərin əməkdaşlığı qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini bir daha təsdiqləyir. Çıxışın digər mühüm istiqaməti Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibəti ilə bağlı idi. Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ölkəmizin suverenliyini tam bərpa etməsindən sonra qəbul edilmiş siyasi qərar kimi qiymətləndirildi və bunun hüquqi əsaslardan deyil, ikili standartlardan qaynaqlandığı diqqətə çatdırıldı. Bu kontekstdə Azərbaycanın mövqeyi aydındır: beynəlxalq təşkilatlarla əməkdaşlıq yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında mümkündür. ABŞ Konqresinin 907-ci düzəlişinə toxunulması da dəyişən geosiyasi şərait fonunda köhnəlmiş siyasi yanaşmaların artıq reallığı əks etdirmədiyini göstərir. Bu gün Azərbaycan regionda sülh gündəliyini dəstəkləyən, nəqliyyat və enerji təhlükəsizliyinə mühüm töhfələr verən dövlət kimi çıxış edir. Belə bir şəraitdə vaxtilə qəbul olunmuş məhdudiyyətlərin saxlanılması nə siyasi, nə də praktiki baxımdan əsaslandırılmış hesab edilə bilməz. Ümumilikdə, prezident İlham Əliyevin çıxışı Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan xarici siyasət kursunun ardıcıl şəkildə davam etdirildiyini göstərən mühüm siyasi mesajlarla yadda qaldı”.

T.Gəncəliyev həmçinin onu da vurğulayıb ki, prezidentin çıxışı Azərbaycanın dəyişən geosiyasi şəraitdə artan beynəlxalq rolunu və müstəqil xarici siyasət kursunu əks etdirir: “Çıxışda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, siyasi dialoqun genişlənməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı ölkələr arasında qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirildi. Prezident Azərbaycanın artıq regional çərçivəni aşaraq beynəlxalq proseslərə təsir göstərən dövlətə çevrildiyini qeyd edərək, ölkənin "orta güc" kimi qiymətləndirilməsinin milli maraqları qətiyyətlə müdafiə etmək, regional sabitliyə töhfə vermək və müstəqil qərarlar qəbul etmək bacarığı ilə bağlı olduğunu diqqətə çatdırdı.

Çıxışda Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfə, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal fəaliyyəti də xüsusi vurğulandı. Bununla yanaşı, enerji sahəsində həyata keçirilən strategiyanın Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da gücləndirdiyi, yeni ixrac bazarlarının açılması və bərpaolunan enerji layihələrinin bu istiqamətdə əlavə imkanlar yaratdığı qeyd olundu.

Prezident İlham Əliyev, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirdi. Ümumilikdə, çıxış Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və qlobal proseslərdə fəal iştirakçı kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirdi”.

Deputat sonda onu da qeyd edib ki, prezidentin irəli sürdüyü fikirlər Azərbaycanın inkişaf strategiyasında rəqəmsal transformasiya, süni intellekt və enerji təhlükəsizliyinin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirdi: “Bu sahələr üzrə institusional islahatların həyata keçirilməsi və bərpaolunan enerji layihələrinin genişləndirilməsi ölkənin iqtisadi dayanıqlığını gücləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlar üçün də Azərbaycanın strateji əhəmiyyətini artırır. Müasir dövrdə texnologiya və enerji sahəsində rəqabətin artdığı bir şəraitdə bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf məqsədlərinə uyğun və uzaqgörən siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Çıxışın mühüm istiqamətlərindən biri təhlükəsizlik məsələlərinə həsr olundu. Prezident İlham Əliyev mürəkkəb geosiyasi mühitdə müdafiə potensialının gücləndirilməsini, milli maraqların qorunmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini əsas prioritetlər kimi təqdim etdi. Bu yanaşma onu göstərir ki, Azərbaycan dəyişən regional və qlobal proseslər fonunda təhlükəsizlik siyasətini yalnız hərbi amillərlə deyil, diplomatik və siyasi əməkdaşlıq mexanizmləri ilə də möhkəmləndirməyə çalışır.

Sülh məsələsinə münasibətdə beynəlxalq hüququn əsas prinsip kimi önə çəkilməsi Azərbaycanın uzun illər müdafiə etdiyi mövqenin davamı kimi diqqət çəkir. Ərazi bütövlüyünün bərpasından sonra hərbi əməliyyatların dayandırılması məsuliyyətli dövlət davranışı kimi təqdim olunarkən, bu yanaşma regionda davamlı sabitliyin yalnız beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət əsasında mümkün olduğu fikrini daha da gücləndirir. Bu, eyni zamanda Azərbaycanın postmünaqişə dövründə sülh gündəliyinə sadiqliyini nümayiş etdirən mühüm siyasi mesajdır. Çıxışda insan hüquqları və müstəmləkəçilik məsələlərinə dair fikirlər də diqqət çəkən məqamlardan oldu. Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin beynəlxalq müstəvidə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsinə xidmət etdiyi qeyd olunarkən, bu mövzuya selektiv yanaşmalar və ikili standartlar tənqid edildi. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə vahid hüquqi meyarların tətbiqini müdafiə edən mövqeyini bir daha nümayiş etdirir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR