Vəziyyətdən çıxış yolu qalırmı?
“Azərbaycanla Avropa Şurası arasında münasibətlərin daha da pisləşməsi səhv olardı və bunun nəticələri təkcə Bakı və Strasburqa deyil, həm də bütün regiona təsir göstərərdi”. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı son qətnaməyə açıq şəkildə qarşı çıxan ukraynalı deputat Aleksey Qonçarenko Minval.az-a müsahibəsində belə deyib.
Azərbaycanla bağlı son qətnamənin qəbul edilməsini şərh edən Qonçarenko qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının qərarlarının geosiyasi təsirlərini tamamilə görməzdən gəldiyini iddia etməyəcək. Lakin onun fikrincə, bu cür addımların məntiqi ciddi suallar doğurur.
“AŞ PA-nın geosiyasi təsirləri görməzdən gəldiyini deməzdim. Lakin ölkəni təşkilatdan uzaqlaşdıran qərarların qəbul edilməsi insan haqları aləti deyil. Avropa Şurası birtərəfli mühakimələr üçün platforma deyil, dialoq məkanı olmalıdır”, - deyə o bildirib.
Ali Rada üzvünün sözlərinə görə, Avropa qurumları təkcə siyasi fikir ayrılıqlarını deyil, həm də hərəkətlərinin uzunmüddətli nəticələrini nəzərə almalıdırlar. Onun fikrincə, tarix dəfələrlə sübut edib ki, dövlətlərin ümumavropa proseslərində iştirakını qorumaq təcrid siyasətindən daha çox nəticə verir.
Bakı ilə Avropa Şurası arasındakı münasibətlərin perspektivlərindən danışan Qonçarenko vurğulayıb ki, Azərbaycan son dərəcə mürəkkəb geosiyasi mühitdə yerləşir və bu da onun Avropa ilə əlaqələrini xüsusilə vacib edir. Avropanın özünün Azərbaycanla münasibətlərdə etimadı bərpa etmək üçün nələri dəyişdirməli olduğu ilə bağlı suala cavab olaraq Qonçarenko bildirib ki, gələcək əməkdaşlıq praqmatizm, qarşılıqlı hörmət və hətta ən çətin məsələlərdə belə açıq dialoqa hazırlıq prinsipləri üzərində qurulmalıdır.
Onun fikrincə, bu yanaşma həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına uyğundur: “Əminəm ki, Avropa ilə Azərbaycan arasındakı münasibətlərin gələcəyi praqmatik əməkdaşlıq, hörmət və açıq dialoq üzərində qurulmalıdır. Bu, hər iki tərəfin maraqlarına uyğundur”.
Sonda ukraynalı parlamentari deyib ki, bu gün Avropa Şurası Azərbaycanı uzaqlaşdırmaqda deyil, ümumavropa qurumları daxilində mövcudluğunu qorumaqda maraqlı olmalıdır: “Buna görə də Avropa Şurası, xüsusən də indi, Azərbaycanın təşkilat daxilində qalması üçün əlindən gələni etməlidir”.
Bəs Strasburq və Azərbaycan qırılma nöqtəsindən yayınmaq üçün hansı qarşılıqlı güzəştlərə gedə bilərlər?

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı müzakirələrin davam etdiyi bir vaxtda ukraynalı deputat Aleksey Qonçarenko tərəfindən səsləndirilən fikirlər diqqət çəkir və bu fikirlər kifayət qədər obyektik fikirlərdir: “Onun vurğuladığı əsas məqam ondan ibarətdir ki, Azərbaycanla Avropa Şurası arasında münasibətlərin tam qırılması nə təşkilatın, nə də regionun maraqlarına uyğundur. Öncə qeyd edim ki, Azərbaycan və Avropa Şurası arasında yaranmış gərginliyin səbəbkarı AŞ PA-nın qərəzli mövqeyi, ikili standartlarla yanaşmasıdır. Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin gərginliyi, qırılması Azərbaycandan çox Avropanın və regionun zərərinədir. Hazırkı mərhələdə ən real çıxış yolu AŞ PA-nın Azərbaycana qərəzli mövqeyindən əl çəkməsi, qarşılıqlı siyasi dialoqun bərpası və etimadın tədricən yenidən formalaşdırılmasıdır. AŞ PA-nın yanlış addımları nəticəsində Azərbaycan cəmiyyətində bu quruma etimad sarsılıb. Azərbaycanın əsas gözləntilərindən biri təşkilat daxilində ikili standartların aradan qaldırılması, ölkəyə münasibətdə daha balanslı və obyektiv yanaşmanın nümayiş etdirilməsidir. Biz hesab edirik ki, təşkilat üzv dövlətlərə eyni meyarlarla yanaşmalıdır və siyasi qərarlar geosiyasi maraqların təsiri altında qəbul edilməməlidir. Digər tərəfdən, Avropa Şurası insan hüquqları, hüququn aliliyi və demokratik institutlarla bağlı narahatlıqları varsa belə, bunu dialoq yolu ilə gündəmdə saxlamalıdır, hansısa qərəzli sənədlər, qətnamələr qəbul etməklə yox. Bunun üçün qarşıdurma deyil, institusional əməkdaşlıq daha səmərəli mexanizm hesab olunur".
Ekspertin fikrincə, əgər belə olarsa mümkün kompromis variantı ondan ibarət ola bilər ki, tərəflər qarşılıqlı ittihamların intensivliyini azaltsın, yüksək səviyyəli siyasi təmasları bərpa etsin və texniki əməkdaşlıq formatlarını genişləndirsin. Bu, həm etimad mühitinin yaranmasına, həm də fikir ayrılıqlarının daha konstruktiv platformalarda müzakirəsinə imkan verər: “Strasburqun nəzərə almalı olduğu mühüm amil Azərbaycanın Cənubi Qafqazın əsas siyasi və iqtisadi aktorlarından biri olmasıdır. Regionda enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və postmünaqişə dövründə sülh prosesləri baxımından Azərbaycanın iştirakı olmadan Avropa üçün bir sıra strateji layihələrin həyata keçirilməsi çətinləşə bilər. Eyni zamanda, Azərbaycanın da Avropa institutları ilə dialoqu davam etdirməsi hüquqi əməkdaşlıq və siyasi kommunikasiya baxımından faydalıdır. Bu səbəbdən münasibətlərin tam qırılması deyil, fikir ayrılıqlarının dialoq və qarşılıqlı kompromis vasitəsilə idarə olunması daha rasional ssenari kimi görünür. Xüsusilə Avropa Şurası maksimalist mövqedən uzaqlaşarsa, münasibətlərin normallaşması üçün imkanlar hələ tükənməyib”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






