ABŞ-də aparılan yeni araşdırma romantik münasibətlərdə davamlı ayrılıb-barışma dövrünün insanın həm psixoloji, həm də fiziki vəziyyətinə ciddi zərbə vurduğunu ortaya qoyub.
Musavat.com xəbər verir ki, Texas Universitetinin Ostin kampusunun alimləri “tsiklik romantik münasibətlər”in orqanizmə təsirini araşdırıblar.
Tədqiqat çərçivəsində 383 nəfər arasında sorğu keçirilib. Respondentlərin 34 faizi qeyri-sabit, yəni tez-tez ayrılıb yenidən birləşən münasibətlərdə olduqlarını bildirib.
Araşdırma göstərib ki, belə münasibətlərdə olan insanlar daha çox mənfi emosional təcrübələr yaşayırlar. Onlar əsasən tənhalıq hissi, artan əsəbilik və narahatlıqdan şikayət ediblər.
Bununla yanaşı, iştirakçılar arasında tez-tez baş ağrıları, mədə-bağırsaq sistemi ilə bağlı problemlər və immunitetin zəifləməsi kimi hallar da qeydə alınıb.
Alimlər xüsusilə vurğulayıblar ki, ayrılıq və yenidən barışma dövrləri nə qədər çox təkrarlanırsa, stress səviyyəsi də bir o qədər yüksəlir və bu, orqanizmə daha ağır təsir göstərir.
Psixoloqlar münasibəti qorumaq istəyən cütlüklərə problemin kökünə enməyi tövsiyə edirlər.
Musavat.com






