SpaceX şirkətinin Aya və Marsa insan daşımaq üçün yaratdığı dünyanın ən böyük raketi olan Starship kosmik gəmisi 13-cü orbital sınaq uçuşuna qalxıb.
Musavat.com xəbər verir ki, Super Heavy V-3 buraxılış vasitəsi ilə işləyən gəminin buraxılışı canlı yayımlanıb.
Buruluş ötən gecə SpaceX-in Texasın cənub-şərqindəki Boka Çikadakı Starbase buraxılış meydançasından baş tutub.
Təxminən bir saat davam edəcək Yer kürəsinin ətrafında bir dövrədən sonra kosmik gəminin orbitdən çıxaraq Hind okeanında yumşaq bir eniş etməsi gözlənilir. Uçuş zamanı Starship 20 Starlink internet peykini orbitə yerləşdirəcək. Təkrar istifadə edilə bilən Super Heavy raket daşıyıcısına gəldikdə isə onun uçuşdan təxminən səkkiz dəqiqə sonra Amerika Körfəzində (Meksika) enməsi planlaşdırılır.
İki elementdən - Starship kosmik gəmisi (yuxarı mərtəbə) və Super Heavy raket daşıyıcısından ibarət olan Starship təkrar istifadə edilə bilən raket sistemi 120 metrdən çox hündürlükdədir ki, bu da indiyə qədər istehsal olunmuş digər raketlərdən daha hündürdür. Super Heavy raket daşıyıcısı NASA tərəfindən insanlı Ay missiyaları üçün hazırlanmış ağır qaldırıcı raket olan Kosmik Buraxılış Sistemindən (SLS) iki dəfə güclüdür.
Raket artıq 12 dəfə orbital sınaq uçuşları ilə buraxılıb ki, bunlardan yeddisi uğurlu olub. Ən son uğurlu buraxılış may ayında başa çatıb. SpaceX-in qurucusu İlon Musk bu il Starship-i insan uçuşları üçün sertifikatlaşdırmağı planlaşdırır.
Musavat.com






