İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI

254 25.07.2026 15:05 Ölkə A A

Azərbaycanda son günlər müşahidə olunan kəskin istilər vətəndaşları narahat edir. Mütəxəssislər bildirir ki, belə kəskin hava dəyişiklikləri xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, ürək-damar və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün həyati risk yarada bilər. İsti hava fonunda günvurma, istivurma, susuzlaşma, arterial təzyiqin dəyişməsi, infarkt və insult riskinin artması da həkimlərin diqqət çəkdiyi əsas məsələlərdəndir.

Bəs bu isti hava dalğası insan sağlamlığına hansı təhlükələri yaradır? Kimlər daha çox risk altındadır? Günün hansı saatlarında çölə çıxmaq təhlükəlidir və belə havada orqanizmi necə qorumaq lazımdır? İstivurma ilə günvurmanın fərqi nədir və onların ilk əlamətləri hansılardır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb. Professor qeyd edib ki, günvurma və istivurma halları mahiyyət etibarilə orqanizmin termorequlyasiya, yəni istilik tənzimləmə mexanizmlərinin pozulması nəticəsində yaranır:

"Günvurma zamanı əsas fərq ondan ibarətdir ki, bu hal yalnız yüksək temperaturun təsiri ilə deyil, eyni zamanda Günəşin ultrabənövşəyi şüalarının birbaşa baş nahiyəsinə təsiri nəticəsində baş verir. Yəni burada təkcə istilik amili deyil, ultrabənövşəyi şüalar da mühüm rol oynayır. Nəticədə dəri yanıqları, başgicəllənmə və digər əlavə fəsadlar meydana çıxa bilər.

Əslində isə orqanizmin yüksək atmosfer temperaturuna qarşı özünü qorumaq üçün müəyyən kompensator mexanizmləri mövcuddur. Bunlara dəridə qan damarlarının genişlənməsi, nəfəsalma zamanı su buxarı vasitəsilə istiliyin xaric olunması, eləcə də tərləmə yolu ilə bədənin soyudulması daxildir. Lakin bu müdafiə mexanizmləri sonsuz deyil və uzun müddət fasiləsiz fəaliyyət göstərə bilmir. Müəyyən vaxtdan sonra onlar tükənir və nəticədə orqanizmin daxili temperaturu sürətlə yüksəlməyə başlayır.

Daxili temperaturun artması çox qısa müddət ərzində 42–45 dərəcəyə qədər yüksələ bilər. Bu isə orqanizmdə zülalların denaturasiyasına, yəni strukturunun pozulmasına səbəb olur və mikrosirkulyasiya ciddi şəkildə pisləşir. Bildiyimiz kimi, oksigen toxumalara xırda kapillyarlar vasitəsilə çatdırılır. Mikrosirkulyasiya pozulduqda isə, ilk növbədə, beyin oksigen çatışmazlığı – hipoksiya ilə üzləşir. Nəticədə arterial təzyiq aşağı düşür, insanın başı gicəllənir, huşu bulanır və ya tam itə bilər, dərini soyuq tər basır. Məhz bunlar istivurma və günvurmanın ilk xəbərdaredici əlamətləridir".

Adil Qeybulla bildirib ki belə vəziyyətlə qarşılaşdıqda ilk yardım çox vacibdir:

"Zərərçəkən dərhal günəş şüalarının altından çıxarılaraq sərin və kölgəli yerə aparılmalıdır. Alnına yaş dəsmal qoyulmalı, bədəni yaş dəsmalla silinərək tədricən soyudulmalıdır. Əgər şəxsin huşu özündədirsə, ona sərin su verilməlidir. Lakin su çox soyuq və ya birbaşa soyuducudan çıxarılmış vəziyyətdə olmamalıdır. Çünki kəskin soyutma əlavə problemlər yarada bilər. Bundan sonrakı müalicə və müşahidə isə mütləq həkim nəzarəti altında aparılmalıdır.

Ümumilikdə isə, bu cür hallar qlobal istiləşmənin insan sağlamlığına təsirinin daha aydın nümunələrindən biridir. Hazırda Yer kürəsində istilik tənzimləmə balansı getdikcə pozulur. Əgər bu proses davam edər və planetin orta temperaturu 2–3 dərəcə də artsa, buzlaqların sürətlə əriməsi, okean və dənizlərdə buxarlanmanın artması, intensiv yağıntılar və digər ekstremal hava hadisələri Yer kürəsinin relyefini və biosenozunu ciddi şəkildə dəyişdirə bilər. Bütün bunlar planetdə həyat üçün böyük risklər və çoxsaylı problemlər yaradacaq. Məhz buna görə də hesab edirəm ki, biz indidən planetimizi qorumaq, ətraf mühiti mühafizə etmək və qlobal istiləşmənin qarşısını almaq üçün daha məsuliyyətli davranmalı, gələcək nəsillər naminə bu istiqamətdə ciddi addımlar atmalıyıq".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR