Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan informasiya kampaniyaları hərbi müstəvidə əldə olunan qələbədən sonra da dayanmayıb.
Son illər anti-Azərbaycan şəbəkələri artıq təkcə xarici siyasətçilər və erməni diaspor təşkilatları vasitəsilə deyil, özünü "hüquq müdafiəçisi" və ya "müstəqil jurnalist" kimi təqdim edən şəxslər üzərindən də fəaliyyət göstərirlər. Bu baxımdan Emin Hüseynovun son layihəsi təkcə siyasi mövqenin deyil, həm də mənəvi seçimin göstəricisi kimi qiymətləndirilə bilər.
Bir vaxtlar İsveçrənin Bakıdakı səfirliyində gizlənərək ölkədən qadın paltarında çıxması ilə gündəmə gələn Emin Hüseynov bu dəfə erməni siyasi fəalları ilə ortaq platforma yaradaraq yenidən diqqət mərkəzinə düşüb. O, daşnak baxışları ilə tanınan Ovsep Xurşudyanla birlikdə layihəyə başlayıb və ilk qonaq kimi Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu illərlə inkar etmiş David Stepanyanı dəvət edib.
Bu seçim təsadüfi görünmür. Əksinə, layihənin ilk buraxılışından aydın olur ki, məqsəd fərqli baxışların müzakirəsi deyil, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa hesablanmış eyni tezislərin təkrarlanmasıdır.
Veriliş boyu Emin Hüseynov Azərbaycanda demokratiyanın olmadığını iddia edir, əvəzində Ermənistanı "demokratik nümunə" kimi təqdim etməyə çalışır. Halbuki son illər Ermənistanda baş verən hadisələr bu mənzərənin tam əksini göstərir. Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə müxalifət nümayəndələrinin saxlanılması, etiraz aksiyalarının dağıdılması, xüsusilə 2024 və 2025-ci illərdə "Müqəddəs mübarizə" hərəkatının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın və onun tərəfdarlarının həbsi, çoxsaylı müxalif siyasətçilərin cinayət təqibinə məruz qalması beynəlxalq media və insan hüquqları təşkilatlarının hesabatlarında da yer alıb.
Ermənistan hakimiyyətinin daxili siyasi opponentlərə qarşı sərt davranışı fonunda bu ölkəni "azad demokratiya nümunəsi" kimi təqdim etmək obyektiv qiymətləndirmədən daha çox siyasi sifariş təəssüratı yaradır.

Verilişdə David Stepanyan Qərbi Azərbaycan məsələsini də hədəfə alaraq bunun guya sülh prosesinə zidd olduğunu iddia edir. Maraqlıdır ki, eyni şəxs Ermənistanda hələ də fəaliyyət göstərən revanşist qrupların anti-Azərbaycan aksiyalarını, xəritələrdə Azərbaycanın ərazilərinə qarşı iddiaların nümayiş etdirilməsini və separatçı simvolların açıq şəkildə istifadə edilməsini görməzdən gəlir.
Ən diqqətçəkən məqamlardan biri isə odur ki, revanşist meyllərin mövcudluğunu dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyan özü də etiraf edib.
O, çıxışlarında Ermənistan cəmiyyətində revanşizm ideyalarının təhlükəli olduğunu bildirib. Lakin bu faktlar nə David Stepanyanı, nə də ona etiraz etməyən Emin Hüseynovu maraqlandırır.
Verilişdə Qarabağdakı erməni kilsələrinin sökülməsi barədə də manipulyativ iddialar səsləndirilir. Halbuki məsələ beynəlxalq hüquq baxımından tamamilə fərqlidir. 1949-cu il Cenevrə Konvensiyaları və 1907-ci il Haaqa Konvensiyasının müddəalarına əsasən, işğalçı dövlət işğal etdiyi ərazilərdə qanunsuz tikinti aparmaq, demoqrafik vəziyyəti dəyişdirmək və işğalı möhkəmləndirən infrastruktur yaratmaq hüququna malik deyil. Azərbaycanın razılığı olmadan işğal dövründə inşa edilən obyektlərin hüquqi statusu mübahisəlidir və onların sökülməsi suveren dövlətin daxili səlahiyyətlərinə daxildir.
Əslində isə Emin Hüseynov və onun həmsöhbətləri əsas mövzunu bilərəkdən kölgədə saxlayırlar. Çünki onlar Qarabağ və ətraf rayonlarda dağıdılmış 60-dan çox məsciddən, viran qoyulmuş yüzlərlə qəbiristanlıqdan, talan edilmiş muzeylərdən, məhv edilmiş tarixi abidələrdən, yandırılmış yaşayış məntəqələrindən danışmırlar. İşğal dövründə Ağdamın "Qafqazın Xirosiması" adlandırılması, Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonların tamamilə dağıdılması faktları beynəlxalq jurnalistlərin və müxtəlif xarici nümayəndə heyətlərinin hesabatlarında dəfələrlə öz əksini tapıb.

UNESCO missiyasının bölgəyə səfəri, Azərbaycanın azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa proqramı həyata keçirməsi, tarixi məscidlərin və mədəni irs nümunələrinin bərpasına milyonlarla vəsait ayırması isə bu cür verilişlərdə ümumiyyətlə, yada salınmır.
Ən düşündürücü məqam isə Emin Hüseynovun susqunluğudur. O, David Stepanyanın Azərbaycanın ünvanına səsləndirdiyi iddiaların heç birinə etiraz etmir. Əksinə, sualları və reaksiyaları ilə həmin ittihamların daha da gücləndirilməsinə şərait yaradır. Halbuki jurnalistikanın əsas prinsipi birtərəfli ittiham platforması yaratmaq deyil, faktların balanslı təqdimatıdır.

Bu, ilk belə hal da deyil. 44 günlük Vətən müharibəsindən əvvəl də Emin Hüseynovun çıxışlarında Ermənistanın maraqlarına uyğun tezislər səsləndirdiyi, Azərbaycanın mövqeyini zəiflədən ritorikadan istifadə etdiyi dəfələrlə müzakirə olunub. Son layihə isə artıq təsadüfi epizod deyil, ardıcıl siyasi xətt təsiri bağışlayır.
Fikir plüralizmi və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Lakin milli maraqlara qarşı yönəlmiş dezinformasiya kampaniyasında iştirak etmək, işğal faktını inkar edən şəxslərlə eyni platformada Azərbaycanın əleyhinə formalaşdırılmış narrativləri gücləndirmək artıq fərqli fikir deyil. Bu, informasiya müharibəsində qarşı tərəfin arqumentlərini legitimləşdirmək deməkdir.
Emin Hüseynovun son layihəsi jurnalistika nümunəsi deyil. Burada açıq debat, alternativ mövqe və ya obyektiv araşdırma yoxdur. Burada əvvəlcədən bölüşdürülmüş rollar var: biri Azərbaycanı ittiham edir, digəri həmin ittihamları dəstəkləyir, aparıcı isə buna şərait yaradır. Məhz buna görə də bu layihə peşəkar media fəaliyyəti kimi deyil, Azərbaycanın əleyhinə aparılan informasiya kampaniyasının növbəti halqası kimi qiymətləndirilə bilər. Tarixin və beynəlxalq hüququn təsdiqlədiyi işğal faktlarını görməzlikdən gəlib erməni təbliğatının arqumentlərini təkrarlamaq isə nə söz azadlığıdır, nə də jurnalistika – bu, Azərbaycanın milli maraqlarına qarşı nümayiş etdirilən açıq siyasi mövqedir.
Əli Rais,
Musavat.com






