Avropa–ABŞ münasibətlərində gərginlik yeni mərhələyə qədəm qoyur.
Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron ABŞ prezidenti Donald Trumpın Avropaya qarşı tarif təhdidlərinə sərt və açıq mövqe ilə cavab verib.
Makron bildirib ki, istər Ukrayna məsələsində, istər Qrenlandiya ətrafında yaranan gərginlikdə, istərsə də dünyanın istənilən nöqtəsində Avropaya qarşı hədə-qorxu dili işləməyəcək. Onun sözlərinə görə, tarif təhdidləri qəbuledilməzdir və bu cür yanaşma ilə sağlam müzakirə mühiti mümkün deyil.
Fransa lideri vurğulayıb ki, əgər ABŞ tərəfindən bu təhdidlər reallaşdırılarsa, Avropa ölkələri vahid və əlaqələndirilmiş şəkildə cavab verəcək. “Avropa suverenliyinin qorunmasını təmin edəcəyik”, – deyə Makron qeyd edib və bu mövqenin Avropa tərəfdaşları ilə təcili şəkildə razılaşdırılacağını bildirib.
Tramp hakimiyyətinin tarifləri mərhələli şəkildə 25 faizə qədər artırması transatlantik ticarət münasibətlərində ciddi qarşıdurma yarada bilər. Xüsusilə sənaye, avtomobil, kimya və enerji sektorlarının risk altında olduğu qeyd olunur. Brüsseldə artıq ABŞ-a qarşı vahid cavab paketi üzərində işlərin başladığına dair siqnallar verilir.
Musavat.com






