Bir çox insan ağız boşluğunda yaranan yaraları müvəqqəti problem hesab edərək onlara əhəmiyyət vermir. Lakin bəzi hallarda bu əlamət orqanizmdə daha ciddi dəyişikliklərin göstəricisi ola bilər.
Ağız boşluğundakı yaraların əksəriyyəti sağlamlıq üçün təhlükə yaratmır və bir-iki həftə ərzində öz-özünə sağalır. Ancaq yara sağalmırsa, qanayırsa və ya mütəmadi olaraq eyni nahiyədə yenidən əmələ gəlirsə, bu, əlavə müayinəyə ehtiyac yarada bilər.
Xorvatiyanın Dentum klinikasının çənə-üz cərrahı Andrey Bojiç bildirib ki, bu cür dəyişikliklər çox vaxt stress, selikli qişanın qıcıqlanması və ya yanağın təsadüfən dişlənməsi nəticəsində yaransa da, bəzi hallarda ağız boşluğu və ya boğaz xərçənginin erkən mərhələləri ilə əlaqəli ola bilər. Mütəxəssis qeyd edib ki, bu xəstəliklərin yaranma riski siqaret çəkənlərdə, müntəzəm olaraq alkoqol qəbul edənlərdə, həmçinin insan papilloma virusuna (HPV) yoluxmuş şəxslərdə daha yüksəkdir.
Ağız Sağlamlığı Fondunun məlumatına görə, Böyük Britaniyada son 20 ildə ağız boşluğu xərçəngi hallarının sayı iki dəfə artıb. Həmçinin HPV ilə əlaqəli boğaz xərçənginin yayılması, xüsusilə kişilər arasında sürətlə artır. Əsas problemlərdən biri odur ki, xəstəlik erkən mərhələlərdə demək olar ki, heç bir əlamət verməyə bilər. İnsan ağrı və ya digər ciddi simptomlar hiss etmədiyindən həkimə müraciəti gecikdirir və problemin öz-özünə keçəcəyini düşünür.
Bojiçin sözlərinə görə, profilaktik müayinələr zamanı stomatoloqlar əlavə yoxlama tələb edən dəyişiklikləri aşkar edə bilərlər. Buraya uzun müddət sağalmayan yaralar, selikli qişada yaranan ağ və ya qırmızı ləkələr, eləcə də ağız boşluğunda toxumaların qalınlaşması daxildir.
Mütəxəssis aşağıdakı hallarda həkimə müraciət etməyi tövsiyə edir:
Yara iki həftədən artıq müddətdə sağalmırsa;
Ağızda eyni yerdə davamlı ağrılı nahiyə yaranırsa;
Udqunma zamanı çətinlik meydana çıxırsa;
Boyunda və ya çənə altında bərkimə və ya şişkinlik hiss olunursa.
Riskləri azaltmaq üçün o, mütəmadi stomatoloji müayinələrdən keçməyi, ağız boşluğunun gigiyenasına diqqət yetirməyi, tütün məhsullarından uzaq durmağı və alkoqol istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Həkim xüsusilə gənclərin HPV-yə qarşı peyvənd olunmasının vacibliyini vurğulayıb.
Mütəxəssisin fikrincə, ağız boşluğunda yaranan yaraların əksəriyyəti təhlükəli deyil. Lakin uzun müddət keçməyən dəyişiklikləri diqqətdən kənarda qoymaq olmaz. Xəstəliyin erkən aşkar olunması uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır.
Xatırladaq ki, daha əvvəl qəhvə ilə birlikdə qəbul edildikdə mədədə narahatlıq yarada və ya vacib qida maddələrinin mənimsənilməsinə mane ola bilən 5 məhsul barədə məlumat vermişdik./Lent.az






