İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrika ölkələri uğrunda yeni mübarizə - Qərb imtina edir, yoxsa...

1105 01.08.2023 13:54 Siyasət A A

Asif Nərimanlı: “Afrikanın yeni mübarizə meydanı olacağı proqnozlar arasındadır”

Uzun müddətdir Afrika ölkələri ilə bağlı həm iqtisadi, həm siyasi, həm də hüquqlar baxımından bəlli bir proses həyata keçirilməsindən danışılır.

Dünyanın yenidən bölüşdürülməsi - yeni düzəndə, deyəsən, Afrika ölkələrinə nəzarət fərqli olacaq. Qeyd edək ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aclıq, səfalət, əsarət çəkən Afrika ölkələrinin inkişafı üçün xeyli zamandır təkliflər verir, müəyyən tədbirlər planı reallaşdırır. Hazırda Afrika ölkələri ilə bağlı maraqlı bir mənzərə yaranıb. Belə fikirlər formalaşır ki, Qərb, Avropa Afrika ölkələrindən imtina edir. Hətta bu ölkələrdən Avropaya miqrasiyanı da sərt formada əngəlləyirlər.

Bu arada Avropa İttifaqı ötən həftə baş vermiş hərbi çevrilişdən sonra Nigerə maliyyə dəstəyini dayandırır. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib. O, Brüsselin Nigerin yeni hökumətini tanımadığını və hələ də demokratik yolla seçilmiş Məhəmməd Bazumu ölkənin qanuni prezidenti hesab etdiyini söyləyib. Nigerin müstəqillik əldə etməmişdən əvvəl müstəmləkəsi olduğu Fransa da ayrıca Nigerə yardımı da dayandırdığını bəyan edib. Fransanın bu ölkəyə ayırdığı vəsait 2022-ci ildə 120 milyon avro təşkil edib və 2023-cü ildə onun artması gözlənilirdi. ABŞ dövlət katibi Entoni Blinken isə Birləşmiş Ştatların Nigerlə iqtisadi tərəfdaşlığını azaltmaq variantlarını nəzərdən keçirdiyini vurğulayıb. Dövlət katibi iyulun 29-da Məhəmməd Bazum ilə danışdığını desə də, devrilən siyasətçi ilə necə əlaqə saxladığını dəqiqləşdirməyib.

“The New York Times” Nigerdəki hadisələri təhlil edərək Qvineyadan Sudana qədər Afrikadakı bütün çevrilişlərin eyni mərkəzdən qaynaqlandığı qənaətinə gəlib. Qəzet burada tək adres olaraq Kremli göstərib. Məqalədə Afrika ölkələrində siyasi vəziyyətin qeyri-sabitləşməsi Qərbin maraqlarına cavab vermədiyi xüsusi vurğulanıb. Bir çox Afrika ölkələrində (Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso və s.) Rusiya silahlı qruplarının, o cümlədən “Vaqner” ÖHŞ-nin rəsmi və ya qeyri-rəsmi mövcudluğu mövcuddur və onlar bu ölkələrin hökumətlərinin “təhlükəsizliyini qorumaq” üçün xidmətlər göstərirlər. Bunun əvəzinə Rusiya həmin ölkələrin təbii sərvətlərinə yiyələnir.

Maraqlıdır, Qərb Afrika qitəsində Rusiya ilə üz-üzə gələcəkmi? Bu məsələdə Rusiya və Türkiyənin maraqları üst-üstə düşür, yoxsa fərqli yanaşmalar var? Afrika ölkələrini bu mərhələdə kim daha çox nəzarətə ala bilər?

Yeri gəlmişkən, bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Afrika sammitində iştirak edənlərin sayının bəzi liderlərin iş qrafikinə görə az olduğunu və Qərbin təzyiqinin də burada rol oynadığını bildirib. Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun iştirakçılarına və qonaqlarına təbrik teleqramında bildirib ki, Moskva Afrika ölkələri ilə ticarət və investisiya sahəsində, yoxsulluqla mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda isə bildirilir ki, Afrika ölkələri Rusiya Federasiyasının əvvəlcədən planlaşdırdığı kimi “taxıl müqaviləsi”nin uğursuzluğu nəticəsində ən azı iki il ərzaq böhranı ilə üzləşəcək. Britaniya kəşfiyyatı bildirir ki, Rusiya Ukrayna ilə imzalanmış sazişdən çıxmaqla dünya ölkələrini taxılın qiymətini artırmağa sövq edir:"Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq təhlükəsini artıracaq", - hesabatda deyilir. Qeyd olunub ki, bu səbəbdən bir çox Afrika ölkəsinin liderləri Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirilən görüşdən imtina ediblər. 43 ölkədən yalnız 17-nin rəhbəri Putinin olduğu sammitdə iştirak etməyə razı olub.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Qərbin Afrikada zəifləməsi qitədə yeni oyunçuların aktivləşməsi fonunda baş verir: “Tarix boyu Qərb ölkələrinin təsir dairələrində olan Afrika ölkələri həm də alternativlər olmadığı üçün bu təsirdən xilas ola bilmirdilər. Lakin son illər qitədə Rusiya, Türkiyə, İran, Hindistan və Çin kimi ölkələrin aktivləşməsi bu coğrafiyadakı ölkələrin də önündə yeni qapılar açır və onlar Qərb ölkələri qarşısında mərkəzdənqaçma siyasətinə imkan qazanırlar. Fransa prezidenti Makronun son dövrlər Afrikada necə qarşılandığı bunun bariz nümunəsidir. Qərb ölkələrinin təsirinə qarşı etirazların olması digər oyunçuların bölgədə aktivləşməsi üçün də qapılar açır. Bu kontekstdə Türkiyə və Rusiya aktiv oyunçular arasındadır. Fikrimcə, Moskva və Ankaranın bölgədə toqquşmasından daha çox, anlaşması perspektivi var. Çünki Türkiyənin qitə üzərindəki siyasəti daha çox siyasi və iqtisadi sferada həyata keçirilir, Rusiya isə hərbi və təhlükəsizlik sferasında. Bununla yanaşı, Qərb ölkələrinin hələ də təsir imkanlarının qalması Rusiya və Türkiyəni yaxınlaşdıran amillərdəndir”.

Ekspert əlavə etdi ki, Afrikanın yeni mübarizə meydanı olacağı da proqnozlar arasındadır: “Bu mübarizədə, fikrimcə, həlledici güc Çin olacaq. Çünki qitənin əsas problemi iqtisadidir, bu baxımdan Türkiyə və Rusiyanın təkbaşına, yaxud əsas güc olmasına çətinlik yaranır. Lakin Çinin iqtisadi potensialı və yatırımları qitədə həlledici oyunçu olmaq perspektivini yaradır. Çin xüsusilə 2015-ci ildən sonra Afrikaya böyük investisiyalar yatırır, nəqliyyat yollarını nəzarətə götürür. Qərbin boşalan yerini Çin doldura bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR