ABŞ və Ermənistan TRIPP marşrutunun inkişafı üçün birgə şirkət yaradır.
Musavat.com-un məlumatına görə, ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Direktorlar Şurası ABŞ və Ermənistanın birgə müəssisəsi olan TRIPP Development Company-nin yaradılmasını təsdiqləyib. Layihə ümumi dəyəri 2,5 milyard dollar olan strateji investisiyalar paketinə daxil edilib.
Şirkət ticarətin, nəqliyyatın və iqtisadiyyatın inkişafına, həmçinin beynəlxalq, dövlətlərarası və daxili nəqliyyat əlaqələrinin genişləndirilməsinə dəstək verəcək. Ermənistan KİV-lərinin korporasiyaya istinadən yaydığı məlumata görə, prioritet istiqamətlər sırasında dəmir və avtomobil yollarının, boru kəmərlərinin, fiber-optik şəbəkələrin və digər infrastruktur obyektlərinin tikintisi və modernləşdirilməsi yer alır.
DFC-nin baş icraçı direktoru Ben Black bildirib ki, şirkətin yaradılması iqtisadi əməkdaşlıq vasitəsilə sülhün möhkəmləndirilməsinə yönəlib və ABŞ-ın strateji maraqlarına uyğundur.
TRIPP üzrə çərçivə sazişi mayın 26-da ABŞ dövlət katibi Marco Rubionun İrəvana səfəri zamanı paraflanıb. Yekun saziş isə Ermənistan və ABŞ tərəfindən iyunun 4-də distant formatda imzalanıb. Bir neçə saat əvvəl Musavat.com Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın distant imzalanma ilə bağlı açıqlamasını yayıb. Ermənistan XİN başçısı sənədin ratifikasiya üçün hazır olduğunu deyib.
ABŞ-nin son günlər TRİPP marşrutu ilə bağlı fəallığı diqqət çəkir. Üstəlik, cəmi 42-43 km-lik məsafə üçün böyük miqdarda vəsait ayrılması da maraqlı məsələdir.
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, əslində Tramp yolu - Zəngəzur dəhlizinin daha sürətlə reallaşmasına naik olmaq mümkün idi: “Çünki keçən ilin 8 avqustunda Vaşinqtonda imzalanmış razılaşmadan sonra Azərbaycan öz üzərinə düşənləri yerinə yetirib. Biz artıq dəmiryolunu və avtomobil yolunu bitirmək üzrəyik. Amma Ermənistan ərazisində cəmi 43 km-lik məsafə var, onunçün ABŞ ilə birgə şirkət yaradır, əlavə müqavilələr imzalanır. Əslində amerikanlar da Ermənistandakı parlament seçkilərinin nəticələrini gözləyirdilər ki, seçki bitən kimi, bu işə dərhal başlasınlar. Həm də ona görə bu işə vaşlamayıblar ki, seçkinin nəticələri qeyri-müəyyən ola bilərdi”. E.Şahinoğlu qeyd edib ki, radikallar hakimiyyətə gəlsə idi, Vaşinqtondakı razılaşmalardan da imtina edəcəkdilər. Artıq Vaşinqton bütün sorğulara əsasən bilir ki, Paşinyan seçkinin qalibi olacaq. Onun mövqelərini daha da gücləndirmək üçün artıq yeni müqavilələr imzalayır. Açıq bəyan edilir ki, bir müddət sonra, yeni seçkidən dərhal sonra Tramp yolunun inşasına başlanılacaq. Uzaqbaşı 1,5-2 ilə bu yolu bitirmək olar”.
E.Paşasoy,
Musavat.com






