İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın baş kəşfiyyatçısından ilginc “SSRİ-2” proqnozu

1633 23.07.2022 10:20 Gündəm A A

“Rusiya Ukraynanı nəzarət altına alsa...”; ekspert: “SSRİ-ni bərpa etmək niyyətləri xülyadır...”

“Rusiya prezidenti Vladimir Putin və İranın ali lideri Əli Xamneyinin fotoşəkillərinə mən nostalji hiss etmirəm. Çünki mənim ağarmış saçlarımın çoxu ruslar və iranlılarla illər ərzində apardığım danışıqlara görədir”.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, az öncə İrəvana qəfil səfər eləmiş Uilyam Börns deyib.

Bu sözlərdən ehtimal eləmək olar ki, MKİ şefi Ermənistan rəhbərliyinə əsasən Rusiya və İran mövzusunda xəbərdarlıq edib, kritik mesajlar çatdırıb.

Börns həmçinin Rusiya hakimiyyətinin qonşu ölkələrə təsir dairələrini bərpa etmək istədiyini və “Rusiyanı böyük dövlət kimi yenidən qurmaq” arzusunda olduğunu  bildirib. Lakin bunun “Ukrayna üzərində nəzarət olmadan” mümkünsüzlüyünü söyləyib.

Bəs “SSRİ-2" planlarını gizlətməyən Putin hakimiyyəti Ukraynaya nəzarətə nail ola biləcəkmi, yoxsa artıq belə bir perspektiv gündəmdən çıxıb?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube

Otay Qasımov 

Politoloq Otay Qasımov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin açıqlamaları maraqlıdır. Xüsusilə də Vladimir Putinin İranın ali dini lideri ilə görüşündən sonra Uilyam Börns bu açıqlamaları verib: “O ki qaldı onun İrəvan səfərinə, bununla bağlı çoxlu mülahizələr və ehtimallar irəli sürülür. O səfərdə müzakirə olunan məsələlər haqda hələ heç bir rəsmi açıqlama verilməyib. Amma hər halda, Rusiya xarici kəşfiyyat idarəsinin rəhbərinin dərhal sonra İrəvana getməsi də İrəvanda bölgə ilə bağlı çox ciddi müzakirələrin aparıldığı ilə bağlı ehtimalları gücləndirir.

Rusiyanın SSRİ-ni bərpa etmək cəhdləri və bununla bağlı Börnsin söylədiyi fikirlərə gəlincə, bu, həqiqəti əks etdirir. O baxımdan ki, Ukrayna üzərində nəzarəti bərpa etmədən SSRİ-ni bərpa etmək mümkün deyil. Çünki hələ 1990-cı illərdə ABŞ-ın məşhur politoloqu Zbiqnev Bjenski özünün “Böyük şahmat taxtası” əsərində qeyd edirdi ki, Ukraynasız Rusiya imperiyasını bərpa etmək mümkün deyil. Rusiyanın Ukraynada nəzarəti ələ ala biləcəyi ilə bağlı hazırda səslənən fikirlər və görünən prosesin gedişi onu göstərir ki, Rusiyanın Ukraynanı tam şəkildə nəzarətə almaq imkanları yoxdur, bu, mümkün olmayacaq. Əksinə, Ukraynada Rusiyanı üzücü və uzunmüddətli bir savaş gözləyir. Bu savaşdan da Rusiyanın qalib çıxmaq imkanı yoxdur. Əgər Qərb tərəfdən Ukraynaya dəstək davam edərsə, onda Rusiyanın planlarının birmənalı şəkildə həyata keçməyəcəyini söyləmək mümkündür. Bunun belə olacağına da şübhə etmirəm. Odur ki, Rusiyanın SSRİ-ni bərpa etmək niyyətləri xülyadır".

Ekspertin sözlərinə görə, həm beynəlxalq məkanda baş verən proseslər, həm Rusiyanın resursları buna heç bir əsas vermir. Rusiyanın keçmiş sovet respublikalarını özünə cəlb etmək üçün nə ideoloji, nə maliyyə, nə iqtisadi, nə siyasi, nə hərbi imkanları yetmir: “Bu ölkələrin müstəqilliyindən 30 ildən çox müddət keçib və ölkələrin Rusiyaya qarşı ciddi müqaviməti olar. Yəni heç bir istiqamətdə vəziyyət Rusiyanın lehinə deyil. Ona görə də Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək planlarının həyata keçməsi imkansızdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR