Vaşinqton-Tehran barışığından sonra Rusiyanın “Tramp marşrutu”na əngəl olmasının mənası varmı?
İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun rəsmi olaraq iyunun 19-da imzalanacağını bəyan edib. Müqavilənin imzalanması ehtimalı bütün regionu dəyişə bilər ki, bu da ilk növbədə Ermənistana təsir edəcək. Məsələn, Ermənistanın step1.am nəşri yazır ki, anlaşmadan sonra “Tramp yolu” müqaviləsi ABŞ və İran arasında yeganə fiziki sərhəd ola bilər: “Rusiyanın bir aydır ki, Ermənistanın KTMT və AİB-lə bağlı mövqeyini netləşdirməsi israrı təsadüfi deyil. Moskvanı həll yolları axtarmağa məcbur edən Ermənistanın Aİ-yə hipotetik qoşulması deyil, İran-Amerika ”sərhədinin" Ermənistan ərazisində yerləşdirilməsi ehtimalıdır. Moskva ABŞ-İran sərhədinin AİB ilə uyğunsuz olduğunu yaxşı başa düşür".
Moskvanın hələ Ermənistan seçkilərindən əvvəl AİB-dən çıxmaq üçün referendum tələb etməsinin əsl səbəbinə gəlincə, erməni nəşrinə görə, buna İran-Amerika sülhü kontekstində baxmaq lazımdır: “Çünki bu proses Rusiyanın regionda artıq oyunçuya çevrildiyini təsdiqləyir. O da qeyd olunur ki, xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstanın ayrıca "İstanbul Bəyannaməsi" imzalaması, Ermənistanın adının belə sənəddə çəkilməməsi İrəvanın bu prosesdə xüsusi söz sahibi olmadığını göstərir. Yəni ABŞ-İran barışığından sonra Rusiyanın “Tramp marşrutu”na əngəl üçün İrəvana xüsusi təzyiqinin mənası qalmır.
Son zamanlar dünya və regional mediada belə bir fikir formalaşdırmağa çalışırdılar ki, ABŞ-İran müharibəsi və qarşıdurmasından sonra TRİPP layihəsi (Zəngəzur dəhlizi) sual altına düşüb. Hətta Ermənistanda Rusiyaya bağlı olan media bu haqda çox yazırdı. Bunu da dünya mediası tirajlayırdı ki, İran Zəngəzurdan keçəcək TRİPP layihəsinə qarşıdır və s. Əslində rəsmi Tehran əvvəllər də Zəngəzurdan keçəcək dəhlizə qarşı olduğunu bildirib. Tramp adına bu layihə elan edilmədən bu yolla bağlı İranın mövqeyi həddindən artıq sərt və mənasız olub. Çünki İrana birbaşa aidiyyəti olmayan bir yolun, yəni Zəngəzurdan keçməklə Naxçıvana, Azərbaycanla Türkiyə arasında birləşəcək növbəti xəttə qarşı cənub qonşumuz hər zaman əks mövqe sərgiləyib. Bununla bağlı daha açıq yazılar dərc edilirdi ki, İran buna imkan verməyəcək, rəsmi Tehran buna qarşıdır və s.
Yeri gəlmişkən, Azərbaycan tərəfində Zəngəzur dəhlizi üzrə işlər yekunlaşmaq üzrədir. Bu barədə iyunun əvvəlində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Nazir deyib ki, Zəngəzur dəhlizi layihəsi üzrə işlər davam edir və Türkiyə öz hissəsində tikintiyə başlayıb. O vurğulayıb ki, Türkiyə tərəfində 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tenderi keçirilib və işlərə start verilib, Naxçıvandakı təxminən 180 kilometrlik xətt üzrə də bu il işlərin davam etdirilməsi planlaşdırılır. Uraloğlunun sözlərinə görə, layihədə əsas tamamlanmayan hissə Ermənistan ərazisindən keçən 41-43 kilometrlik Zəngəzur keçididir.
“Azərbaycan tərəfində də işlər yekunlaşmaq üzrədir, bəzi hissələr artıq tamamlanıb. Qalan 41-43 kilometrlik Zəngəzur keçididir, yəni Ermənistan ərazisindən keçən hissə. Bildiyiniz kimi, buna bəzən ”Tramp marşrutu" da deyilir. Orada ABŞ və Azərbaycanın razılığı ilə prosesin başlamasını gözləyirik", - Uraloğlu qeyd edib. Nazir əlavə edib ki, layihə başa çatdıqdan sonra ümumilikdə 860 kilometrlik nəqliyyat xətti işlək vəziyyətə gətiriləcək və bu, Türkiyə ilə Türk dünyası və Mərkəzi Asiya arasında daha qısa bağlantı yaradacaq.

Deputat Elşad Musayev hesab edir ki, regionda balans tez-tez pozulur. Onun qənaətinə görə, buna baxmayaraq, baş verənlərin Azərbaycana faydasını təhlil etmək lazımdır. E.Musayev bildirib ki, “Tramp yolu” adlandırılan logistika bütün tərəflərin marağındadır: “Əslində konflikt və rəqabəti kənara qoyaraq bu marşrutdan hamı istifadə edə bilər. Rusiya da dəhlizdən faydalanacaq. Ümumiyyətlə, bunun əleyhinə də deyil, sadəcə, öz nəzarətində görmək istəyirdi. Ancaq dəhlizə kontrol etməsi üçün çox gecdir”.
Deputatın fikrincə, ABŞ-İran razılaşması kövrəkdir, anlaşma hər an pozula bilər: “Hətta bu sənədin imzalanacağına şübhə ilə yanaşanlar var. Xüsusən də İsrailə güvən yoxdur və atəşkəsin pozulması riski mövcuddur. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı məsələdə mürəkkəb vəziyyətin davam etməsi gözləniləndir”.
Bununla belə, Rusiyanın dəhliz üçün səylərini artıracağını ehtimal edən E.Musayev qeyd edib ki, “Tramp yolu” istənilən halda açılacaq: “Azərbaycanı maraqlandıran Naxçıvana quru yolun təmin edilməsidir. Ermənistan da öhdəliyi yerinə yetirməlidir. Yəni üçtərəfli bəyanatda da, digər razılaşmalarda da bu öhdəlik var. Ona görə bu məsələdə hansı güc mərkəzi necə mövqe tutursa, bizi az maraqlandırır. Təbii ki, qlobal və regional siyasi prosesləri diqqətlə izləməliyik. Lakin Rusiya yaranmış vəziyyətdən narahat olsun. ABŞ Ermənistan üzərindən gücünü artırırsa, Rusiya və İran bunun günahını öz siyasi səhvlərində görməlidir”.
Deputat yada salıb ki, seçkilərdən az əvvəl ABŞ dövlət katibi Rubio və erməni həmkarı Mirzoyan onlayn qaydada “Tramp yolu” ilə bağlı sənədi imzalayıblar. Onun sözlərinə görə, ABŞ şirkətinin yolun idarəçiliyini həyata keçirəcəyi dəqiqləşib: “Bundan sonra Rusiya və İran dəhlizə əngəl ola bilməzlər. Hətta İsveçrədə ABŞ ilə İran arasında sülh sazişi imzalanmasa da, Moskva və Tehran bu logistikaya müdaxilə edə bilməzlər. Bu halda, ABŞ kimi gücü qarşılarında görəcəklər. İndiki şəraitdə isə heç biri növbəti gərginlikdə maraqlı deyil. Təbii ki, Rusiya fürsəti əldən verib. Əgər vaxtında Paşinyan hakimiyyətini məcbur edə bilsəydi, indi Rusiya FTX-nın nəzarəti altında Zəngəzur dəhlizi işə düşəcəkdi”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində Zəngəzur dəhlizinin əhəmiyyətinə bir daha toxunub. İyunun 15-də yayılan müraciətdə dövlət başçısı bildirib ki, ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişib: “Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”






