İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan yeni oyun qurur

846 08.07.2026 14:38 Dünya A A

"Rusiya-Ukrayna müharibəsinin uzanması və Yaxın Şərqdə gərginliyin getdikcə dərinləşməsi Asiya-Sakit okean regionunda da ciddi narahatlıqla izlənilir. Bölgə ölkələri hesab edirlər ki, qlobal geosiyasi qarşıdurmaların təsirləri gec-tez onların təhlükəsizlik mühitinə də sirayət edə bilər. Məhz bu səbəbdən region dövlətləri mümkün risklərə qarşı hazırlığı gücləndirmək, təhlükəsizlik arxitekturasını möhkəmləndirmək və yeni strateji ittifaqlar formalaşdırmaq istiqamətində fəal addımlar atırlar".

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Hindistan baş naziri Narendra Modinin Asiya-Sakit okean regionunda əlaqələri möhkəmləndirmək üçün İndoneziya, Avstraliya və Yeni Zelandiyaya səfəri də bununla bağlıdır:

"Modi səfərinə 6 iyulda İndoneziyadan başlayıb. Daha sonra Avstraliyaya gedəcək və səfərini 11 iyulda Yeni Zelandiyada başa çatdıracaq. Bu, Modinin 2018-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasından bəri İndoneziyaya ilk rəsmi səfəridir. Onun İndoneziya prezidenti Prabovo Subiantonla görüşü olub. Liderlər Hind-Sakit Okean bölgəsində sabitliyin və sülhün qorunmasında oynaya biləcəyi rolu müzakirə ediblər. İki ölkə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Strateji tərəfdaşlıq bütün, o cümlədən dəniz və rəqəmsal bağlantıdan tutmuş təhlükəsizliyə qədər sahələri əhatə edir. İndoneziya və Hindistan Qoşulmama Hərəkatının və BRICS-in üzvləridir. Yeni Dehli 2025-ci ildə İndoneziyanın BRICS-ə qoşulmasını dəstəkləyib. Hindistan kimi İndoneziya da Çinin bölgədə artan hərbi gücündən narahatdır. İndoneziya Çin hərbi gəmilərinin bir neçə dəfə onun sularına daxil olmasından narahatlığını bildirib. Çin isə bir neçə dəfə İndoneziyanın öz sularında qaz kəşfiyyat çalışmalarından narazılığını vurğulayıb. Bu, iki ölkə arasında açıq qarşıdurmaya səbəb olmasa da, onlar arasındakı mübahisələr ortadan qaldırılmayıb".

Politoloq vurğulayıb ki, Hindistan əsas diqqətini Hind okeanına yönəldib:

"Narendra Modi Dehlini tərk etməzdən əvvəl İndoneziya, Avstraliya və Yeni Zelandiyaya səfərinin Hindistanın Şərq siyasətini, o cümlədən "Mahasaqar konsepsiyası"nı və "azad və açıq Hind-Sakit Okean regionu üçün vizyonu" gücləndirəcəyini bildirib. Modinin 2025-ci ildə Mavrikiyə səfəri zamanı elan etdiyi "Mahasaqar konsepsiyası"nın ideyası bölgələr arasında təhlükəsizlik və artım naminə qarşılıqlı və vahid inkişafı nəzərdə tutur. Bu konsepsiya çərçivəsində Hindistan özünü Qlobal Cənub ölkələrinin ehtiyac və istəklərinin ödənilməsində "etibarlı təhlükəsizlik tərəfdaşı" kimi təqdim etməyə çalışır. Bu, təkcə Hindistanın yaxın qonşusu olan Hind okeanı bölgəsini deyil, həm də digər dəniz ərazilərini - Şərqi Afrika, Latın Amerikası və Cənubi Çin dənizinə qədər uzanan daha geniş Hind-Sakit okean bölgəsini əhatə edir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR