İnsanlara hürriyət, millətlərə istiqlal!

"30 il susdular, indi Azərbaycanı ittiham edirlər" - AİHM-in qərarı qəzəbi artırdı

4760 19.06.2026 21:43 Analitika A A

Avropa İnsan Hüquqları Məhkəməsinin 2016-cı ilin aprel döyüşləri ilə bağlı açıqladığı ilk qərar Azərbaycanda ciddi suallar doğurub. Ermənistanın uzun illər işğal altında saxladığı ərazilərdə baş vermiş hadisələrə görə Azərbaycanın məsul tutulması və erməni hərbçinin ailəsinə yüz min avrodan artıq kompensasiya ödənilməsi barədə qərar bir qərəzli münasibətin bariz sübutu oldu. Xüsusilə, həmin dövrdə Azərbaycanın sözügedən ərazilər üzərində nə faktiki idarəetmə, nə də istintaq aparmaq imkanı olduğu halda belə bir qərarın verilməsi AİHM-in yanaşmasına dair yeni müzakirələrə səbəb olub.

Azərbaycan ictimaiyyətində belə bir fikir getdikcə daha çox səslənir ki, Avropanın bəzi institutları Ermənistanın onilliklər boyu davam edən işğal siyasətinə, yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına və Qarabağda törədilmiş dağıntılara lazımi hüquqi-siyasi qiymət vermədikləri halda, Azərbaycana münasibətdə fərqli standartlar tətbiq edirlər. Məhz bu səbəbdən AİHM-in son qərarı təkcə hüquqi sənəd kimi deyil, həm də Avropa institutlarının regiona münasibətinin növbəti göstəricisidir.

Azərbaycanın etirazlarına baxmayaraq qəbul edilən bu qərarın arxasında hansı hüquqi və siyasi məqamlar dayanır və niyə oxşar yanaşmalar illərdir yalnız bir istiqamətdə müşahidə olunur?

1780306593879611402_1200x630.jpg (408 KB)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvü Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2016-cı ilin aprel döyüşləri fonunda qəbul etdiyi bu qərar, nəinki beynəlxalq hüququn təməl prinsiplərinə ziddir, həm də Avropa İnsan Hüquqları Konvensiyasının preambulasında təsbit olunmuş "qanunun aliliyi" prinsipinə qarşı açıq-aşkar hörmətsizlikdir: "Daha sadə dildə desək, bu qərar hüquqi sənəd deyil, siyasi sifarişin məhkəmə mantiyasına bürünmüş formasıdır.

Bəhs edilən yanaşmanın həm hüquqi, həm də siyasi cəhətdən tamamilə əsassız olduğunu elə Avropa Konvensiyasının öz müddəaları ilə sübut etmək olar:
İlk növbədə, "Yurisdiksiya" fokusunun saxtalaşdırılması. Məlumdur ki, Konvensiyanın 1-ci maddəsinə görə, iştirakçı dövlətlər insan hüquqlarını "öz yurisdiksiyası daxilində olan hər kəs üçün" təmin etmək öhdəliyi daşıyırlar. 2016-cı ildə sözügedən ərazilər Ermənistanın və onun yaratdığı qondarma rejimin tam və effektiv nəzarəti altında olub. Azərbaycanın həmin ərazilərdə nə qanunvericilik, nə icra, nə də məhkəmə hakimiyyəti mövcud idi. AİHM-in özünün "İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı", həmçinin "Çıraqov və başqaları Ermənistana qarşı" işlərində formalaşdırdığı pretsedent hüququnda aydın şəkildə təsbit olunub ki, ərazi üzərində effektiv nəzarəti itirən dövlətin pozitiv öhdəlikləri məhduddur və o, fiziki olaraq imkanı xaricində olan hadisələrə görə birbaşa məsuliyyət daşıya bilməz. Aprel döyüşlərində işğalçı tərəfin hərbçisinin ölümü ilə bağlı Azərbaycanı məsul tutmaq, bu baxımdan hüququn absurd həddinə çatdırılmasıdır.

Həmçinin, konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, bir şikayətin AİHM tərəfindən qəbul edilməsi üçün bütün "daxili hüquqi müdafiə vasitələri" tükənməlidir. Faktiki olaraq hərbi əməliyyatların getdiyi, işğal altında olan və Azərbaycanın istintaq apara bilmədiyi bir zonada baş vermiş hadisəyə görə daxili mexanizmlərin səmərəsizliyini iddia etmək və dərhal Azərbaycan dövlətini təqsirli elan etmək prosedural ədalətin birbaşa pozulmasıdır. AİHM Ermənistanın işğal faktını və bunun törətdiyi hüquqi qeyri-mümkünlüyü görməzdən gəlməklə öz nizamnaməsini tapdalayıb.

Ən nəhayət, məlumdur ki, Ermənistanın 30 illik işğalı dövründə 1 milyona yaxın azərbaycanlının yaşamaq, mülkiyyət, şəxsi həyatın toxunulmazlığı kimi fundamental hüquqları kütləvi şəkildə pozularkən, Xocalı, Ballıqaya, Qaradağlı və s. soyqırımları, şəhər və kəndlərimizin yerüzündən silinməsi faktları qarşısında lal-kar kəsilən Avropa təsisatları, bu gün hüquqi manipulyasiyalarla Azərbaycana təzyiq etməyə çalışırlar. Bu qərar göstərir ki, Qərb mərkəzli bəzi dairələr üçün hüquq – ədalətin bərpası vasitəsi deyil, suveren dövlətlərin daxili və xarici siyasətinə müdaxilə etmək üçün siyasi rıçaqdır.

Bütün bunların fonunda Bakı üçün yalnız bir dəyişməz həqiqət var: heç bir siyasi motivli məhkəmə qərarı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq hüququn aliliyini təmin etmək istiqamətindəki legitim addımlarına kölgə sala bilməz. Əksinə, beynəlxalq hüququn selektiv tətbiqi elə həmin hüquq sistemini quranların öz iflasıdır".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR