İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən intriqalı anons - Krım ilin sonunadək...

1051 02.08.2023 08:00 Siyasət A A

 

 

 

Rusiya-Ukrayna müharibəsi tədricən həlledici fazasına daxil olur. Sözsüz ki, bu fazanın nə ilə, necə bitəcəyi xeyli dərəcədə kollektiv Qərbin lokomotivi ABŞ-dən asılı olacaq.

“Ukrayna diplomatları ölkəmiz və müdafiəçilər üçün mühüm qərarlar hazırlayır. Onların təfərrüatları hələ açıqlanmır”.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski söyləyib. “Bizim beynəlxalq səviyyəli diplomatlarımız Ukrayna üçün, əsgərlərimiz üçün kifayət qədər ciddi qərarlar hazırlayır. Biz əlimizdən gələni edirik”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu qərarlar üzərində gedən iş ictimaiyyətə açıq deyil, o səbəbə ki, ukraynalı müdafiəçilər üçün nəticələr “maksimum yaxşı ola bilsin”. “Ukrayna və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədlərlə bağlı danışıqların gələn (bu - red.) həftə başlayacağını gözləyirik”.

Bunu isə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib. “Ukrayna gələn (bu - red.) həftədən etibarən ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu təminatlar NATO-ya daxil olana qədər qüvvədə olacaq”, - o bildirib.

Bu nə zəmanətlərdir və onların müharibənin gedişinə hansı təsirləri mümkündür? Pərdə arxasında nə baş verir? Rusiya ilə danışıqlara hazırlıqmı gedir?

Bu arada bəlli olub ki, Britaniya hərbçiləri Milad bayramına kimi Krımı ələ keçirmək üçün Ukrayna xüsusi təyinatlılarını hazırlayır. “Deyli Ekspress” nəşri belə bir məlumat yayıb.

“Artıq 2000-dən çox ukraynalı hərbçi gəlib. Əməliyyat Böyük Britaniya, ABŞ və Almaniyanın verdiyi uzaqmənzilli raketlərdən istifadə etməklə hava, quru və dəniz zərbələrini əhatə edəcək”, - məlumatda qeyd olunub. Təlimlər Okhempton və Devon hərbi düşərgələrində keçiriləcək. Həmin hərbi düşərgələrə başqa hərbi hissələrdən olan hərbçilər belə buraxılmır.

Hərbi ekspert Emin Həsənli savaş tərəflərinin geriyə yollarının qalmadığını bildirdi: “Bu savaşda vəziyyət xeyli dərəcədə kəskinləşib. Elə bir həddə gəlib çatıb ki, nə Rusiyanın, nə də Ukraynanın geriyə yolu yoxdur. Kremlin geri çəkilməsi Putin hakimiyyətinin sonudur. Rusiyada isə rejimin çöküşünün qarşısının alınması üçün bütün cəhdlər edilir. Ukrayna da heç cür razılaşa bilmir. Psixoloji hədd keçilib. Yəni əhalidə müharibə təhlükəsi qorxusu tamamilə arxada qalıb. Qərbin də çox böyük dəstəyi var. Ukrayna maksimum nəticə əldə etməyə çalışır. Bir sözlə, müharibənin bitməsi üçün iki tərəfdən biri məğlub olmalıdır, yaxud iki rəhbərdən biri hakimiyyətdən gedir, yaxud da Qərbin təzyiqləri zəifləyir.

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli: “Bütün hallarda uduzan Rusiya və Ukrayna, qazanan Qərbdir”

Qərbin də təzyiqləri o zaman zəifləyə bilər ki, Çinlə danışıqları alınmasın, Rusiyanı hansısa böyük güzəştlərə gətirmək mümkün olsun. Ondan sonra savaş tərəfləri arasında danışıqlar ola bilər. Türkiyənin də bu proseslərdə iştirakı daha da intensivləşər. Amma indiki şəraitdə bu, real görünmür. Müharibə hələ bir müddət davam edəcək. Ukrayna vəziyyətdən maksimum yararlanıb, bu il məsələni bitirmək istəyir. Ona görə ki, növbəti il ABŞ-da prezident seçkiləridir. Bu müddətə az vaxt qalıb. Baydenin yerinə Tramp yenidən hakimiyyətə qayıda bilər. O olmasa da, respublikaçılardan biri Ağ Ev sahibi ola bilər. Nəticədə də onlar müharibəni davam etdirməyə, Ukraynaya Bayden hakimiyyəti qədər dəstək verməyə bilərlər. Ona görə də Ukrayna tərəfi Bayden hakimiyyətinin verdiyi sözə arxayınlaşaraq, maksimum dərəcədə prosesləri yekunlaşdırmaq istəyir.

Rusiyaya təzyiqlər isə, durmadan artmaqdadır. Ölkə iqtisadiyyatında çöküş də yaşanır. Rus şirkətlərinin böyük ölçüdə maddi sıxıntıları var. Şirkətlərə embarqolar qoyulub. Ona görə də, Rusiya çox ağır vəziyyətdədir. Ukraynanın da vəziyyəti yaxşı deyil. İri şəhərləri dağıdılıb, sakinləri qaçqın düşüb. Amma Rusiya ordusunun da nüfuzuna böyük zərbələr dəyib. Rusiya dövləti gözləntiləri doğrulda bilmədi. O səbəbə Zelenski özünü qəhrəman və xilaskar kimi göstərir. Qərbin də dəstəyi ilə bu prosesi yekunlaşdırmağa çalışır. Britaniya tam şəkildə Ukraynanın yanındadır. Almaniya və Fransa könüllü və ya könülsüz şəkildə dəstək verirlər. Polşa və Litva bütün gücləri ilə Ukraynanın yanındadır. Rusiya da Afrikada Amerikanın maraqlarına zərbə vurur, ard-arda çevirilişlər edir. Cənubi Qafqazda Qarabağ danışıqlarının yekunlaşmasına tam şəkildə mane olur, Qarabağ separatçılarının dalbadal mitinqlərini təşkil edir. Bir sözlə, ən müxtəlif yerlərdə problemlər yaradır. Rusiyanın tam çöküşünü demək olmaz.

Ona görə də əgər qarşıdakı bir ildə Ukrayna nəsə əldə edə bilsə, onun üçün çox yaxşı olacaq. Əksi olsa, müharibə uzansa, Amerikada da hakimiyyət dəyişikliyi yaşansa, Ukrayna üçün proseslər çox təhlükəli vəziyyətlə üzləşər. Müharibənin hələ 3-4 il gedəcəyini bildirirlər. Bu da savaş tərəflərinin iqtisadiyyatına dəyən zərbələrin miqyasının ağlasığmaz dərəcədə böyüməsi ilə nəticələnəcək. Bütün hallarda bu müharibədə qazanan başda ABŞ olmaqla Qərb ölkələridir. İndidən bu müharibənin nə ilə nəticələnəcəyini demək sadəlövhlük olardı. Amma bütün hallarda uduzan Rusiya və Ukrayna, qazanan Qərbdir. Ukrayna qarşısına məqsəd qoyub ki, Krım azad edilməyincə müharibə yekunlaşmayacaq".

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiya-Ukrayna savaşında ortada olan şərtlərin heç birinin indiki şəraitdə reallaşacağını görmür: “Ukrayna Rusiya ilə danışıqlara yalnız bütün torpaqlarının azad edilməsi şərtiylə razıdır. Həmçinin Ukrayna NATO üzvlüyünə qəbul edilməyi israrla tələb edir. Lakin bu şərtlərin heç birinin hazırkı şəraitdə reallaşması mümkün deyil.

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

Şəhla Cəlilzadə: “Şərtlərin heç birinin hazırkı şəraitdə reallaşması mümkün deyil”

Birincisi, Rusiya mövqeyində yetəri qədər güclüdür və Ukrayna apreldən bəri artan əks-hücum əməliyyatlarında, hələ ki, ciddi irəliləyiş əldə edə bilməyib. Bununla yanaşı, qeyd edilməlidir ki, çox güclü təlim-məşq keçmiş 2 min nəfərlik ukraynalı komandos hərbi qruplaşmasının artıq hazır vəziyyətdə olduğu, avqust ayında Krıma havadan, qurudan və sudan ciddi hücumlar ediləcəyi, dekabradək yarımadanın azad ediləcəyi, 2024-cü il Vaşinqtonda baş tutacaq NATO sammitində Ukraynanın NATO üzvlüyünə dəvət ediləcəyi bir sıra ekspertlər tərəfindən iddia olaraq səsləndirilir. Lakin bunun mümkün olub-olmayacağı, Krımı itirmə təhlükəsində Rusiyanın hansı gözlənilməz addım atacağı, yəni nüvə silahına əl atıb-atmayacağı sual doğurur. Məhz bu suallar altında qalan Ukraynanı ən son sammitdə NATO-ya üzvlüyə dəvət etməyən G7 ölkələri, təhlükəsizlik zəmanətləri vədi ilə vaxt uzadır, münaqişəni “donmuş” vəziyyətdə saxlayırlar, yəni özləri üçün “donmuş”. Əks təqdirdə savaş birbaşa Qərb ölkələrinin ərazisinə sıçrayacaq. Buna isə hazır deyillər. Zəmanətlər G7 tərəfindən Ukraynaya qalibiyyətli sonadək hərbi, siyasi və iqtisadi dəstəyi özündə ehtiva edir, həmçinin Rusiyanın Ukraynaya vurduğu zərərin əvəzində ödənəcək repressiyalar üçün beynəlxalq mexanizmin elan olunacağı vurğulanır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR