İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərli turşu - şorabanı necə tanımalı? - qızıl tövsiyələr

5765 11.12.2025 11:32 Yaşam A A

Xəbər verildiyi kimi, Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib. Hadisə Xanərəb kəndində baş verib. 

Məlumata görə, 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Sirr deyil ki, xüsusən də qış mövsümündə ailələrdə turşu-şorabadan gen-bol istifadə olunur və vaxtaşırı bu qida məmulatından zəhərlənmə halları baş verir.

 Bəs belə bağlamalardan zəhərlənməmək, həyat üçün təhlükəli botulizmdən qorunmaq üçün hansı qaydalara əməl, nələrə diqqət etmək lazımdır? 

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi | Modern.az

 Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, Azərbaycanda qış mövsümü üçün müəyyən qidaların ya konserv olunaraq, ya da digər üsullarla ehtiyat kimi saxlanılması çox qədimdən mövcud olan ənənədir. Ət məmulatlarının qaxac edilməsi, müxtəlif meyvələrin qurudulması, bəzi tərəvəz və meyvələrin konservləşdirilmiş şəkildə sərin yerdə saxlanılması ata-babadan bizə miras qalmış vərdişdir və bu praktika bir çox ölkələrdə də geniş yayılıb. Lakin burada ən vacib məqam konservləşdirmə və qablaşdırma prosesində gigiyena qaydalarına düzgün əməl olunmasıdır”.

Adil Qeybulla qeyd edib ki, konservləşdirmə prosesi sterilizasiya qaydalarına uyğun edilməlidir: “Bankalar tam steril olduqdan sonra hazırlanan məhsullar onun içinə tökülə bilər. Lakin bütün hallarda, məhsul hansı üsulla hazırlanmasından asılı olmayaraq, istifadə zamanı yenidən diqqətlə yoxlanılmalıdır.

Əgər konserv olunmuş məhsulun rəngi dəyişib, tündləşibsə, bulanıbsa, qapağı şişibsə və ya “atıbsa”, habelə içəridən xüsusi, qeyri-adi, kəskin və xoşagəlməz qoxu gəlirsə, deməli, burada artıq müəyyən kimyəvi və bakterioloji proseslər gedib. Bu isə çox ciddi fəsadlara gətirib çıxara bilər. Təəssüf ki, bəzən insanlar bunun fərqinə varmır və nəticədə kiçik, əhəmiyyətsiz görünən bir səhlənkarlıq böyük faciələrə səbəb ola bilir. Bir ailənin zəhərlənməsi, ailə üzvlərindən bir neçəsinin həyatını itirməsi kimi ağır nəticələr, təəssüf ki, real faktlardır.

Biz dəfələrlə eşitmişik ki, kütləvi tədbirlərdə, məsələn, toy və digər məclislərdə qonaqlar arasında kütləvi zəhərlənmələr baş verib və bu kimi hallarda insan tələfatı qeydə alınıb. Bu, konservləşdirilmiş və ya uzun müddət saxlanmış qidaların düzgün hazırlanmadıqda nə qədər təhlükəli ola biləcəyinin açıq göstəricisidir. Ona görə də hər bir insan diqqətli olmalıdır".

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, kənd təsərrüfatı məhsullarından, məsələn, pomidor, xiyar və digər tərəvəzlərdən şoraba hazırlamaq Azərbaycan mətbəxinin ən xoşagəlməz və riskli seqmentlərindən biridir: “Biz illər boyunca qurum olaraq maarifləndirmə işi aparmışıq ki, insanlar evdə şoraba hazırlamaq adətindən uzaq dursunlar. Sanki ailələr arasında yarış var - kim daha çox şoraba bankası hazırlayacaq. Elə sovet dövründə də tez-tez ciddi zəhərlənmə hallarına rast gəlinirdi və bunların böyük əksəriyyəti məhz evdə hazırlanmış şorabalardan qaynaqlanırdı”.

Ekspert qeyd edib ki, ümumilikdə şorabaların insan sağlamlığı üçün potensial təhlükələri çoxdur: “İnsanlar şoraba istehlak etmək istəyirlərsə, bunu sənaye üsulu ilə hazırlanmış, standartlara tam uyğun məhsullarla etməlidirlər. Çünki sənaye müəssisələrində konservləşdirmə prosesi çox mərhələli nəzarət və steril qaydalarla həyata keçirilir. Məsələn, mən özüm göy noxudun konservləşdirilməsi prosesini izləmişəm: hər detalına son dərəcə həssas yanaşılır, bankalar bağlandıqdan sonra bir ay saxlanılır, yenidən yoxlanılır, ekspertizadan keçirilir və yalnız bundan sonra satışa çıxarılır. Bu qədər ciddi nəzarət təsadüfi deyil, çünki konservləşmiş qidalar yanlış hazırlananda ölümcül nəticələr verə bilər.

Bununla belə, nə qədər təbliğat işi aparsaq da, gördük ki, insanlar hələ də evlərində çox sayda şoraba hazırlayırlar. Buna görə də bölgələrdə təlimlər keçirdik ki, şoraba necə təhlükəsiz şəkildə hazırlanmalıdır, hansı qaydalara əməl edilməlidir, hansı risklər var. Təəssüflər olsun ki, ev şəraitində hazırlanan bu şorabalar Bakı şəhərində kiçik marketlərdə, meyvə-tərəvəz satılan köşklərdə və müxtəlif qeyri-rəsmi satış nöqtələrində paylanır, satılır. Bunların qarşısı qəti şəkildə alınmalıdır və Qida Təhlükəsizliyi Agentliyi bu məsələni daim nəzarətdə saxlamalıdır.

Azərbaycanda insanlar hətta plastik butulkaların içərisinə üzüm yarpaqları doldurur, üstünə sirkə əlavə edib qışa saxlayırlar. Düzdür, bir neçə il əvvəl bazarlarda böyük plastik çəlləklərdə satılan şorabalara Qida Təhlükəsizliyi Agentliyi ciddi şəkildə son qoydu, lakin indi də meyvə dükanlarında, kiçik mağazalarda evdə hazırlanmış məhsulların satışı davam edir. Artıq bu sahədə daha sərt və konkret işlər görülməli, insanlar ev şəraitində təhlükəli metodlarla şoraba hazırlamaq vərdişindən tamamilə əl çəkməlidirlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR