İnsanlara hürriyət, millətlərə istiqlal!

YUNESKO-nun fransız rəhbərindən növbəti riyakarlıq - bəs Qarabağda dağıdılan dini-mədəni irsimiz?

733 28.07.2023 10:30 Gündəm A A

Fəzail Ağamalı: “Bir təşkilat ədaləti kənara qoyub vəhşinin yanında yer alırsa, onun Azərbaycana gəlməyinin heç bir mənası yoxdur...”

BMT-nin qurumu, mənzil-qərargahı Parisdə yerləşən YUNESKO-nun ermənipərəst mövqeyi Azərbaycan xalqına yaxşı tanışdır. Xeyli dərəcədə onun erməni lobbisinə bağlı korrupsioner baş direktoru Odri Azulenin fəaliyyətindən qaynaqlanan bu mövqe xüsusilə də 44 günlük müharibədən sonra özünü daha qabarıq büruzə verib. Bu da növbəti riyakarlıq faktı.

Bir neçə gün öncə Azule Odessada 1794-cü ildə əsası qoyulmuş ilk pravoslav kilsəsinə Rusiyanın hava zərbəsi nəticəsində dəymiş ziyana cavab olaraq, “dərin təşviş içində olduğunu və rus qoşunlarının Odessaya hücumunu şiddətlə pislədiyini” deyib. “Bu dəhşətli dağıntı Ukraynanın mədəni irsinə qarşı zorakılığın artdığını göstərir. Mən mədəniyyətə edilən bu hücumu qətiyyətlə pisləyirəm və Rusiyanı beynəlxalq hüquq, o cümlədən silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Ümumdünya İrs Konvensiyası ilə bağlı öhdəliklərinə əməl etmək üçün mühüm addımlar atmağa çağırıram”, - deyə YUNESKO-nun ermənipərəst rəhbəri bildirib.

O da məlum olub ki, yaxın günlərdə YUNESCO-nun missiyası mədəni irs obyektlərinə dəymiş ziyanın miqyasını qiymətləndirmək üçün Odessaya səfər edəcək.

Olsun. Amma xanım Azuleyə xatırladaq ki, Azərbaycan üç ildir Ermənistanın Azərbaycanın bütün tarixi və mədəni irsini məhv etdiyi Qarabağa da YUNESKO-nun missiya göndərməsini gözləyir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu xüsusda bir dəfə demişdi ki, erməni tərəfi tarix və mədəniyyət abidələrinin monitorinqinə hər cür maneçilik törədir, Azərbaycan isə dəfələrlə beynəlxalq təşkilatla əməkdaşlığa razılığını bildirib, çoxlu hazırlıq işləri aparıb, marşrutlar müəyyənləşdirib, geniş məlumat verib, lakin YUNESKO obyektlərinin sayının həddən artıq çox olduğunu bəhanə edib. Əslində isə bu təşkilat erməni lobbisinin təzyiqlərinə müqavimət göstərə bilməyib, erməni tərəfinə sərfəli bəyanatlar verməklə kifayətlənib.

Məhz YUNESCO-nun ölkəmizə qarşı qərəzli münasibəti üzündən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən il Azuleyə məktubla müraciət edib və buna etiraz əlaməti olaraq YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırdığını bildirib.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən Ermənistan bəşəriyyətin ulu əcdadlarının beşiklərindən olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevirib. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbiçiləri azıxantropa aid əşyaları - gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil ediblər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çeviriblər. YUNESCO susub.

Azıx mağarası — Vikipediya

Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələri, xüsusilə məscidlər, türbələr və qəbiristanlıqları dağıdıblar, alban xristian abidələri isə tamamilə saxtalaşdırıb, erməniləşdiriblər. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə olan alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. UNESCO görməyib.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla yer üzündən silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar. YUNESCO göz yumub.

Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib, erməniləşdirilib. YUNESCO sükutla qarşılayıb.

İşğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbini qarət edən ermənilər 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksionu yalan edərək, Ermənistana aparıblar. YUNESCO vandallığa səsini çıxarmayıb.

Keçmiş SSRİ-də yeganə Ağdamda olan Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza ağır zərbə endirilib. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, mədəniyyət evi dağıdılıb.

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun evinin 300-dən çox əşyası talan olunub. Azərbaycan vokal sənətinin əsasını qoymuş Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin fondları erməni təcavüzkarları tərəfindən qarət edilib. O cümlədən görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları oğurlanıb. UNESCO vəhşiliyə “dur” deməyib.

Məgər bunlar tarixi, mədəni, dini abidələrin dağıdılması, yer üzündən silinməsi, bütöv bir xalqın mədəni irsinə qarşı vandalizm, vəhşilik deyil? Mədəni, dini, tarixi abidələrin, mədəni irsin qayğısına qalmaq vəzifəsi daşıyan YUNESCO bu aktlara görə niyə bir dəfə Ermənistana və erməni terrorçularına qarşı hər hansı bəyanatla çıxış etmədi? Bəs belə riyakar siyasət nə vaxtadək davam edəcək? Bu, YUNESKO rəhbərinin sırf fransız olması ilə bağlıdırmı? Baş direktor dəyişsə, Azərbaycana münasibət də dəyişəcəkmi?

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

 Fəzail Ağamalı

Mövzu ilə bağlı millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a danışıb: “Əslində YUNESCO beynəlxalq səviyyəli təşkilatdır. Bu təşkilat dünya miqyasında maddi-mənəvi abidələrin, dəyərlərin qorunub saxlanılmasında beynəlxalq səviyyədə missiya daşıyır. Lakin təəssüf ki, YUNESCO beynəlxalq təşkilat olaraq, siyasi riyakarlıq nümayiş etdirir. Rusiyanın Odessada kilsəyə vurmuş olduğu ağır zərbə, onun dağıdılması əlbəttə ki, qəbul edilmir. Bunun bir adı var - barbarlıq. Əlbəttə ki, bunu pisləmək lazımdır və biz də bunu qəbul etmir, pisləyirik. Lakin təəssüf ki, Ermənistanın 30 il Azərbaycan torpağını işğal edib, onun abidələrini yerlə-yeksan etməsi, daşı daş üstündə qoymaması, məscidlərinin böyük əksəriyyətini, yəni 67 məsciddən 60-nı dağıdıb, tamamilə yox etməsi barədə YUNESCO-ya edilən müraciətlərə  baxmayaraq, qurum rəsmi şəkildə müxtəlif bəhanələrlə  yaxasını kənara çəkdi, təsdiq olunmuş bu cür faktlarla bağlı Ermənistana lazımi sanksiyalar tətbiq olunmasına getmədi.

Xatırladım ki, ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş rayonlarımıza səfəri zamanı “gəlin baxın,  görün Azərbaycanın tarixi abidələri nə günə qoyulub” deyə çağırışlar etdi, lakin YUNESCO cənab Prezidentin bu çağırışına əhəmiyyət vermədi. Hətta vəziyyət o yerə  çatdı ki, onların ədalətsizliyinə və haqsızlığına  görə  ölkənin Birinci vitse-prezidenti, YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumdan imtina etdi, oradakı fəaliyyətini dayandırdı. Halbuki Mehriban Əliyeva bu ada layiq görülən görkəmli xanımlardan, şəxsiyyətlərdən biridir və Azərbaycanın imkanlarından istifadə edərək, Heydər Əliyev Fondunun xətti ilə həm İtaliyada, Fransada, həm də  dünyanın müxtəlif yerlərində çox sayda abidələrin bərpasında olduqca mühüm rol oynayıb, əvvəlki vəziyyətinə qaytarılmasına nail olub.

Beləliklə, YUNESCO-nun Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirməsi onun məkrli siyasətinin göstəricisidir. Əgər YUNESCO bu gün Fransa tərəfindən idarə olunursa, onda belə çıxır ki, bu, Fransanın təşkilatıdır, beynəlxalq təşkilat deyil. Əgər beynəlxalq təşkilatdırsa, onda niyə onun digər üzvləri Azərbaycana qarşı edilən ədalətsizliyə səslərini çıxarmadı, tarixi abidələrimizi yerlə-yeksan edən ermənilərə qarşı bir tədbir görülmədi? Bu baxımdan, YUNESCO-nun Rusiya barəsində səsləndirdiyi fikirlər gülüş doğurur və riyakarlıqdan başqa bir şey deyil.

Əlbəttə ki, bütün bunlara baxmayaraq, Azərbaycanın tarixi abidələri bərpa ediləcək, həmin məscidlər yenidən tikiləcək, torpaqlarımızda bu gün böyük quruculuq və bərpa işləri aparılır, dünyanın ayrı-ayrı dost ölkələri bərpa işlərində kömək üçün öz  əllərini uzadır, təkliflərini verir.  Yəni dünya təkcə YUNESCO-dan ibarət deyil".

“Sizcə, YUNESCO-nun Azərbaycana qarşı riyakar siyasəti nə vaxtadək davam edəcək” sualına isə millət vəkili bu cür cavab verdi: “Əgər müharibədən 3 ilə yaxın bir zaman keçibsə və bu günə qədər dünya şöhrətli liderimizin, Prezidentimizin, eləcə də YUNESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın çox sayda müraciətlərinə baxmayaraq qurum bu cür mövqe nümayiş etdirirsə, sizcə, bu qurum bundan sonra hansı şəkildə ölkəmizə gələcək? Gəlsə nə olacaq? Hesab edirəm ki, YUNESCO-nun bundan sonra Azərbaycana gəlməyinin heç bir mənası yoxdur. Gəlsə də onu buraxmalı deyilik. Yəni Azərbaycanın müraciətinə biganə yanaşan təşkilata biz də tamamilə biganə yanaşmalı, heç bir şəkildə onun tədbirlərinə getməməliyik. O təşkilatlar ki, bizə düşmən münasibəti bəsləyir, ədaləti kənara qoyub, vəhşinin yanında yer alırsa, ona nə ehtiyac var?”

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR