İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni səfir bizə dedi ki...” – Moldovadakı diaspor liderimizdən maraqlı açıqlamalar

4197 31.07.2017 18:22 Müsahibə A A


Vüqar Novruzov: “Qüdsi Osmanov Moldovaya səfir təyin edildiyi gündən elan edib ki, səfirlik Moldovada sizin hər birinizin ikinci doğma eviniz, ata-baba yurdunuzdur, qapılar hər an üzünüzə açıqdır”



Moldovadan hazırladığımız reportajımızda (http://musavat.com/news/yasil-olke-eyalet-kimi-avropa-seheri-ve-atasiz-qalan-azerbaycanli-qiz-kisinyovdan-reportaj_456154.html) adıçəkilən ölkədə yaşayan soydaşlarımızın ermənilərin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri vəhşilik – 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanı qətlə yetirmələrinə etiraz olaraq paytaxt Kişinyovda Ermənistan səfərliyinin qarşısında yürüş-piket keçirmələri haqda danışmışdıq. Həmin aksiyanı Moldovadakı diasporumuz çox mütəşəkkil qaydada təşkil etmişdi. Bu da diasporumuzun gücündən xəbər verirdi. Müşahidələrimiz zamanı bəlli oldu ki, əksər dünya ölkələrindən fərqli olaraq Moldovada diasporumuz monolitdir, pərakəndə deyil, bütün cəmiyyətlər, nüfuzlu şəxslər Moldova Azərbaycanlıları Konqresində birləşiblər. Konqresin sədri Vüqar Novruzova müsahibə üçün müraciət edərkən, tərəddüdsüz bizimlə görüşməyə, danışmağa razılıq verdi. Beləliklə, həmsöhbətimiz Moldova Azərbaycanlıları Konqresinin sədri, Moldovanın ən tanınmış iş adamlarından biri, “AZMOL COMPANY” şirkətlər qrupunun prezidenti, hüquq elmləri doktoru Vüqar Novruzovdur.

Dosye: - Vüqar Şahmar oğlu Novruzov 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir.
Diaspor fəaliyyətinə görə Azərbaycan prezidenti cənab İlham Əliyev üçüncü qurultayda onu “Tərəqqi”medalı ilə mükafatlandırıb. Moldova dövləti tərəfindən isə “Əmək Şöhrəti” ordeni ilə təltif olunub. Ötən il Moldovanın ən yüksək ordeni olan “Respublika” ordeni ilə mükafatlandırılıb.
25 ildir Moldovada bizneslə məşğul olur, şirkəti çoxprofillidir, o cümlədən geniş distribüterlik fəaliyyəti ilə məşğuldur, ölkə bazarında mühüm yer tutur. Həmçinin, pərakəndə satış şəbəkəsi də mövcuddur. Onun holdinqində 650 nəfərdən çox insan çalışır.

- Vüqar müəllim, öncə istərdik ki, Moldovaya necə, nə məqsədlə gəldiyiniz haqda məlumat verəsiniz.

IMG_20170711_163351.jpg (2.30 MB)

- 1980-ci ildə 18 yaşımda o zamanın tələblərinə uyğun olaraq sovet ordusu sıralarında qulluq etmək üçün əsgərliyə çağırılmışam və beləliklə tale məni Moldova ilə bağlayıb. Əsgərlikdən sonra burada qalıb Moldova Dövlət Universitetinin hüquq fakültəsini oxuyub bitirmişəm. Hələ tələbə ikən o zaman mövcud olan komsomol xətti ilə fəallardan olmuşam. Nəticə olaraq universiteti bitirəndən dərhal sonra Komsomol Komitəsinin katibinin müavini seçilmişəm. Bir neçə il sonra Moldova Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində çalışmışam. Daha sonra qısa bir müddətdə də Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində fəaliyyət göstərmişəm. Sonra isə Moldovaya geri dönmüşəm və bütün fəaliyyətimi biznesə həsr etmişəm.

- Diaspor işləri ilə nə zamandan məşğulsunuz?

“Moldova Azərbaycanlıları Konqresinin fəaliyyəti sanballı bir səviyyəyə gəlib çatıb”

 - 2004-cü ilin noyabr ayında Moldova Azərbaycanlıları Konqresinin sədri seçilmişəm. Təbii ki, bundan əvvəl də diaspor işi ilə bağlı müraciətlərə birmənalı şəkildə müsbət reaksiya verirdik. 2004-cü ilin noyabr ayından etibarən bugünədək isə indiki komanda ilə tam gücümüzlə çalışırıq. Bu dövrdə Moldova Azərbaycanlıları Konqresinin fəaliyyəti sanballı bir səviyyəyə gəlib çatıb.

- Moldovada nə qədər soydaşımız yaşayır?


- Moldovada separatizm baş qaldırmazdan əvvəl rəsmi statistikaya görə ölkədə 5 min nəfərə yaxın azərbaycanlı yaşayır.

- Konqres olaraq işinizi necə qurursunuz, daha çox nələrə diqqət edirsiniz, əsas gücünüzü nəyə yönəldirsiniz? Qurumun rəhbərliyi necə formalaşır, idarəetmə forması necədir?

- MAK birləşmiş diasporun ümumi mənafeyini təmsil edən təşkilatdır. Bu təşkilatın ən alı orqanı ümumi yığıncaqdır. Ümumi yığıncaqdan sonra Konqresin Şurası mövcuddur, sədrlə birlikdə 11 Şura üzvü var. Həmçinin, Nəzarət-Təftiş Komissiyası fəaliyyətdədir. Konqresi yaradanda, təsis sənədləri tərtib ediləndə onun qarşısına bir neçə məqsəd qoyulub. Bu məqsədlər, Moldovada yaşayan azərbaycanlıların mənafeyinin və hüquqlarının qorunmasıdır, ölkədə milli mədəniyyətimizin, dilimizin və digər milli mənafelərimizin qorunub saxlanması üçün şərait yaratmaq, eyni zamanda xalq diplomatiyasının dəstəyi ilə mövcud Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməkdir. Şura nizamnaməyə əsasən hər kvartalda bir dəfə toplanmalıdır, amma zəruri məqamlarda növbədənkənar toplanırıq. Məsələn, bu yaxınlarda erməni işğalçıları Füzuli rayonunun Alxanlı kəndində faciə törətdilər, növbəti aqressiya göstərdilər, biz dərhal bununla bağlı Şuranın növbədənkənar iclasını çağırdıq, orada bəyanat qəbul etdik. Bizim bəyanatımızı Moldova mətbuatı, o cümlədən dövlət informasiya agentliyi üç dildə (rumın, rus və ingilis dillərində) geniş şəkildə işıqlandırdı.

- Konqresin Moldovada çəkisi, kontaktları hansı səviyyədədir?

- Mövcud ictimai fikrə görə Moldovadakı Azərbaycan diasporu buradakı sayı çox olan millətlərin diasporu ilə müqayisədə belə çox aktiv görünür. Bu, istər ictimai, istər mədəniyyət və sosial-hümanitar sahələrdə də özünü göstərir. Baxmayaraq ki, bizim hazırda Moldova parlamentində birbaşa millət vəkilimiz yoxdur (bir neçə il əvvəl olub-Fərman müəllim Nuriyev ), amma dövlət və yerli hakimiyyət strukturlarında işləyənlərimiz var. Ümumiyyətlə Moldovada yaşayan azərbaycanlıların şəxsi əlaqələri, dostluqları, nüfuzları sayəsində Azərbaycan diasporunun gücü böyükdür və sözü yüksək səviyyələrdə keçərlidir. Konqres isə cəmiyyətdə artıq çox ləyaqətli bir mövqe tutur.

- Konqresin prioritetləri nədən ibarətdir? Hər gün üzərində çalışılan, işlənilən istiqamətiniz nədir?

- Prioritetlər zaman-zaman dəyişir. Bu, obyektiv səbəblərdən asılıdır. Təbii ki, Azərbaycanın təbliğatı, Qarabağ problemi, buradakı soydaşlarımızın hüquqlarının qorunması, milli-mədəni dəyərlərimizin təşviqi ilə bağlı daimi fəaliyyətimiz mövcuddur. Eyni zamanda hansısa bir vəziyyətlə bağlı konkret məsələ, problem ortaya çıxırsa, əsas diqqət məhz ona yönəldilir. Məsələn, biz bu yaxınlarda Alxanlıdakı faciə ilə bağlı xüsusi çalışdıq, Kişinyovda mərkəzi Ştefan meydanından başlayaraq şəhərin mərkəzi küçəsi ilə yürüş təşkil etdik, ardınca Ermənistan səfirliyinin qarşısında piket təşkil etdik və siz də bu aksiyanı özünüz burada izlədiniz. Bir neçə il öncə isə Dağlıq Qarabağdakı separatçı rejimin Moldovaya musiqi ansanblı gəlmişdi. Xəbər tutduq ki, onlara konsert üçün Kişinyovun ən məşhur mədəniyyət zallarından biri-Milli saray icarəyə verilib. Hətta onlar biletlərini də satmışdılar. Mən həmin vaxt Moldovada deyildim, bundan xəbər tutan kimi, bütün işlərimi buraxıb Kişinyova döndüm. O zamankı Moldova rəhbərliyi ilə danışıqlara girdim, reaksiya adekvat oldu. Bəlli oldu ki, Moldovada bəzi qüvvələr süni yollarla separatçıların musiqi komandasına konsert üçün şərait yaradıblar. Bu təxribatın qarşısı dərhal siyasi səviyyədə alındı və təxribat xarakterli konsert həyata keçmədi.
Planlı olaraq gördüyümüz işlərə gəlincə, Konqres olaraq 2005-ci ildə dahi şairimiz Nizami Gəncəvinin heykəlini Kişinyovun mərkəzi parklarından birində ucaltmışıq. Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin Moldovaya ilk rəsmi səfəri zamanı onun açılışı oldu. Həmçinin, burada Nizami Gəncəvi adına incəsənət, elm və mədəniyyət xadimlərini təltif etmək üçün mükafat və aktiv tələbələr üçün təqaüd təsis etmişik. Nizami Gəncəvinin əsərlərini 4 dildə, o cümlədən rumın dilində miniatür kitab şəklində çap etdirmişik. Ötən il Moldova və Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş gözəl bir layihə icra etmişik. Moldovanın şimal istiqamətində - beynəlxalq magistralında Sıncerey şəhərinin girişində “Dostluq qapısı” adlı bir abidə qoymuşuq. Bu abidədə həm də hər iki xalqın memarlıq üslubları öz əksini tapıb.
Konqres Moldovanın ümumi inteqrasiya proseslərində də aktiv iştirak edir. Bir neçə il öncə qaqauz qardaşlarımızın kompakt yaşadığı bölgədə Qaqauziya muxtariyyətinin paytaxtı Komrat şəhərində fəxri xiyabanın açılışı oldu. Həmin xiyabanda Moldova xalqının tanınmış şəxsi, eyni zamanda UNESCO tərəfindən adına il elan olunmuş MixailEmineskoya büst qoymuşuq. Biz ümumiyyətlə çalışırıq ki, təkcə öz milli maraqlarımızı tanıtmaqla qane olmayaq, həm də bu ölkədə ümumi inteqrasiya proseslərində aktiv iştirak edirik. Biz Moldovanı ikinci vətən kimi qəbul etmişik və sevirik. Bu da Moldova xalqının gözündə bizə hörmətə və yüksəlişimizə səbəb olur. Moldovanın çox tanınmış yazıçılarının, şairlərinin əsərlərini həm milli dildə nəşr, həmdə xarici dillərə tərcümə etdirmişik. Bəzi görkəmli bəstəkarlarının əsərlərini yubileyləri şərəfinə, yaxud digər əlamətdar tarixlərdə müxtəlif albomlar şəklində ərsəyə gətirmişik. Moldovanın tanınmış xalq artisti, təkcə bu ölkədə deyil, artıq dünyanın çox ölkələrində məşhur ulduz olan Konstantin Moskoviçin ifasında "Azərbaycan musiqisinin Moldova neyində antalogiyası" albomunu hazırlatmışıq. Bu albom iki xalqın mədəniyyətinin demək olar ki, ortaq incisinə çevrilib.


- Moldova hökuməti, rəsmi qurumları ilə Konqresin hansısa əməkdaşlığı, əlaqələri varmı? Varsa, hansı səviyyədədir?


- Moldova Azərbaycanlıları Konqresi Moldova hökuməti yanında Etnik Münasibətlər Bürosunda rəsmi akkreditə olunmuş təşkilatdır. Həmin Büro nəzdində Etnik Təşkilatlar Liderlərinin Koordinasiya Şurası var və MAK-ın sədri də həmin Şuranın üzvüdür. Yeri gəlmişkən qeyd edim ki, o Şuranın bir neçə dəfə həmsədri bizim həmvətənimiz olub. Orada həmsədr baxmayaraq ki, rotasiya qaydasında seçilir, bizim soydaşımız Müharib Allahverdiyev seçim yolu ilə oranın üç müddət həmsədri oldu. Bundan başqa diaspora fəallari Moldova Respublikasının müxtəlif səviyyələrdə rəhbərliyi ilə, nazirliklərlə, deputatlarla, Moldova Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Elmlər Akademiyasi və bir çox başqa mühüm təşkilatları ilə gözəl münasibətdədirlər və səmərəli əməkdaşlıq edirik. Konqresin üzvlərinin Moldovanın yüksək vəzifəli rəsmiləri ilə şəxsi dostluqlarından milli maraqlarimiz üçün də yararlanırlar.

- Biz özümüz də müşahidə etdik ki, Moldovada Azərbaycan diasporu güclüdür, onun rəhbər şəxslərinin böyük hörməti var, müəyyən rəsmi dairələrdə, iqtisadi sferada söz sahibidirlər. Başqa ölkələrdə diasporumuzun belə imkanları təəssüf ki, müşahidə olunmur. Bu imkanlardan istifadə edib Moldova parlamentinə bir soydaşımızın düşməsinə nail olmaq mümkün deyilmi?


- Bu məsələ bir prioritet məqsəd olaraq bizim proqramımızda var. Təbii ki, bu gün həmin məqsəd üçün hazır layiqli, yetkin şəxslərimiz də var. Ancaq onlar təəssüf ki, bunu istəmirlər. Yəni həmin şəxslər özlərini birbaşa siyasətlə bağlamaq istəmirlər. Amma eyni zamanda yeni nəsil böyüyür, Moldova dövlətinin ictimai-siyasi həyatında artıq dövlət dilinə böyük önəm verilir. Rəsmi dövlət dilini bilmək deputat missiyasını həyata keçirmək üçün çox vacibdir. Yeni nəsil içərisində dövlət dilini doğma dili qədər yüksək səviyyədə bilən aktiv gənclərimiz var. Ümid edirəm ki, gələcəkdə onlar Moldova parlamentinə düşə biləcəklər. Bir az əvvəl qeyd etdim ki, keçmişdə bizim Moldova parlamentində millət vəkilimiz olub. Fərman Nuriyev – o, bizim burada yaşayan ağsaqqallarımızdandır - bir çağırış burada deputat olub. İşlədiyi dövrdə də çox aktiv siyasi xadimlərdən biri olub. Son illərə qədər Moldova Veteranlar Assosiasiyasının Kişinyov Bürosunun sədri işləyib.


- Milli bayramlarımızda Moldovada rəsmi tədbirlər keçirirsiniz?

- Əlbəttə. 2004-cü ildən Azərbaycanın Moldovada rəsmi təmsilçiliyi fəaliyyət göstərir. Biz bəzi tədbirlərimizi səfirliklə birlikdə, bəzilərini sırf səfirlik, bəzilərini isə konqres xətti ilə reallaşdırırıq. Ayrılıqda təşkil olunan tədbirlərdə də konreqsin üzvləri səfirliyin törənlərində, konqresin tədbirlərində isə başda cənab səfirimiz olmaqla, missiyanın əməkdaşları iştirak edirlər. Novruz bayramı burada hər il geniş miqyasda keçirilir, bu bayrama hər il Moldovanın rəhbər şəxsləri, çoxsaylı deputatlari, tanınmış ictimai, mədəniyyət və elm xadimləri, digər diasporların liderləri qatılırlar. Ən azı baş nazirin müavini, parlament sədrinin müavini, yaxud mədəniyyət nazirliyinin rəhbərliyi öz təbrikləriylə Novruz tədbirlərimizə qoşulub çıxışlar edirlər.

- Diasporla İş Üzrə Dövlət Komitəsi ilə münasibətləriniz necədir? Onlarla hansı formada əməkdaşlıq edirsiniz?

- Əlaqələrimiz sıx və müntəzəmdir, səmərəlidir. Komitədən gələn hər bir müraciətə Moldova Azərbaycanlıları Konqresi adekvat reaksiya verir və lazim olani edir. Eyni zamanda da Konqresin müraciətlərinə Komitə rəhbərliyi və kollektivi daim müsbət qarşılıqverir, bəzən gəlib tədbirlərimizdə də iştirak edirlər.

- Azərbaycanla təmaslarınız necədir, gedib-gəlirsinizmi?

“Əsl vətənpərvər insanı bir anlıq vətən hissindən məhrum etsən, özünü tanımaz, həyatının mənası itər”

- Gedib-gəlirəm, çünki ora bizim vətənimizdir, vətənimizdə doğmalarımız var. Atam dünyasını dəyişib, ancaq anam isti nəfəsi ilə həyatımızı zənginləşdirməkdə davam edir, anama, digər qohumlara mütəmadi gedib baş çəkirəm. Xaricdə yaşayan insan olaraq hər an vətən haqda düşünürük. Vətən hissi elə bir hissdir ki, əsl vətənpərvər insanı bir anlıq ondan məhrum etsən, özünü tanımaz, həyatının mənası itər.


- Moldovanın özünün ictimai-siyasi durumunu necə dəyərləndirirsiniz? Ölkə bu gün hansı istiqamətə gedir, iqtisadi vəziyyət necədir?

- Moldova xalqı Azərbaycan xalqı ilə eyni vaxtlarda ölkənin müstəqilliyini bəyan edib, 25 ildən çoxdur ki, müstəqillik yolundadır. Təbii ki, bu yol bir düz xətt kimi görünmür. Burada dalğavari inkişaf yolu var. Bəzən Moldova böyük sürətlə öz inkişafını təmin edib, bəzən isə həm obyektiv, həm də subyektiv səbəblərdən müəyyən çətinliklərlə rastlaşıb, böhranlar yaşayıb. Son dövrdə - ötən ilin axırlarında seçilmiş hökumət çox praqmatik siyasət aparan hökumətlərdən biridir. Artıq ən vacib iqtisadi göstəricilər müsbət istiqamətdə dəyişib. Moldovanın bugünkü durumu təbii ki, öz imkanlarına, resurslarına tam uyğun deyil, daha yüksək nailiyyətlər əldə etmək imkanları genişdir. Geosiyasi mövqelər səbəbindən Moldovada inkişaf prosesləri istənilən templə gedə bilmir. Moldovada da Azərbaycandakı kimi ərazi problemi var. Moldovanin hazırda separatizm problemli olan bölgəsi SSRİ zamanı bu ölkədə əsas sənaye mərkəzi idi. İndi bu bölgədəki münaqişə ölkənin iqtisadiyyatına böyük zərər vurur və Moldovanın ümumi inkişafına mane olan əsas səbəblərdən biridir. 2006-cı ildə Rusiya Moldovaya iqtisadi embarqo tətbiq etdi. Hansı ki, həmin vaxt Moldova şərabları Rusiyanın şərab bazarının 50 faizindın çoxunu təşkil edirdi. Bu isə Moldova ixracatının 65 faizindən çoxu demək idi. Birdən birə bu qapılar bağlandı və sıfıra endi. O zaman üçün alternativ imkanlar da geniş deyildi. Sonradan diversifikasiya kursu tutan şirkətlər özlərinə alternativ bazarlar axtarmağa başladılar, nəticə olaraq Moldova yavaş-yavaş o güclü böhrandan çıxmağa başladı. Bir məqamı da qeyd edim, Moldovanın əhalisinin bəzi mənbələrə görə 700 mindən, digər mənbələrə görə 1 milyondan ibarət hissəsi xaricdə - Avropada, Rusiyada işləyirlər, pul qazanırlar.

- Moldovada da digər bir sıra postsovet ölkələrində olduğu kimi iki gücün – Qərblə Rusiyanın maraqları toqquşur. Siz necə düşünürsünüz, son nəticədə Moldova tamamilə Qərb yönümlü ölkəyə çevriləcək, yoxsa Rusiya hələ uzun müddət burada öz təsirlərini qoruyub saxlaya biləcək?

- Bu mövzu ilə bağlı siyasi icmalçılar, ekspertlər çox müzakirələr aparırlar. Sözsüz ki, hər kəsin öz proqnozu var. Mənim bu məsələdə fikir bildirməyim çətindir. Amma diqqətinizi bəzi faktlara yönəltmək istərdim: Hazırda Moldova Avropa Birliyinə girmək üçün assosiativ müqavilə imzalayıb. O müqavilə artıq qüvvəyə minib. Onun əsasında Moldova hökuməti müqavilədə göstərilən şərtləri yavaş-yavaş həyata keçirir. Standartların vahidləşməsi, gömrük qanunçuluğunun Avropa qanunları ilə uyğunlaşdırılması, korrupsiya ilə mübarizə, Avropa ilə Moldova arasında gömrük rüsumunun aradan qaldırılması ilə bağlı şərtlər yerinə yetirilir. Artıq Avropa ilə Moldova arasında gömrük rüsumu yoxdur. Bundan başqa, biometrik pasportu olan hər bir Moldova vətəndaşı Şengen zonasına vizasız, sərbəst gedib-gəlir. Eyni zamanda Moldova MDB üzvü statusunu da saxlayıb. Türkiyə ilə də sərbəst ticarət müqaviləsi artıq qüvvəyə minib, bu da Moldova üçün əlavə şans açır. Bu söylədiklərimi nəzərə alsaq, Moldovanın çox gözəl və əlverişli imkanları var. Yəni bir tərəfdən Avropa, digər tərəfdən də MDB ölkələri üçün maraqlıdır. Bununla bağlı hiss olunur ki, Moldovaya yatırılan investisiyaların həcmi artmağa başlayıb. Moldovada bir çox dünyada tanınmış şirkətlər məskən salıblar, müvəffəqiyyətlə çalışırlar.

- Bəs Moldovada azərbaycanlı iş adamları daha çox hansı sahədə çalışırlar? Kimlər var burada? Onlardan diaspor işində yaxından iştirak edən kimlər var?

- İlk gündən diaspor hərəkatının işində can qoyan, öncüllük edən şəxslərimiz var. Müharib Allahverdiyev, Namiq İsmayılov, Rafiq Əliyev, Fərman Nuriyev, Tanriverdi Mustafayev, Dünyamali Əhmədov, Eyvaz Əliyev, Teymur Zeynalov, Adıgözəl Rəhmanov, Əli Məmmədov, Namizəd Bağırov, Mugabil Hümbətov, Yunis Rəhimov, Fəxrəddin Əhmədov kimi şəxslər müxtəlif dövrlərdə Moldovada Azərbaycan diaspora hərəkatının yaranmasına və inkişafına öz töhfələrini veriblər. Bu şəxslərin bəziləri bu günə qədərdə diaspor işində rəsmi və aktiv iştirak etməkdə davam edirlər. Bizim biznes sahəsində çalışan bir çox hörmətli, nüfuzlu diasporumuzun fəaliyyətinə ciddi dəstək verən soydaşlarımız da var. Məsələn: diasporumuzun ağsaqqallarından biri olan Feyruz müəllim İsayev, “LUKOYL Moldova”nın baş direktorudur, eyni zamanda çoxşaxəli biznes sahəsini əhatə edən böyük nüfuzlu iş adamıdır. Müharib Allahverdiyev böyük distribütor şirkətinin sahibi, Müqabil Hümbətov isə istehsalat sahəsində böyük şirkət sahibləri kimi tanınmış iş adamlarıdırlar. Rafiq Əliyev mühüm iqtisadi sektorda böyük işi və nüfuzuilə seçilən sahibkarlarımızdandir. Namiq İsmayılov turizm və yolçu daşımaçılığı, Əli Məmmədov və Namizəd Bağırovinşaat sektoru, Yunis Rəhimov istehsalat sahələrində tanınmış iş adamlarıdırlar. Adları sadalan həmvətənlərimizin hər biri diaspor fəaliyyətində aktiv iştirak edən və öz imkanlarıyla KAM-a hərtərəfli dəstək verən, dövlət və milli maraqlarımıza cavab verən layihələrdə yaxından iştirak edən, vətənpərvər, millətsevər və Azərbaycanın ali rəhbərliyinin apardığı siyasəti dəstəkləyən şəxslərdir. Təbiiki, bu kontekstdə vaxt azlığından adları çəkilməyən həmvətənlərimiz də var.

- Vüqar müəllim, bəlkə zarafat görünə bilər, amma maşallah, deyəsən Moldovanın iqtisadi sferasında söz sahibi azərbaycanlılardır...

- Demək olar ki, o cümlədən azərbaycanlılardır. Bir məqamı da qeyd edim, bizim burada çalışan iş adamlarımızın bir çoxu yüksək dövlət mükafatlarına, orden-medallara layiq görülüblər. Feyruz müəllim Moldova dövlətinin həm “Əmək Şöhrəti” ordeni, həmdə “Şöhrət” ordenilə, Müharib müəllim isə“ Əmək Şöhrəti” ordenilə təltif olunublar. Moldovanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış həmvətənlərimiz də var. Namiq İsmayılov, Şöhrət Əhmədov Moldovanın ərazi bütövlüyü uğrunda apardıqları mübarizəyə görə yüksək mükafatlar alıblar. Qafur Süleymanov isə ötən il ölümündən sonra Moldovanın hərb sahəsində qəhrəmanlığa görə ikinci ən yüksək ordeni ilə təltif olundu, onun mükafatı Moldovanin Azərbaycandakı səfiri cənab Leuka Georgi tərəfindən qohumlarına təqdim edildi.

- Sonda onu soruşaq, Konqreslə Azərbaycanın Moldovadakı səfirliyinin münasibətləri, əməkdaşlığı hansı səviyyədədir? Bir diaspor olaraq səfirliyin fəaliyyəti kənardan sizə necə görünür?

IMG_20170711_163330.jpg (2.77 MB)
- İlk növbədə onu qeyd edim, sevindirici haldır ki, səfirliklə diaspor, konkret olaraq Moldova Azərbaycanlıları Konqresi arasında gözəl münasibətlər və çox səmərəli əməkdaşlıq var. Bir az öncə keçirdiyimiz tədbirlər və onlarda tərəflərin iştirakı haqqında misallar da çəkdim. Hazırda Moldovada Azərbaycanımızı cənab səfir Qüdsi Osmanov təmsil edir. O, Moldovaya səfir təyin edildiyi gündən elan edib ki, səfirlik Moldovada sizin hər birinizin ikinci doğma eviniz, ata-baba yurdunuzdur, qapılar hər an üzünüzə açıqdır. Qüdsi müəllim diaspor işlərinin incəliklərini də yaxşı bilir, nəfəsini də çox gözəl hiss edir. Qüdsi müəllim ondan əvvəlki səfirlərin dövründə görülən müsbət işlərə də yüksək qiymət verir, eyni zamanda gəldiyi gündən diasporun görmüş olduğu və görməkdə davam etdiyi işlərə böyük qiymət verərək, öz diqqət və qayğısını göstərir. Bu yüksək qiymət və dəstək üçün biz cənab səfirə təşəkkürümüzü bildiririk!


Elşad MƏMMƏDLİ
Nicat DAĞLAR
Bakı-Kişinyov

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR