Amerikalı ekspert: "Azərbaycanın hava üstünlüyü Ermənistanı yeni qarşıdurmada çətin vəziyyətə sala bilər"
Amerikanın nüfuzlu "The National Interest" jurnalında dərc olunan məqalədə Azərbaycan və Ermənistanın hərbi-hava qüvvələrinin imkanları müqayisə edilib. Musavat.com xəbər verir ki, milli təhlükəsizlik, texnologiyalar və siyasi mədəniyyət mövzuları üzrə ixtisaslaşan amerikalı hüquqşünas və analitik Harrison Kass nəşrə deyib ki, Azərbaycanın aviasiya, pilotsuz uçuş aparatları (PUA) və yüksək dəqiqlikli silahlar sahəsində əldə etdiyi üstünlük mümkün yeni hərbi qarşıdurma zamanı hava məkanında ona ciddi üstünlük qazandıra bilər.
Müəllif qeyd edir ki, iki ölkə arasındakı fərq yalnız hərbi texnika ilə məhdudlaşmır. Onun fikrincə, Azərbaycanın demoqrafik və iqtisadi göstəriciləri də müdafiə potensialının formalaşmasına mühüm təsir göstərir. Məqalədə bildirilir ki, Azərbaycanın əhalisi təxminən 10,69 milyon nəfər olduğu halda, Ermənistanda bu göstərici 2,96 milyon nəfərdir. Ümumi daxili məhsulun həcmi isə Azərbaycanda təxminən 76 milyard dollar, Ermənistanda isə 31,87 milyard dollar səviyyəsində qiymətləndirilir. Analitik hesab edir ki, bu iqtisadi imkanlar Bakıya müdafiə xərclərini artırmağa və müasir silah sistemləri almağa şərait yaradır.

Harrison Kassın təhlilinə görə, fərq xüsusilə hərbi-hava qüvvələrinin imkanlarında özünü göstərir. Məqalədə qeyd olunur ki, Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalında pilotsuz sistemlər istisna olmaqla təxminən 167 təyyarə və helikopter var. Ermənistanın aviasiya parkı isə təxminən 70 uçuş aparatından ibarətdir. Şəxsi heyət baxımından da fərq nəzərə çarpır. Belə ki, Azərbaycan Hərbi Hava Qüvvələrində təxminən 15 min hərbi qulluqçu xidmət etdiyi halda, Ermənistan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti təxminən 5 min nəfər təşkil edir. Məqalədə vurğulanır ki, Azərbaycanın döyüş aviasiyasının əsasını MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələri təşkil edir. Bundan əlavə, son illərdə Pakistan və Çin istehsalı olan müasir JF-17 Thunder qırıcılarının silahlanmaya qəbul edilməsinin ölkənin hava qüvvələrinin imkanlarını daha da artırdığı qeyd edilir. Analitik həmçinin Azərbaycanın sərəncamında Boeing 767, İl-76 və C-27J Spartan nəqliyyat təyyarələrinin, müxtəlif təlim təyyarələrinin və geniş helikopter parkının olduğunu xatırladır.
Lakin Harrison Kass Azərbaycanın əsas üstünlüyünün məhz pilotsuz uçuş aparatları sahəsində formalaşdığını bildirir. Onun sözlərinə görə, Türkiyənin istehsalı olan "Bayraktar TB2" PUA-ları uzunmüddətli kəşfiyyat aparmaqla yanaşı, yüksək dəqiqlikli zərbələr endirmək imkanına malikdir. İsrail istehsalı olan "Harop" və "SkyStriker" tipli kamikadze pilotsuz aparatlarının isə hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və strateji hədəflərin vurulması baxımından mühüm rol oynadığı vurğulanır.
Analitik Ermənistanın hava qüvvələrinin imkanlarını da təhlil edir. Məqalədə bildirilir ki, Ermənistanın sərəncamında cəmi dörd ədəd Su-30SM çoxməqsədli qırıcısı, Su-25 hücum təyyarələri, Mi-17 və Mi-24 helikopterləri, həmçinin Airbus H145 tipli helikopterlər mövcuddur. Bununla belə, müəllif hesab edir ki, İrəvan müxtəlif səbəblərdən, o cümlədən silah təminatı, idarəetmə infrastrukturu və döyüş koordinasiyası ilə bağlı problemlər üzündən Su-30SM təyyarələrinin imkanlarından tam istifadə edə bilməyib.Məqalədə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinə də toxunulur. Harrison Kass qeyd edir ki, həmin müharibə pilotsuz uçuş aparatlarının və "gəzən sursat" kimi tanınan kamikadze sistemlərinin müasir döyüşlərdə oynadığı rolu bütün dünyaya nümayiş etdirdi. Onun fikrincə, Azərbaycan bu sistemlərdən döyüş meydanının fasiləsiz müşahidəsi, qarşı tərəfin mövqelərinin müəyyən edilməsi, zirehli texnika, artilleriya vasitələri, logistika obyektləri və radiolokasiya sistemlərinin məhv edilməsi üçün geniş istifadə edib.

Analitik hesab edir ki, müharibədən sonra Azərbaycan Türkiyə və İsrail istehsalı olan müasir müdafiə texnologiyalarına investisiyalarını davam etdirərək ordusunu real vaxt rejimində kəşfiyyat aparan, radioelektron mübarizə imkanlarına malik, yüksək dəqiqlikli zərbələr endirən və hava hücumundan müdafiə sistemlərini neytrallaşdırmağa yönəlmiş konsepsiya əsasında inkişaf etdirib. Məqalədə Ermənistanın isə daha çox sovet dövründən qalma hərbi doktrinaya, stasionar radar sistemlərinə və ənənəvi hava hücumundan müdafiə vasitələrinə söykəndiyi iddia olunur. Harrison Kassın qənaətinə görə, əgər gələcəkdə iki ölkə arasında yeni silahlı qarşıdurma baş versə və kənar müdaxilə olmasa, Azərbaycanın müasir qırıcıları, geniş pilotsuz aviasiya parkı, kamikadze pilotsuz aparatları və hava hücumundan müdafiə sistemlərinin yatırılması imkanları ona qısa müddətdə hava üstünlüyü əldə etməyə şərait yarada bilər. Müəllif məhz bu səbəbdən hesab edir ki, Ermənistan üçün ən məqsədəuyğun seçim hərbi eskalasiyadan yayınmaq və sülh prosesinin davam etdirilməsidir. Onun fikrincə, regionda uzunmüddətli sabitliyin təmin olunması hər iki ölkənin maraqlarına cavab versə də, mövcud hərbi balans fonunda sülh xüsusilə Ermənistan üçün daha əlverişli alternativ kimi görünür.
Musavat.com






