Azərbaycanlı tarixçi-araşdırmaçı və politoloq Natiq Hümbətov Gürcüstanın Suxumi Dövlət Universitetinin Humanitar Elmlər fakültəsində "XI-XIII əsrin əvvəllərində Gürcüstan və qıpçaq dünyası" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Musavat.com xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Bildirilib ki, müdafiə zamanı rəsmi opponentlər professor Mixail Baxtadze və professor Kaxa Kvaşilava, elmi rəhbər professor Zurab Papaskiri, həmçinin tanınmış alimlər Giuli Alasaniya, Guram Marxuliya və digər çıxış edənlər dissertasiyanı yüksək qiymətləndirərək onu dəyərli monoqrafik tədqiqat əsəri adlandırıblar. Qeyd olunub ki, bu elmi iş Azərbaycan-Gürcüstan elmi əlaqələrinin inkişafı və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumata görə, dissertasiya əvvəlcə rus dilində hazırlanıb, daha sonra gürcü dilinə tərcümə olunub. Natiq Hümbətov elmi müdafiə məruzəsini də gürcü dilində təqdim edib. Bu, Azərbaycan vətəndaşının Gürcüstanda gürcü dilində doktorluq dissertasiyası müdafiə etməsi baxımından ilk hadisə kimi qiymətləndirilib.
Natiq Hümbətov tədqiqatın əsas məqsədinin XI-XIII əsrlərdə türk xalqlarından olan qıpçaqların Gürcüstan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində oynadığı müstəsna rolu elmi əsaslarla araşdıraraq ictimaiyyətə çatdırmaq olduğunu bildirib.
Onun sözlərinə görə, qıpçaqlar Borçalı azərbaycanlılarının etnogenezində də mühüm yer tutur. Tədqiqat həm də göstərir ki, həmin dövrdə qıpçaqlar Gürcüstanın "Qızıl dövr"ünün formalaşmasında əhəmiyyətli rol oynayıblar.
"Xalqlarımızın dostluğundan narahat olan qüvvələr keçmişimizi qarşıdurma üzərində təqdim etməyə çalışırlar. Halbuki ortaq tariximizdə işğalçı qüvvələrə qarşı çiyin-çiyinə vuruşduğumuzu təsdiqləyən çoxsaylı tarixi faktlar mövcuddur", – deyə Natiq Hümbətov vurğulayıb.
Qeyd edək ki, Natiq Hümbətov "Dostluq körpüsü" kitabının redaktoru və tərtibatçısı, həmçinin iki sənədli filmin ssenari müəllifidir. O, müxtəlif elmi jurnallarda və internet resurslarında tarix və politologiya mövzularında çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir.
Musavat.com






