İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Klinika” işinə görə həbs edilən şəxslər son söz dedi- Məhkəmə hansı cəzanı verəcək?  

1032 08.12.2021 15:58 Kriminal A A

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru və digərləri barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq, humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.

Bundan sonra təqsirləndirilən şəxslərə son söz verilib.

Pərviz Abbasov son sözündə özünü təqsirli bilmədiyini deyib. P.Abbasov məhkəmədən ədalətli hökm çıxarılmasını istəyib:

"Hörmətli məhkəmə, ortada ağır bir ittiham var. İndi deyəcəyim sözlərin nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Amma özümü qətiyyən təqsirli hesab etmirəm. Verilən ittihamların mənimlə əlaqəsi belə yoxdur. İttiham üçün sübutlar lazımdır. Burada nişanlanmış pullar, telefon danışıqları və digər sübutlar ortaya qoyulmalı idi. Mənə verilən ittihamlarda bu sübutların heç biri yoxdur”.

P.Abbasov qeyd edib ki, həbsdə olduğu müddətdə eyni maddələrlə saxlanılan digər şəxslərin işləri ilə də tanış olub:

“Mənim cinayət işimdəki hala heç bir yerdə rast gəlmədim. İlk gündən ittiham necə başlayıbsa, son günə qədər də elə davam etdi. Bizim burada danışdıqlarımız heç nəyi dəyişmədi. Onu da deyim ki, mənim iş otağımda olan çəkiliş də yanlışdır. Orada məqsəd ictimaiyyəti çaşdırmaq olub ki, hamı düşünsün ki, bu yolun adamıdır. Burada mənimlə tutulan şəxslərin heç birinin çalışdığım müəssisə ilə əlaqəsi yoxdur. Bu günə qədər "Yeni Klinika" dan heç kim bura gəlməyib. Prokuror mənə 10 il iş istəyib. Bu necə ola bilər? Heç məndən artıq maddələrlə həbs olunanlarda belə olmur”.

Təqsirləndirilən Samir Mirzəyev, Əvəz Hüseynov və Qalib Nəcəfov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.

Əvəz Hüseynov son sözündə son dərəcə peşman olduğunu və əməlinin cinayət hesab olunduğunu bilmədiyini bildirib. Təqsirləndirlilən şəxs asma xəstəsi olduğu üçün məhkəmədən yüngül cəza istəyib. Vüsalə Əliyeva isə səhhətinə görə son sözə hazır olmadığını bildirib.

Məhkəmə araşdırması davam edir.

Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışıb. Samir Miriyev isə işsiz olub.

Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR