İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim hakimi məhkum etməz?

1421 20.10.2016 07:00 Yazarlar A A
Əlimizin altında iki kriminal xəbər var. İkisinin də fel hissəsi “məhkəmə zalından azadlığa buraxıldı” xəbəri ilə bitir. İkisi də dələduzluq barədədir.

Ölkədə hələm-hələm belə xəbərə rast gəlməzsən. Hakimlər adətən müttəhimlərə ittiham olunduqları maddələr üzrə ən ağır cəzaları verirlər.

Məsələn, adama törətdiyi cinayət əməlinə görə 7 ildən 10 ilə qədər həbs cəzası düşürsə, hakimlər çox vaxt  kasıb müttəhimlərə 10 il verirlər.

Eyni maddə ilə ittiham olunan imkanlı müttəhimə isə minimal cəza verirlər, amma o 10 ilin nəyə görə 7 ilə düşməsinin tutarlı səbəbləri, qərarı stimullaşdıran elementləri olur və bunun adının nə olduğunu hamı bilir.

Son illərdə heç olmayıb ki, bu ölkədə adamı günahsız olduğu üçün məhkəmə zalından azadlığa buraxsınlar. 

Burası polkovnik Tofiq Qasımovun adının keçdiyi cinayət işində siyasətçi Tofiq Qasımovun türmədə yatırdıldığı ölkədir. 

Elə bir neçə il öncə siyasi fəal qardaşlardan birinin yerinə o birinin həbs edildiyi, yanlışlıq üzə çıxandan sonra böyük qardaşın da tutulduğu, daha sonra ikisinin də mühakimə olunması kimi bir hadisə baş verib.  

Bu, istənilən ölkənin hüquq-məhkəmə sistemi üçün biabırçı bir olay idi. Ancaq baxaq, görək  məhkəmə son anda öz səhvini düzəltdimi, müttəhimlərdən birini, həbs sifarişi verilməmiş qardaşı məhkəmə zalından azadlığa buraxdımı? 

Buraxmadılar, Sirac da cəzaçəkmə müəssisəsində yatdı, Fərəc də. 

Amma budur, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov dələduzluqda təqsirləndirilən sabiq həmkarını, vaxtilə ona-buna hökmlər oxuyan Fəxrəddin Rzayevi məhkəmə zalından azadlığa buraxıb.

Nəyə görə? Axı  ittiham aktında qeyd edilirdi ki, F.Rzayev vətəndaşların etibarından istifadə edərək onlardan külli miqdarda pul alıb. 

Adlar da çəkilirdi, zərərçəkənlərin ifadəsi vardı. Məsələn, göstərilirdi ki, F.Rzayev Eyvaz Abbasovdan oğlunu polisə işə düzəltmək üçün 20 min alıb, Sahib Aslanovdan isə borc aldığı 3 min manatı qaytarmayıb.

Necə olur ki, türmələr toyuq oğurlarıyla, dost-tanışlarına, camaata 100-150 manatlıq kələk gələn dələduzlarla dolub-daşdığı halda insanlara külli miqdarda ziyan vuran və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunan vəzifəli şəxsə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilir və o azadlığa buraxılır? 

Hələ bu işdə bir xüsusat da var: sıravi dələduzların əməli adi dələduzluqdur, fırıldaqçılıqdır, vəzifəli şəxsin dələduzluğu isə öz qaynağını onların öz qulluq mövqelərindən sui-istifadə etmələrindən, rüşvətxorluqlarından götürür. 

Başqa sözlə, sabiq hakim ona görə ilişib ki, aldığı rüşvəti qaytarmayıb, yəni nə sifarişçinin işini yerinə yetirib, nə də aldığı pulu qaytarıb. İşin üstü də ona görə açılıb. Halbuki  o, aldığı rüşvət müqabilində adamın oğlunu polisə işə düzəltsəydi, ortaya nə rüşvətxorluq faktı çıxacaqdı, nə də dələduzluq faktı.

İndi başqa bir hakim heç nə olmamış kimi sabiq həmkarını məsuliyyətdən azad edir və bu xəbər informasiya məkanında təntənə ilə dolaşır - sanki hakim çox humanist bir addım atıb. 
Əslində isə bu olay Ədliyyə Nazirliyi və Ali Məhkəmə tərəfindən nəzarətə götürülüb araşdırılmalıdır və bu “humanistliy”in mayasındakı səbəblər ortaya qoyulmalıdır.
Daha bir  bənzər xəbər də külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin məhkəmə zalından azadlığa buraxılmasına dairdir. 

A.Abdullayev də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Bakı sakini Rasim Əliyevin toplamda 145 min külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilirdi. Hələ bu işdə başqa zərərçəkənlər də vardı. 

İndi o da azadlığa buraxılıb. Amma iş adamının azadlığa buraxılmasını anlamaq olar. Buraxıblar ki, getsin, özünü oda-közə vursun, camaata olan borcunu qaytarsın, üstəlik, o, bu pulları rüşvət olaraq almayıb, iş görmək üçün alıb.

Söhbət ondan gedir ki, bu cür hadisələr dövlətin sütunlarını sarsıdan, zəiflədən detallardır. Klassik filosoflar hələ neçə yüz il öncə deyiblər ki, əs cinayətkarın cəzalandırılmadığı, günahsız insanların isə cəzalandırıldığı halda dövlət sarsılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR