İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞIĞI ALÇI DURAN HAY...

2348 27.11.2009 09:08 Yazarlar A A

Həmin yazıdan sitatlar qəzetimizin dünənki sayında yer alıb, oxumusunuz, amma o yazıda yerləşdirmək problemi üzündən iqtibas etmədiyimiz abzaslar da vardı.
Məsələn, “Axşam” qəzetinin əməkdaşı Nagehan Xankəndidə Petrosyan soyadlı bir “DQR” siyasətçisinin arqumentlərini sevə-sevə tirajlayıb. Petrosyan deyir ki, azərbaycanlılar artıq qərar versinlər, onların əcdadları türklərdir, yoxsa albanlar, gah elə deyirlər, gah belə.
Bundan başqa da Nagehanın yazısında xalqımızı erməni dili ilə aşağılayan ifadələr var.
Açıqca görünür ki, bu gənc xanım ya təcrübəsizlikdən, ya da bilərəkdən aqressor ermənilərlə torpaqları işğala məruz qalmış azərbaycanlılar arasında bərabərlik işarəsi qoyur, bəzənsə tərəzinin gözünü ermənilərin xeyrinə əyir.
İndiyəcən Dağlıq Qarabağda olub-bitənlər haqqında müxtəlif ölkələrdə yüzlərlə, minlərlə məqalə yazılıb. Dünyanın bir çox ölkələrindən reportyorlar bu qanlı bölgəyə səfər ediblər, qayıdanda öz dünyagörüş və vicdanlarına uyğun obyektivlikdə materiallar hazırlayıblar.
17-18 il öncə Rusiyada çıxan “Oqonyok” jurnalında Georgi Rojnovun yazdığı və o zamanlar bizə bir qədər qeyri-obyektiv görünən yazısı belə Nagehan Alçının serial yazılarının yanında işıq üzünə çıxarılmalı reportaj idi.
Hazırda Türkiyə mediasında bu xanımın ünvanına öygülər yağdırılır, onun cəsarətindən, Qarabağ kimi təhlükəli və qanunsuz bölgəyə səfər edərək, material hazırlamasından söz edirlər, “iştə qazeteçilik bu” deyirlər.
Amma bu, nasıl qazeteçilik ki, Nagehan xanım öyrənməyib ki, Şuşada heç vaxt onun iddia etdiyi kimi nəinki 400 min, heç 40 min adam yaşamayıb. Ətraf kəndlərlə birlikdə Şuşanın əhalisi 15 mini keçməyib.
Daha sonra o, qeyd edir ki, Şuşanın əhalisinin 70 faizi azərbaycanlı, 30 faizi erməni olub. Yenə də ermənilərin xeyrinə şişirtmə 10 dəfədən çoxdur. Şuşada ermənilər əhalinin 2-3 faizini zorla təşkil ediblər.
Bundan başqa, xanım Alçının yazısında Şuşanın əslində erməni, yaxud azərbaycanlı şəhəri olduğu bilinmir. Müəllif bunu qəsdən aydınlaşdırmayıb, “burada fərqli zamanlarda fərqli suverenliklər olub” deyə yazıb. Heç olmasa, Pənahəli xan Şuşanın daşını qoyanda yanında bircə nəfər erməni olsaydı, bəlkə də ermənilərin su bulandırmasının yeri olardı. Ancaq tarixi faktdır ki, ermənilər bu şəhərin tikintisində uzağı bənna və xarrat olaraq, muzdla çalışıblar.
Təəssüf ki, “Axşam” qəzetinin tərifli işçisi həqiqəti öyrənməyib, heç də “gördüyünü çağıran haqq aşığı” ola bilməyib, nahaq aşığı olub və ermənilər ona nə danışıblarsa, götürüb yazıb.
Belə olmasaydı, o, dünya binnət olandan öz məqsədlərinə ağlaya-ağlaya, özlərini yazıq, məzlum göstərərək çatmış hayları bu qədər zavallı görkəmdə təsvir etməzdi. Onun yazısını oxuyanda adam bir anlığa hər şeyi, bütün acıları unudur və ermənilərə yazığı gəlir.
Ümumiyyətlə, tanıyanların dediyinə görə, Nagehan Alçı antitürk düşüncəyə malik biridir. Bundan əvvəl o, Şimali İraqa gedərək kürd peşmərgələrini təsvir edən yazılar da yazıb.
Əslində bir yazıya, Anadolu türkləri demişkən, bu qədər yüklənmək yersiz görünə bilər. Amma elə deyil. Yazılan söz arxivlərdə olduğu kimi qalır, nəsildən nəslə keçir, illər keçdikcə qiymətə minir. Bu gün biz fransız yazarı Jorj de Malevilin 1915-19-cu illərdə erməni vəhşiliyindən bəhs edən qeydlərini necə ermənilərə qarşı kontr-dəlil kimi istifadə ediriksə, vaxt gələcək, Nagehan kimilərinin yazılarını da bizə qarşı istifadə edəcəklər. Bu sayaq yazılar düşmən əlində daha kəsərli silaha çevrilir, adama deyirlər, bunu da biz yazmamışıq ki, öz millətinizin oğlu (qızı) yazıb.
Biz bu cür yazıları Fransa və Rusiya mətbuatında çox görmüşük. İndi də Türkiyə mətbuatında görürük, bax, buna çox təəssüf.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR