İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaz quraqlığı kənd təsərrüfatına zərər vurub

622 07.05.2022 10:30 İqtisadiyyat A A

Rəsmilər keçən ilə nisbətən ölkədə daha çox su ehtiyatının toplandığını deyirlər

Son bir ayda Azərbaycanda müşahidə olunan quraqlıq kənd təsərrüfatı sahəsində mənfi nəticələrə səbəb olub. Bir sıra regionlarda 20 günə yaxın yağış yağmaması taxılın böyüməsini ləngidib, bəzi rayonlarda pambıq sahələrinə zərər vurub. Düzdür, artıq 2 gündür ölkənin əksər ərazilərində hava yağıntılı keçir. Lakin bu yağıntıların bitkiçilik sahəsində quraqlığın fəsadlarını nə qədər kompensasiya edəcəyi məlum deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, 2022-ci ilin mart ayının birinci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində ümumilikdə 31 marşrut üzrə qarölçmə işləri aparılıb: “Qarölçmə işlərinin nəticələrinə əsasən Böyük Qafqazda qarda olan su ehtiyatı keçən ilki səviyyəyə yaxın, amma normadan 10 faiz aşağı olub. Kiçik Qafqazda su ehtiyatları keçən ildən 3 faiz, normadan isə 21 faiz az qeydə alınıb”.

Asif Verdiyev: Çaylarda sululuq artıb - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Nazirlik rəsmisi qeyd edir ki, mayın ilk ongünlüyü ərzində ölkə ərazisində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı müşahidə olunur: “O cümlədən Kür çayında - Qanıx çayında sululuq kəskin artıb. Kür çayının Mingəçevir su anbarından aşağı hissələrində Kürə sol tərəfdən tökülən Türyançay, Girdmançay, Göyçayda sululuğun artması Kürə də müsbət təsir göstərib. Son 6 gündə Kür çayının Yevlax məntəqəsində suyun səviyyədi 21 sm, Zərdabda 46 sm, Surrada 55 sm, Şirvanda 34 sm, Salyanda isə 57 sm artıb. Kür çayının yuxarı hissəsində hazırda sululuq normadan az olsa da, keçən illə müqayisədə 20 faiz yüksəkdir. Qanıx çayında da normadan az olsa da, sululuq artır. Yaxın günlərdə bu sululuğun daha da artacağını, o cümlədən Kürün aşağı axarında suyun səviyyəsinin daha da yüksələcəyini gözləyirik”.

Qeyd edək ki, Azərbaycanda suvarılan torpaqların sahəsi 1,5 milyon hektara yaxındır. Yağış yağmasına baxmayaraq, kənd təsərrüfatı istehsalçıları, fermerlər qarşıdan gələn yay aylarında su çatışmazlığı yaşanacağından narahatdırlar.

 

Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında yeni dövr  başlayır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkənin mərkəzi və Qərb regionlarında suvarma sahəsində imkanlar xeyli məhduddur. Son illərdə baş verən quraqlıq bu imkanları daha da azaldıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İrriqasiya və su təsərrüfatı obyektlərinin istismarı şöbəsinin müdir müavini Qulu Kərimovun “Yeni Müsavat”a bildirdiyinə görə, qlobal iqlim dəyişikliyinin təsiri ilə son illərdə Azərbaycanda su çatışmazlığı hiss olunur: “Mövcud çatışmazlıq şəraitində su ehtiyatlarından səmərəli istifadə olunması, su təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin fərmanına əsasən 2020-ci ildə Azərbaycanda xüsusi komissiya yaradılıb. Komissiyanın rəhbərliyi altında son 2 ildə su ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində böyük işlər görülüb. Transsərhəd çaylar vasitəsilə daxil olan suların son illərdə azalmasına baxmayaraq, hazırda ölkənin su anbarlarında 14 milyard kubmetrdən artıq su toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 700  milyon kubmetr artıq su ehtiyatı deməkdir. Bunun əsas hissəsi ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında toplanıb. Belə ki, hazırda Mingəçevir su anbarında 11 milyard kubmetrdən artıq su var. Bu ehtiyatdan səmərəli istifadə olunması üçün Kür çayına, həmçinin anbardan su götürən Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarına buraxılan su həcminə limit tətbiq olunub. Limitə baxmayaraq, kanallara tələbatı təmin edəcək həcmdə su verilir”.

ASC rəsmisinin sözlərinə görə, ölkə üzrə ən az su ehtiyatı Araz su anbarında toplanıb: “Taxtakörpü, Cənub regionundakı Viləşçay, Xanbulançay su anbarlarında vəziyyət qənaətbəxş hesab olunur. Ən çətin vəziyyət Araz su anbarındadır - burada ötən ilə nisbətən daha az su ehtiyatı toplanıb. Anbardan su alan ərazilərin su təminatındakı çətinlikləri aradan qaldırmaq üçün Yuxarı Qarabağ kanalından Bəhramtəpə hidroqovşağına hazırda saniyədə 20 kubmetrdən artıq suyun verilməsi təmin edilir. Bundan əlavə, Şəmkirçay, Tovuzçay su anbarlarında da ötən ilə nisbətən az su ehtiyatı yığılıb. Bu ərazilərdə sudan qənaətlə istifadə edərək yaranan çətinlikləri aradan qaldırmağa çalışırıq”

Q.Kərimov onu da qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən su anbarlarında da ehtiyatlar toplanıb: “Füzuli rayonunda yerləşən Aşağı Köndələnçay su anbarında təxminən 7 milyon kubmetr su yığılıb. Bu anbardan rayonun Alxanlı və digər kəndlərindəki əkin sahələrinin, həmçinin birbaşa anbardan olmaqla ”Azərşəkər" MMC-nin 99 hektar sahədəki taxıl sahələrinin suvarılması təmin edilir. Ağdam rayonunda yerləşən Xaçınçay su anbarının ümumi həcmi 23 milyon kubmetrdir. Onun ehtiyatlarından 650 hektara yaxın taxıl, 11 hektarlıq meyvə bağlarının suvarılması təmin edilir. Su ehtiyatlarından səmərəli istifadə olunması, mövcud ehtiyatlarının ədalətli bölüşdürülməsi üçün Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı istehsalçılarının suvarma qrafiki tərtib olunur".

 Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR