İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt onları TƏLƏYƏ SALDI - Görün nələr ediblər

710 30.07.2024 08:00 Texnologiya A A

 

“Süni intellektlə bank əməkdaşı, ailə üzvü adından sizinlə danışıqlar aparıla bilər”. Xəbər verildiyi kimi, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev özünün sosial şəbəkə hesabında yazıb.

“Ehtimalların kiber məkanda hədəfi qurbandır. Çünki kiber məkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaq. Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən”, - E.Hacıyev qeyd edib.

Son vaxtlar bu qəbildən xəbərdarlıqlar artmaqdadır. Necə deyərlər, “qızınmadıq istinsə, kor oluruq tüstüsünə”.

Bəs nə etməli? Süni intellektin bu kimi fəsadlarından necə qorunmalı? Mümkünmü?

Əkrəm Həsənov: “Mərkəzi Bankın qərarları etibarsızdır, İdarə Heyəti qərar  qəbul edə bilməz”

 Əkrəm Həsənov 

Bank məsələləri üzrə məhkəmələrdə iştirak edən hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Artıq bir neçə aydır ki, mənə də bununla bağlı çox sayda müraciət edilir. İnsanlar bildirirlər ki, feysbukda elanlarla üzləşirlər, investisiya qoy, gəlir əldə et, dövlət şirkətinin, SOCAR-ın, Prezidentin adından. Yatırım edərkən sistemdə gəlirin olduğu görünür, gəliri çıxarmaq istəyəndə imkan vermirlər. Əlbəttə, orada gəlir filan olmur. Aldandığını başa düşəndən sonra haradansa başqa bir şirkət peyda olur ki, pulu qaytarmağa kömək edək. Adam ona da pul verir, o pul da batır. Sonra da adama hədə-qorxu gəlirlər ki, vergi də verməlisən. Bu kimi olay xeyli insanın başına gəlib, yanıma gəlib şikayət edənlər çoxdur. Bütün bunların əsas səbəbi insanların çox sadəlövh olmasındadır. Asan qazanc əldə etmək istəyindən irəli gəlir. Hamı bilməlidir ki, asan pul qazanmağın yolu yalnız korrupsiyadır. O da bu qədər asan deyil. İkinci məsələ, əgər hansısa elanı sosial şəbəkədə gördünüzsə, o elan dövlət qurumunun adından yayımlanıbsa, deməli həmin  qurumun rəsmi internet səhifəsinə daxil olmaq lazımdır, o elanı axtarmaq lazımdır, yaxud internetdə axtarış vermək lazımdır kim bu elanı paylaşıb. Bizim insanlar illüziyalarla yaşayırlar. Gənclər daha ayıqdırlar. Əsasən yaşlı nəsil aldanır, hər halda, mənə müraciət edənlərin çoxu yaşlılardır. Qəribədir, indi qonşusu gəlib yüz manat borc istəsə, ya işə pul qoymağı təklif etsə, verməyəcək ki, yoxumdur, amma internetdə tanımadıqları adamlara inanır, yatırım edirlər. İnsanların maliyyə savadlılığı aşağıdır, məktəblərdə də öyrətmirlər. Ümumiyyətlə, həm iqtisadi, həm də siyasi məsələdə belədir”. 

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər

Elvin Abbasov

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, İKT üzrə mütəxəssis Elvin Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələ ilə bağlı şikayətlərin ardı-arası kəsilmir: “Vətəndaşa reklam edirlər ki, bu saytdan cərimələrini ödə, bu qədər "keşbek" qaytaracağıq. Vətəndaş da ora FİN kodunu yazır, dövlətə olan cəriməsini görür və pulu ödəyir. O sistem də açıq ödəmə sistemlərindən vətəndaşın cəriməsini öz dələduz saytında  göstərir, yəni real bir ödəmə saytı kimi özünü göstərir, insanların kart məlumatlarını əldə edir, pulunu oğurlayır. Bu o deməkdir ki, Azərbaycanda kiberdələduzluq şəraitinin formalaşmasında həm bankların sadə tətbiqlərinin, həm də ödəmə şirkətlərinin rolu var. Mən demirəm günahı var, onlar bunu istəmirlər. Sadəcə, onlar istəməsələr də buna şərait yarada bilirlər. Banklar öz bizneslərini çətinləşdirməlidir. Çətin olsun, amma vətəndaşın pulu oğurlanmasın. Ümumiyyətlə, son illər kibercinayətkarlığın miqyası ildən-ilə artır. Ölkədə kiberdələduzluqla bağlı faktların çoxalması artıq həyəcan təbili çalmağa əsas verir. Düzdür, bu kimi neqativ hallar yalnız bizim ölkədə deyil, dünyada var. Rəqəmsallaşma dövrü olduğuna görə əksər fəaliyyət növləri distant şəkildə həyata keçirilir və bu səbəbdən də dələduzlar öz fəaliyyətlərini rəqəmsal fəzaya keçiriblər. Odur ki, kibercinayətlərdən sığortalanmamışıq. Bununla mübarizə aparmağı yalnız vətəndaşlardan tələb etmək də doğru deyil. Nəzərə almalıyıq ki, ölkəmizdə  insanların bu sahədə bilgisi kifayət qədər deyil. Xüsusən də ahıl, pensiya yaşında olanlar, hətta tələbələr belə, bu sahədə məlumatlı deyillər. Kibercinayətlər kütləvi hal aldığı üçün artıq dövlət qurumları məsələyə xüsusi yanaşmalıdırlar, bir komissiya yaradılmalıdır, öhdəliklər olmalıdır".

Wi-Fi" zəifdirsə, deməli düzgün yerləşdirilməyib" - Bəhruz Əliyev

Bəhruz Əliyev

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyub ki, kiberdələduzlar son vaxtlar kifayət qədər artıb və insanların məlumatsızlığından istifadə edərək, müxtəlif mənfi əməllər həyata keçirirlər. Bir çox şəxsin kartındakı məlumatları oğurlayırlar və bu kimi müxtəlif hiylələr gün keçdikcə çoxalır. Peşəkar dələduzlar o qədər professional və sürətli işləyirlər ki, izi tapmaq çox məşəqqətli olur. Bəzən də iz tapılmır və xarici hesablarda iz itirilir. Ölkə xaricinə çıxarılmış məbləğlərin tapılması da, bürokratik və hüquqi prosedurlara görə, çox zaman tələb etdiyi üçün, müsbət nəticə əldə etmək çətinləşir. Kartından kiçik məbləği oğurlanan şəxslərin isə vəziyyəti bir qədər ümidsizdir. O zaman nələrə diqqət etmək lazımdır sualına qismən və qısa cavab olaraq:

“Google Play” və “App Store” da olmayan 3-cü tərəf proqramları əsla yükləməyin!

“Google Play” və “App Store”-dan yükləmək istədiyiniz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa onu əsla yükləməyin!

Tətbiq yükləyərkən, sizdən tətbiqin istədiyi icazələrə diqqət yetirin. İcazələri minimallaşdırın və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina edin!

Qarşınıza çıxan cəzbedici mərc oyunları və digər linklərin üzərinə vurmayın!

Mümkün qədər pulsuz amma, global olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməyin. Xidmət pulsuzdursa, satılan sizin məlumatlarınızdır!

Heç kəsə SMS təsdiq kodunuzu və ya bank kartınızın 16 rəqəmi xaricindəki rəqəmləri deməyin. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlayın. Qarşıdakı insana güvənə bilərsiniz, amma onun telefonu yoluxarsa, sizə də ciddi zərər dəyə bilər!

Avadanlığınızı daimi olaraq “UPdate” edin!" 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR