İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqiblərini yerə çırpan və qaldıran oğlan...

513 30.07.2024 00:44 Yazarlar A A

 

Yaxşı ki, Hidayət ippon-ippon gedərək olimpiadanın qızıl medalını qazandı. Yoxsa, vallahi, qanqaraçılıq idi, hansı idmançımız yarışmaya çıxırdısa, uduzurdu.

Uduzmaq pis şeydir. Nahaq yerə demirlər ki, məğlubiyyət yetimdir, qələbənin atası isə çox olur.

Dünən axşam Hidayət fransız Qaba-nın (sözdə tireni özüm bilə-bilə qoymuşam) belini tatamiyə vurandan bəri sosial şəbəkədə minlərlə pozitiv şərh var, hamı Hidayəti təbrik edir, öyür, göyə qaldırır.

Oğlana halaldır. Özünə də, atasına da, məşqçisinə də. Onların qələbə sevinci əlaydı. Və xəbərləri yox idi ki, Hidayətin qələbəsinə görə ölkədə yüz minlərlə ailədə o cür sevinc yaşandı.

O vaxt, 2008-ci ildə Elnur Məmmədli da eyni çəki dərəcəsində monqol rəqibinə ipponla qalib gələndə bu cür sevinmişdik. Elnur da sağ olsun ki, Hidayəti yaxşı hazırlayıb, rəqibi ipponla aşırmağın sirrini ona deyib.

Bircə şeyə təəssüf ki, bu cür qələbələrin ardı gəlmir. Yəni bir dəfə olimpiya çempionu olan atletlərimiz ikinci dəfə çempion ola bilmirlər, mükafatlarını, ad-san və şöhrətlərini qazanandan sonra gəlib yaxşı işlərə düzəlirlər, kökəlirlər, idman formalarını itirirlər.

19 yaşındaykən London olimpiadasının çempionu olan Toğrul Əsgərov yadınızdadırmı? Adam 23, 27 və 31 yaşında təkrar-təkrar çempion olmalıydı, amma demək olar ki, 20 yaşında karyerasını bitirdi. Zədələnib, dedilər.

Ümid edək ki, Hidayət elə olmayacaq. Çempion olduqdan sonra onun kamera qarşısındakı çıxışı xoş təsir bağışladı. Səmimiydi, təvazökar idi. Belə qalar, inşallah. Belə qalsa, bir də çempion olar və sübut edər ki, barıtı bir atımlıq deyilmiş.

Doğrusu, sonrası necə olacaq, bilmirəm, amma builki olimpiyaçılarımız bir az zəif görünür. Ona görə də sosial şəbəkədə rəy yazanlar onları “turist”, “Eyfel qülləsini görməyə gedənlər” adlandırır və yazırlar ki, “heç nə, Parisdə şəkil çəkdirib qayıdacaqlar”.

Hələlik təkcə Hidayət yaxşı şəkli necə çəkdirməyin yolunu göstərib. İndi onun şəkilləri dünya mediasını və sosial şəbəkələri bəzəyir.

Güləşçilərimizdən də yaxşı performans gözləyirik. Bizimki güləşdir. Yaxşı mənada dünyada rəqibə bizdən yaxşı badalaq vuran yoxdur. Elə Hidayət də o qədər süpürləşmənin ardından məsələni badalaqla həll etdi.

Prinsipcə, ox və güllə atmaqda da öndə olmalıydıq, amma ox yaydan çıxdı, görək gülləni necə edirik. Balta atmaq isə olimpiya yarışları arasında yoxdur. Bu sahədə müəyyən təcrübə, örnək var. O yoxdur, əvəzində disk atmaq var, bu idman növü isə ölkəmizdə inkişaf etməyib.

100 metrə qaçışda və marafonda nə qədər etsək də, yamaykalılara çata bilmərik. Onlarda təbiət vergisidir. Ceyranı qovan pantera, ya da pantera qovan ceyran kimi qaçırlar.

Əslində bir idman növünün hansısa ölkədə yaranması o demək deyil ki, o ölkənin idmançısına qalib gəlmək olmaz. Ona qalsa, futbol İngiltərədə yaranıb, amma ingilislər tarixlərində cəmi bircə dəfə dünya çempionu olublar, o da Tofiq Bəhramovun hesabına.

Bu baxımdan karatedə, cüdoda yaponlara qalib gəlmək mümkündür və bizim idmançılar bunu dəfələrlə ediblər. Rəfael o qədər yapon karateçini tatamiyə çıxmağa peşman edib ki...

Amma boksda kubalılara batmaq çətindir. Ona görə də kubalı boksçu Domingesi milliləşdirmişik, o da sağ olsun, öz favorit həmvətənini rinqdə döyüb yola saldı. İndi Domingesə gərək siyasi sığınacaq da verək. Çünki ölkəsinə qayıtsa yazığı “vətən xaini”, “xarici agent” kimi basacaqlar içəri.

Xüləs, Hidayətin qazandığı qızıl medalın ardı da gəlməlidir. Qoy Allah o biri idmançılarımızı da Hidayət etsin.

Odur, Rusiya idmançılarını olimpiadaya buraxılmayıblar, əvəzində özləri lətifə düzəldiblər. Biri yazır ki, qaraçı idmançı İvan Dança Rusiya yığmasına qızıl medal gətirib, intəhası, heç kim bilmir ki, onu necə əldə edib.

Hidayətdə ən xoşuma gələn cəhət isə əsl idmançı olmasıdır: o, bir az əvvəl tatamiyə çırpdığı bütün rəqiblərini tatamidən özü qaldırdı, təskinlik verdi, “güclüsən, gələn dəfə çempion olacaqsan” dedi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR