İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yayda peyvənd vurulmaz kimi fikirlər əsassızdır” - həkim

349 19.05.2021 08:30 Yaşam A A

Azər Nağıyev: “Açıq havada maska taxılmamalıdır”

Ötən gündən ölkəmizdə  yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə Rusiya istehsalı olan “Sputnik V” vaksininin tətbiqinə başlanılıb. Bu vaksinin istifadəsi Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.  18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Qeyd edək ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb. Yeri gəlmişkən, son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə edilir.

İnsanları isə son günlər daha çox, “yoluxma sayı aşağı düşübsə, niyə hələ də açıq havada maska taxırıq” kimi sual maraqlandırır.

Bu arada vaksinasiya prosesinin zəif getməsi ilə bağlı iddialar da var, halbuki elə günlər olur ki, 30-35 min adamın vaksinləşmədən  keçdiyi xəbəri verilir. Yay fəslində adətən peyvənd vurulmaz deyə, bir iddia da vardı. Bunun koronavirusa və ya bu vaksinlərə aidiyyəti varmı?

Eyni zamanda son günlər vətəndaşlarda peyvəndin ikinci dozasından sonra ağırlaşmaların olduğu da bildirilir.

İnfeksionist Azər Nağıyev bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb: "Düşünmürəm ki, məhz ikinci dozadan sonra ağırlaşmalar olsun. Mənə də müraciət olub ki, ikinci dozadan sonra guya ki kimsə korona olub. Biri deyir halı pis olub.  Birinci doza olanda da elə fikirlər bildirilirdi. Mənə elə gəlir ki, bunlar, sadəcə, təsadüflərdi. Sabah mən də hansısa virus infeksiyasına yoluxub işə gəlməyə bilərəm. Bu gün mənə peyvənd vurulsaydı, belə çıxır ki, soyuqdəyməni onunla əlaqələndirməliyəm?! Bu fikirləri əsassız hesab edirəm, peyvəndin birinci və ikinci dozası arasında fərqin olması haqda hər hansı elmi araşdırma da yoxdur. Mənbələrdə elə bir məlumat yoxdur.  O ki qaldı peyvəndin yayda vurulmaması məsələsinə, bu,  əsassız fikirdir, peyvənd üçün mövsümün fərqi yoxdur".

Azər Nağıyev - Hepatoloq infeksionist | Qaraciyər xəstəliklərinin müalicəsi

Azər Nağıyev

İnfeksionist  maska ilə bağlı çağırışlara da münasibət bildirib: "Əgər Operativ Qərargah, TƏBİB əmin olsaydı ki, biz açıq məkanlarda, ancaq insanların sıx toplaşdığı yerdə maska taxacağıq, bu qərar ləğv olunardı. Əslində bir həkim kimi ləğv olunmasını istəyərdim. Maska taxılmasında məna görmürəm. Amma çox təəssüf ki, dayanacaqlarda, insanlar bir-birinə yaxın olanda da bu qərarı əsas gətirib maska taxmırlar. Bu da infeksiyanın yayılmasına səbəb olur. Düşünürəm ki, bu qərar ləğv edilmə ərəfəsindədir. Açıq havada maska taxılmamalıdır, birmənalı şəkildə".

İnfeksionist əlavə edib ki, son vaxtlar xəstəliyin gedişatında ağırlaşmalar müşahidə olunmur: “Axırıncı dalğada bir qədər fərqli oldu. Çünki onun bir hissəsi Britaniya ştammı idi. Amma ”bu dəfə öldürücü idi, keçən dəfə öldürücü deyildi", demək də düzgün deyil. Bu dəfə fərq əsasən gənc insanlarda fəsadların olması ilə yadda qaldı. Bu da onunla bağlıdır ki, əvvəlki dalğalarda gənc insanlar az yoluxurdu. Əsasən yaşlılar çox xəstələnirdi. Hazırda yaşlı insanların çox bir qismi yoluxub, ya da peyvənd olunub. Buna görə xəstəlik daha çox gənc, orta yaşlı insanlarda müşahidə olunur. 100 xəstəmiz olursa, onun hamısı virusu yüngül keçirməyəcək ki, ağır keçirənlər də olacaq, bunlar arasında ölənlər də olacaq. Yəni xüsusi bir fərq görmürəm".

Karantin olmasa, pik nöqtəyə 15 günə çatarıq”

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev  vaksinlərin hər üçünün eyni poliklinikalarda tətbiq olunmaması məsələsinə münasibət  bildirib: “Ölkəmizə gətiriləcək bütün vaksinlər əvvəldən sifariş verilir, yəni əvvəldən nə zaman gətiriləcəyi planlaşdırılır. Bu biri vaksinlər qurtaracaq, ondan sonra digər vaksinlərin vurulmasına başlanacaq. Yəni ardıcıllıqla vurulacaq. Məsələn, mənim çalışdığım klinikada  ”CoronaVac" vurulur, başqa vaksin gətirilməyib bura. Ona görə burada seçim yoxdur. Digər poliklinikalarda da, Bakının hər hansı poliklinikasında orada da bir vaksin vurulursa, yəni ancaq “CoronaVac” vurulursa, yalnız bu bitəndən sonra başqası vurulacaq. Hazırda bizdə elə bir seçim yoxdur. Bəlkə gələcəkdə olacaq, amma indi yoxdur".

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR