Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb. İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.
Təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib. Qeyd edək ki, “Aqrarkredit” QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. “Aqrarkredit”in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.
Azərbaycanın maliyyə və bank sektorunda uzun illər fəaliyyət göstərmiş şəxslər arasında ən çox müzakirə olunan fiqurlardan biri də ictimaiyyət arasında "Şapka Mamed" ləqəbi ilə tanınan Məmməd Musayevdir. O, onilliklər ərzində bank-maliyyə sistemində yüksək vəzifələr tutub, iri dövlət maliyyə institutlarına rəhbərlik edib və sahibkarlar təşkilatlarının fəaliyyətində mühüm rol oynayıb. Bununla yanaşı, adı müxtəlif qalmaqallı iddialarda, biznes əlaqələrində və mediada yayılan araşdırmalarda tez-tez hallanıb.
Məmməd Musayev əmək fəaliyyətinə sovet dövründə bank sistemində başlayıb. 1990-cı illərdə Aqrar Sənaye Bankı sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Daha sonra isə uzun illər dövlətə məxsus "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri olub.
"Aqrarkredit" xüsusilə bank sektorunun sağlamlaşdırılması prosesində, problemli aktivlərin idarə olunması və dövlət proqramlarının maliyyələşdirilməsində əsas institutlardan biri hesab edilirdi. Bu səbəbdən Musayev uzun müddət ölkənin maliyyə sektorunda nüfuzlu şəxslərdən biri kimi tanınıb.Bununla yanaşı, o, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti və müxtəlif dövrlərdə Azərbaycan Banklar Assosiasiyasının rəhbər strukturlarında da təmsil olunub.
Məmməd Musayev daha çox "Şapka Mamed" ləqəbi ilə tanınır. Bu ləqəbin yaranması ilə bağlı rəsmi məlumat yoxdur. Mətbuatda müxtəlif versiyalar irəli sürülsə də, onların heç biri rəsmi şəkildə təsdiqini tapmayıb. Ləqəb daha çox qeyri-rəsmi dairələrdə və mediada işlədilir. 2025-ci ildə "Aqrarkredit"də rəhbərlik dəyişikliyi baş verdi və Məmməd Musayevin İdarə Heyətinin sədri kimi səlahiyyətlərinə xitam verildi. Rəsmi açıqlamada bunun səlahiyyət müddətinin başa çatması ilə bağlı olduğu bildirildi. Bununla belə, bəzi media orqanları bu dəyişikliyi bank sektorunda aparılan struktur islahatları ilə əlaqələndirdi.
Musavat.com






