İnsanlara hürriyət, millətlərə istiqlal!

Alyaska sammitinin pərdəarxası: Vaşinqton geri çəkildi, Moskva isə “plan dəyişmir” dedi  

341 24.07.2026 14:21 Siyasət A A

ABŞ-la Rusiya arasında Ukrayna müharibəsinin nizamlanması istiqamətində aparılan diplomatik təmaslarla bağlı yeni açıqlamalar verilib. Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun Alyaskada keçirilən sammitdən sonra əvvəlki razılaşmalara yanaşmasını dəyişdiyini iddia edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun son bəyanatları Vaşinqtonun əvvəllər əldə olunmuş razılaşmalardan geri çəkildiyini göstərir. Rusiyalı nazir bildirib ki, Moskva öz öhdəliklərinə sadiq qalıb və verilən vədləri yerinə yetirmək niyyətindədir.

“Bizim vicdanımız təmizdir. Verdiyimiz sözə əməl etmişik. Biz hazır olduğumuzu demişdik və bu mövqeyimiz dəyişməyib", - deyə Lavrov vurğulayıb.

O əlavə edib ki, ABŞ-ın mövqeyində baş verən dəyişikliklərə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin iyununda müəyyənləşdirdiyi məqsədlər istənilən halda həyata keçiriləcək. Lavrovun açıqlaması ABŞ dövlət katibi Marko Rubionun Manila görüşündən sonra verdiyi bəyanata daha çox cavab kimidir. O zaman Rubio bildirmişdi ki, Alyaskanın Ankoric şəhərində keçirilən sammitdə irəli sürülən təkliflər nəticə verməyib.

Onun sözlərinə görə, Kiyevin həmin təşəbbüslərlə razılaşmaması səbəbindən Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması mümkün olmayıb. Hazırkı vəziyyət bir daha göstərir ki, Moskva və Vaşinqton arasında diplomatik dialoq davam etsə də, Ukrayna böhranının həlli istiqamətində tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir.
Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, ABŞ və Rusiya arasında son həftələrdə formalaşan diplomatik ovqatı təhlil edərkən,  kəskin mövqe dəyişikliyindən danışmaq hələlik doğru olmaz: “Daha dəqiq desək, hər iki tərəf eyni prosesi özünəməxsus prizmadan şərh edir. Rusiya Alyaska sammitində konkret razılaşmaların əldə olunduğunu iddia edərkən, ABŞ tərəfi bunun yalnız müzakirə mövzusu olan təkliflər olduğunu, yekun sazişin isə heç vaxt formalaşmadığını vurğulayır. Bu fərq təsadüfi deyil,  çünki, hər iki paytaxt öz auditoriyası üçün fərqli mesaj verməyə çalışır. Lavrovun "biz sözümüzə əməl etmişik" ifadəsi, mənim qənaətimə görə, ilk növbədə siyasi kommunikasiya vasitəsidir. Moskva bu açıqlamalarla həm beynəlxalq ictimaiyyətə, həm də öz daxili auditoriyasına Rusiyanın danışıqlarda sadiq tərəf olduğu təsvirini yaratmağa çalışır. Eyni zamanda, Putinin 2024-cü ilin iyununda elan etdiyi hədəflərin dəyişməzliyinin xüsusi vurğulanması da onu göstərir ki, Moskva strateji məqsədlərindən geri çəkilmək fikrində deyil. Alyaska sammitinin nəticəsiz qalması isə onu göstərdi ki, Ukrayna məsələsində ABŞ və Rusiya arasında əldə olunacaq istənilən anlaşma Kiyevin razılığı olmadan işlək mexanizmə çevrilə bilməz. Ukrayna bu münaqişənin birbaşa tərəfidir və onun təhlükəsizlik maraqları nəzərə alınmadan hazırlanacaq istənilən model uzunmüddətli sülh üçün kifayət etməyəcək”.

Ekspertin sözlərinə görə, hazırkı mərhələdə Ukrayna münaqişəsinin diplomatik həllinə yaxınlaşıldığını söyləmək çətindir: “Çünki tərəflərin əsas strateji mövqeləri dəyişməyib. Rusiya öz tələblərində israr edir, Ukrayna və Qərb isə bu şərtləri qəbul etməyə hazır deyil. Bu səbəbdən diplomatik təmasların davam etməsi müsbət hal olsa da, yaxın perspektivdə hərtərəfli sülh sazişinin əldə olunması real görünmür. Mənim qənaətimə görə, Alyaska sammitinin uğursuzluğu sülh prosesinin iflası demək deyil. Bu, sadəcə olaraq tərəflərin hələ kompromis nöqtəsinə çatmadığını göstərir. Hazırda həm Moskva, həm də Vaşinqton gələcək danışıqlarda daha güclü siyasi mövqe qazanmağa çalışır. Ona görə də yaxın aylarda diplomatik dialoqun davam edəcəyini gözləmək olar, lakin müharibənin siyasi həlli üçün tərəflərin mövqelərində ciddi yumşalma müşahidə olunmadan sülh sazişinin imzalanması ehtimalı olduqca aşağıdır”.

Cavanşir Abbaslı

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR