Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən cəbhəyanı Slavyansk şəhərinə hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində azı 5 dinc sakin həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.
Filaşkinin sözlərinə görə, Rusiya hərbçiləri şəhərə iki idarəolunan aviabomba atıblar.
Zərbələr nəticəsində 10 fərdi yaşayış evinə, müəssisələrdən birinə və Latviya Respublikasının fəxri konsulluğunun binasına ciddi ziyan dəyib.
"Rusiya ordusu hər gün şəhərlərimizi atəşə tutur. Artıq ikinci gündür ki, Slavyanska edilən hücumlar çoxlu sayda insan itkisi ilə nəticələnir. Burada qalmaq həyati təhlükə daşıyır! Cəbhə xəttinə yaxın ərazilərdə qalan hər kəsə müraciət edirəm: təcili olaraq təxliyə olun", - deyə vilayət rəhbəri vurğulayıb.
Xatırladaq ki, bölgədə mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə çağırışları davam etdirilir.
Musavat.com





