Avstriya hakimiyyəti Adolf Hitlerin doğulduğu binanın gələcək istifadəsi ilə bağlı mübahisələrə son qoyub.
Musavat.com xəbər verir ki, Avstriyanın Braunau am Inn şəhərində yerləşən və Adolf Hitlerin 1889-cu ildə doğulduğu ev əsaslı təmirdən sonra polis bölməsinə çevrilib. Təxminən 20 milyon avroya yenilənən bina rayon və yerli polis bölmələrinin istifadəsinə verilib.
Hakimiyyət bildirir ki, bu qərarın məqsədi binanın neo-nasistlər üçün ziyarət və toplaşma məkanına çevrilməsinin qarşısını almaqdır. Rəsmilərin fikrincə, binanın polis obyekti kimi fəaliyyət göstərməsi onun simvolik təsirini əhəmiyyətli dərəcədə azaldacaq.
Qərarı dəstəkləyənlər bunu demokratiya və qanunun aliliyinin rəmzi kimi qiymətləndirirlər. Tənqidçilər isə hesab edirlər ki, binanın təyinatı dəyişsə də, onun nasizm tarixi ilə bağlılığı aradan qalxmayacaq.
Maraqlıdır ki, bina 2011-ci ildən istifadəsiz qalmışdı. Avstriya dövləti onu uzun sürən hüquqi prosesdən sonra 2017-ci ildə dövlət mülkiyyətinə keçirib. Müxtəlif vaxtlarda binanın sökülməsi və ya muzeyə çevrilməsi də müzakirə olunsa da, sonda inzibati məqsədlə istifadəsi daha məqsədəuyğun hesab edilib.
Binanın qarşısında nasizm qurbanlarının xatirəsinə həsr olunmuş abidə əvvəlki kimi saxlanılıb.

Musavat.com






