İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin üçün KRİTİK sentyabr – Həm Ukrayna, həm də...

569 22.07.2026 21:15 Dünya A A

2026-cı ilin sentyabrında Rusiyada parlamentin aşağı palatasına – Dövlət Dumasına seçkilər keçiriləcək. Bu, Ukraynaya qarşı təcavüzkar müharibənin başlamasından sonra və Rusiyanın kifayət qədər çərin dönəmdən keçməsi fonunda ilk parlament seçkiləri olacaq.

Bəs ölkə elektoratı yenə prezident Vladimir Putinin rəhbəri olduğu “Vahid Rusiya” partiyasını qalib edəcəkmi və niyə? Hakim partiyanın məğlubiyyəti hansı nəticələr doğura bilər?

Bu arada ukraynalı astroloq Vlad Ross Rusiya-Ukrayna müharibəsi haqda danışarkən iddia edib ki, sentyabr-oktyabr aylarından etibarən Ukrayna Rusiyaya cavab olaraq ballistik zərbələr endirəcək və Putinin hakimiyyəti sona çatacaq: “Onda Krım körpüsü artıq olmayacaq, Krım tədricən yaşayış üçün yararsız bir adaya çevriləcək. Çox gözləmək lazım deyil, sadəcə bir az səbir etmək lazımdır”.
Astroloqun fikrincə, Rusiyada ümumi səfərbərlik də hakimiyyət üçün uğursuz nəticələnəcək. Onun sözlərinə görə, belə bir qərar artıq qəbul olunub. "Onların əlində qalan son vasitə ümumi səfərbərlikdir və bu, Moskvadakı hakimiyyətin sonunu gətirəcək”.

Belə görünür ki, sentyabr bütün mənalarda Rusiya və Putin üçün kriitk ay olacaq. Belədirmi?

markamr.jpeg (17 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, 2026-cı ilin sentyabrında Rusiyada keçiriləcək Dövlət Dumasına seçkilər ilk baxışdan adi parlament seçkisi təsiri bağışlasa da, əslində Kreml üçün siyasi legitimliyin növbəti imtahanıdır.

Onun sözlərinə görə, Rusiyada parlament seçkilərini klassik demokratik ölkələrdə olduğu kimi hakimiyyət uğrunda real siyasi mübarizə kimi qiymətləndirmək düzgün olmaz: "Rusiyanın siyasi sistemi fərqli məntiqlə işləyir. Dövlət Duması seçkiləri parlamentin formalaşdırılmasından daha çox, prezident Vladimir Putinin siyasi dayaqlarının nə dərəcədə möhkəm qaldığını nümayiş etdirmək məqsədi daşıyır. Buna görə də 'Vahid Rusiya'nın nəticəsi əslində Putinin nəticəsi kimi qiymətləndiriləcək".

Kamran Məmmədli hesab edir ki, müharibənin uzanmasına, sanksiyalara və iqtisadi çətinliklərə baxmayaraq, hakim partiyanın seçkilərdə ciddi məğlubiyyətə uğrayacağı ehtimalı yüksək deyil:

"Kremlin əlində inzibati resurslar, dövlət informasiya maşını və seçki prosesinə geniş təsir imkanları var. Ona görə də nəticələrin hakimiyyət üçün arzuolunmaz formada dəyişəcəyini gözləmirəm. Lakin bu, o demək deyil ki, ölkədə narazılıq yoxdur. Sadəcə həmin narazılığın seçki nəticələrində əks olunması imkanları məhduddur."

Siyasi şərhçi qeyd edib ki, seçki dövrü Ukrayna müharibəsindəki vəziyyətlə də sıx bağlı olacaq:

"Əgər sentyabr ayına qədər cəbhədə Rusiyanın mövqeləri zəifləyərsə və Ukrayna Rusiya ərazisinə daha intensiv zərbələr endirərsə, bu, Kremlin daxili siyasi atmosferinə də təsirsiz ötüşməyəcək. Müharibənin psixoloji təsiri artıq böyük şəhərlərlə məhdudlaşmır, regionlarda da hiss olunur".

Kamran Məmmədli Ukraynalı astroloq Vlad Rossun Putinin hakimiyyətinin sentyabr-oktyabr aylarında sona çatacağı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Siyasi prosesləri astroloji proqnozlarla izah etmək doğru yanaşma deyil. Dövlətlərin taleyini ulduzlar deyil, iqtisadi göstəricilər, hərbi vəziyyət, siyasi institutlar və elitalar arasındakı münasibətlər müəyyən edir. Ona görə də belə iddiaları ciddi siyasi analiz kimi qəbul etmək olmaz"

Şərhçinin fikrincə, ümumi səfərbərlik məsələsi də Kremlin ən həssas mövzularından biridir:

"Əgər Rusiya rəhbərliyi tammiqyaslı ümumi səfərbərlik qərarı versə, bu, cəmiyyət daxilində narazılığı artıra bilər. Amma hazırkı mərhələdə belə qərarın mütləq veriləcəyini söyləmək üçün əsas yoxdur. Kreml indiyədək maksimum ehtiyatlı davranmağa çalışıb".

Sonda Kamran Məmmədli vurğulayıb ki, Putinin gələcəyini təkcə parlament seçkiləri müəyyən etməyəcək: "Əsas məsələ Ukrayna müharibəsinin hansı istiqamətdə inkişaf etməsidir. Əgər Kreml cəbhədə vəziyyəti nəzarətdə saxlaya bilsə, seçkilər hakimiyyət üçün növbəti legitimlik nümayişinə çevriləcək. Əks halda isə hərbi, iqtisadi və sosial problemlər dərinləşdikcə, seçkilərin yüksək nəticələri belə sistem daxilində yaranan gərginliyi gizlətməkdə çətinlik çəkəcək. Bu baxımdan 2026-cı ilin sentyabrı Putin üçün kritik mərhələlərdən biri hesab oluna bilər".

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR