İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalını ziyarət etmək istəyirik, sülhməramlı, yol ver!

1125 05.02.2022 21:15 Yazarlar A A

Xocalı soyqırımının 30-cu ildönümünə sayılı həftələr qaldı. Erməni qatillərin törətdiyi dəhşətli soyqırım aktı ilə bağlı hələ də dünyanın ədalətli qərarı yoxdur.

Düzdür, Sərkisyan-Köçəryan-Ohanyan “trio”su Haaqa Məhkəməsinin müttəhimlər kürsüsündə dayanmalı idi. Amma bu məhkəmənin yerləşdiyi ölkədə - Hollandiyada erməni faşizmini lənətləyən türkə - İlhan Aşkına neçə illərdir məhkəmə qururlar, tələb etdilər ki, işğalçı, çocuq qatili, vandal, faşizm ideyalarını yaşadan ermənilərdən üzr istəsin. Budur dünyanın “ədaləti!”

Erməni faşizminin törətdiyi Xocalı soyqırımının rəsmi statistikasını xatırladaq: 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər ağır yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın (!) taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının 30-cu ildönümü haqqında Azərbaycan  Prezidentinin 28 yanvar 2022-ci il tarixli Sərəncamında deyilir: “Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.

Prezident Sərəncamında 25-26 fevral tarixlərində erməni canilərin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdiyi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutduğu, soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıdığı bir daha beynəlxalq aləmə xatırladılıb. Amma çətin reaksiya gəlsin. Olmayan “erməni soyqırımı”nı tanıyanlar gözlərinin qarşısında Xocalı sakinlərinin soyqırım edilməsini görməzdən gəldilər ötən 30 ildə...

Biz isə unutmayacağıq, buna haqqımız da yoxdur! Xocalı soyqırımının budəfəki ildönümünü isə məhz Xocalı, günahsız bacı-qardaşlarımızın qanı ilə suvarılmış yurd yerimizdə anmağa tam əsasımız və ixtiyarımız var. Müharibə bitib, bayrağımız Şuşada dalğalanır. 10 noyabr anlaşmasına görə, hələlik Xocalı da rus hərbçilərinin təsir zonasına daxildir. Olsun. Rus hərbçiləri imkan yaratsınlar, Azərbaycan vətəndaşları soyqırım qurbanlarını məhz Xocalıda ansınlar! Azərbaycan ərazisi deyilmi?

Bəli, 44 günlük müharibədən sonra Xocalıda baş verənlərdən xəbərimiz var, rusların kölgəsindəki ermənilər Xocalıda evlər tikirlər, buranı “mənimsəməyə” çalışırlar, murdar bir ad da qoyublar - “İvanyan”. Zəngilana da yol çəkirdilər. Qoy tiksinlər, onsuz da bizim olacaq!

Amma bu işlər bütöv bir millətin heysiyyatına toxunmaqdır. Xocalı bizim həssas yerimizdir, adı çəkiləndə ürəyimiz sızlayır. Bizim yaramızın qaysağını qoparmaq cəhdlərinin bədəli ağır ola bilər hər an. Yetər ki, general Volkovun rəhbərlik etdiyi sülhməramlı kontingent də reallığı düzgün dəyərləndirsin, Azərbaycan vətəndaşlarının, əslən Xocalıdan olanların, Xocalıda əzizini itirənlərin səsini eşitsin!

Sülhməramlılar aylardır Ermənistandan müxtəlif kilsələrə “zəvvar” daşıyır, hər hesabatında da fəxrlə sayı göstərir. O gün Xankəndidən olan bir həmsöhbətim deyir ki, dinc dövrdə ermənilərin heç vaxt kilsələrə belə axınının şahidi olmayıb. İndi nə oldu, hamısı “keşiş” oldu? Bu, məsələnin bir tərəfi.

İndiki durumda isə sülhməramlılar imkan yaratsın, azərbaycanlılar da 25-26 yanvar tarixlərində Xocalını ziyarətə getsin. Məncə, dövlət qurumlarımız da bu təşəbbüsə dəstək verməyə, təhlükəsizliyi təmin etməyə hər cür dəstək verər. Buyursun, sülhməramlılar heç olmasa bir hesabatlarında azərbaycanlı ziyarətçilərin maşın karvanını müşayiət etdikləri barədə hesabat hazırlamaq xatirinə bu təşəbbüsə dəstək versinlər!

Azərbaycanlılar Xocalıya ordakı erməniləri qırıb-çatmağa getməyəcək ki... Əlif Hacıyev kimi qəhrəmanlarımızın, Şəhidlər Xiyabanındakı 5 yaşlı naməlum (!) qızcığazın xatirəsini əziz tutmağa, soyqırım qurbanlarının ruhunu şad etməyə gedəcək. Azərbaycan anlaşmaya sadiqdir, məqamı gələndə Xocalıya da, Xocavəndə də, Xankəndinə də, Ağdərəyə də qayıdacağıq, amma budəfəki səfər sırf ziyarət məqsədilə həyata keçirilə bilər. Kəlbəcərə gedən yük avtomobillərimizi canfəşanlıqla  - özü də “erməni polisi” ilə birgə yoxlayan sülhməramıların cavabı maraqlıdır.

Xocalıya aparan yolu açmaq vaxtıdır. Ora “İvanyan” deyil, XOCALIDIR! Bəlkə vətəndaşlar və vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq rəsmi müraciətlər, çağırışlar edək. Zəfər qazanmış ölkənin buna tam ixtiyarı var: Qərbi Zəngəzura (hələlik) yox, Xocalıya getmək istəyirik!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR