2025-ci il üzrə buraxılış imtahanlarının nəticələri məktəblərdə xarici dillərin tədrisi sahəsində ciddi problemlərin mövcud olduğunu göstərib. DİM-in "Abituriyent" jurnalında dərc olunan elmi-statistik materiallara əsasən, məktəblərin 76,01 faizində ingilis dili üzrə orta nəticə 30-70 bal arasında, 21,64 faizində 30 baldan aşağı, cəmi 2,36 faizində isə 70 baldan yuxarı olub. Bu, ölkə üzrə yalnız 51 məktəbin yüksək nəticə göstərdiyini ortaya qoyur. Həmin məktəblərin 32-si Bakıda yerləşir. Digər xarici dillər üzrə də vəziyyət qənaətbəxş deyil. Rus dili tədris olunan məktəblərin yalnız 1,54 faizində orta nəticə 70 balı keçib. Alman dili tədris edilən 40 məktəbdən cəmi birində yüksək nəticə qeydə alınıb. Fransız dili üzrə isə məktəblərin əksəriyyətində göstəricilər aşağı və ya orta səviyyədə qalıb.
Bəs xarici dillər üzrə zəif nəticələrin əsas səbəbləri nədir? Müəllimlərin peşəkarlıq səviyyəsi bu mənzərəyə necə təsir göstərir? Xarici dil tədrisinin keyfiyyətini artırmaq üçün hansı islahatlara ehtiyac var?

Mövzu ilə bağlı təhsil eksperti Etibar Əliyev Musavat.com-a danışıb: "Həqiqətən də xarici dillərin tədrisində vəziyyət çox kritikdir. Digər tərəfdən, xarici dil üzrə ortaya qoyulan bu mənzərəni və açıqlanan rəqəmləri əsas götürsək, belə bir sual yaranır: bəs Azərbaycan dili və ədəbiyyatının tədrisinin səviyyəsi necədir? Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara görə, orta statistik abituriyent birinci mərhələdə tədris dili fənnindən sualların cəmi 57 faizinə, ikinci mərhələdə isə ədəbiyyat fənnindən 55 faizinə düzgün cavab verə bilib. Yəni abituriyentlərin yarıdan çoxu tədris dili və ədəbiyyat üzrə qənaətbəxş nəticə göstərə bilməyib.
Ümumiyyətlə, xarici dillərin tədrisi bir neçə dövlət universitetində, regionlarda yerləşən ali təhsil müəssisələrində və özəl universitetlərdə həyata keçirilir. Ancaq burada əsas sual budur: həmin universitetlərdə dərs deyən müəllimlər kimlərdir və onların hazırlıq səviyyəsi nə dərəcədədir? Şübhəsiz ki, sual çox düzgün qoyulub. Əgər hər hansı bir fənnin tədrisində geriləmə varsa, bu geriləmə digər fənlərə də təsir göstərir. Məsələn, riyaziyyat, fizika və kimya fənləri üzrə vəziyyət ümumiyyətlə bərbad səviyyədədir. Tədris çox aşağı keyfiyyətlə həyata keçirilir. Bu isə onu göstərir ki, müəllim hazırlayan ali məktəblərdə tədrisin keyfiyyəti də kifayət qədər aşağıdır".
Etibar Əliyev müşahidələrinə əsasən qeyd edib ki, universiteti bitirən tələbələrin bir çoxu sonradan müxtəlif kurslara müraciət edərək ingilis və ya alman dilini yenidən öyrənməyə məcbur olurlar: "Halbuki dil tədrisi bakalavriat səviyyəsində dörd il, magistratura pilləsi də seçildiyi halda ümumilikdə altı il ərzində aparılır. Bu fakt özü göstərir ki, ingilis dili müəllimlərinin ixtisasartırma proqramları, onların ilboyu müxtəlif layihələrə cəlb olunması və həmin layihələrə ayrılan milyonlarla manat vəsait savadlı müəllim kadrlarının hazırlanmasında gözlənilən nəticəni verməyib. Bu gün tez-tez deyilir ki, elmin dili ingilis dilidir. Təxminən 30–40 il əvvəl isə biz deyirdik ki, elmin dili rus dilidir. Çünki həmin dövrdə elmi ədəbiyyatların böyük əksəriyyəti rus dilində idi və buna görə də elm və tədris dili kimi rus dili ön planda dayanırdı. Lakin biz elə bir vəziyyət yaratmalıyıq ki, elmin dili Azərbaycan dili olsun. Biz müstəqil dövlətik və Azərbaycan dilinin də elm dili kimi inkişaf etməsi üçün kifayət qədər imkanları mövcuddur".
Etibar Əliyev həmçinin vurğulayıb ki, digər tərəfdən, müasir dövrün tələblərinə cavab verən yeni dərsliklərin hazırlanması problemi də var: "Ali məktəblər çox vaxt bu məsələyə maraq göstərmirlər. Çünki bunu bir növ bəhanə kimi təqdim edərək bildirirlər ki, dərsliklərin hazırlanması və çapı üçün Nazirlik tərəfindən kifayət qədər vəsait ayrılmır. Bununla belə, tələbələrin bir neçə dili bilməsi son dərəcə vacibdir. Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin bu barədə çox maraqlı bir fikri var. O deyirdi ki, biz istəyirik tələbələrimiz qazax dilində əsərləri necə anlayıb oxuyurlarsa, ingilis dilində də Şekspiri eyni səviyyədə oxuyub başa düşə bilsinlər".

Mütəxəssis başqa məsələyə də diqqət çəkib: "Mən sizi tam əmin edirəm ki, hazırda müəllim hazırlayan ali məktəblərin əksəriyyətində dərs deyən professor-müəllim heyətinin böyük hissəsi dissertasiyalarını özləri yazmayıblar. Bu gün süni şəkildə yetişdirilmiş alimlər problemi geniş vüsət alıb. Xüsusilə humanitar elmlər sahəsində alimlik dərəcəsi alan şəxslərin əhəmiyyətli hissəsi ya dissertasiyalarını özləri yazmır, ya da Ali Attestasiya Komissiyası tərəfindən ciddi plagiat faktları aşkarlanır və nəticədə həmin dissertasiyalar təsdiqlənmir. Digər tərəfdən, bu gün ali məktəblərdə ən istedadlı tələbələrin saxlanılması problemi də mövcuddur. Məsələn, gənclər universiteti bitirdikdən sonra çox aşağı məvacib səbəbindən ingilis dili və ya digər sahələr üzrə doktoranturaya qəbul olunmağa maraq göstərmirlər. Çünki təqaüdlər kifayət qədər aşağıdır və ailə qurmaq, normal yaşayış təmin etmək kimi məsələlər onların qarşısında ciddi maneə yaradır. Nəticədə elmi fəaliyyətə maraq azalır. Bu baxımdan, ingilis dili tədrisini ayrıca təhlil etsək, görərik ki, vəziyyət həqiqətən də çox kritikdir. Lakin digər fənlər üzrə mənzərə bundan da ağırdır. Çünki sistem bütövlükdə elementlərdən ibarətdir. Əgər sistemin bir elementi düzgün işləmirsə, bu, qaçılmaz olaraq digər elementlərə də mənfi təsir göstərir. Mən hesab edirəm ki, ali məktəblərdə əsas üstünlük xaricdən ingilis dili üzrə elmi və elmi-pedaqoji fəaliyyət göstərə bilən müəllimlərin dəvət olunmasına verilməlidir. Həmin müəllimlər tələbələrin ingilis dilini elmi səviyyədə mənimsəmələrinə və bu dili daha dərindən qavramalarına ciddi töhfə verə bilərlər".
Etibar Əliyevin fikrincə, ali məktəblərdə yaşlı nəsil ilə orta və gənc nəsil müəllimlər arasında müəyyən uçurum da mövcuddur: "Onların dərs demək metodları, tədris keyfiyyəti və müasir yanaşmaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Mövcud problemlərin əsas səbəblərindən biri də məhz budur".
Xalidə Gəray
Musavat.com






