Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan seçkilərdən sonra ölkədə yeni küçə etirazlarının mümkünlüyünü istisna etməyib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Levon Köçəryan jurnalistlərə açıqlamasında müxalifətin bütün fəaliyyət variantlarını nəzərdən keçirdiyini bildirib.
Onun sözlərinə görə, küçə mübarizəsi özlüyündə məqsəd deyil və yalnız uğur qazanmaq ehtimalı olduğu halda tətbiq edilməlidir.
“Əgər küçə mübarizəsindən danışırıqsa, bu, özlüyündə məqsəd deyil. Belə addımı təşkil edənlər uğur ehtimalını da hesablamalıdırlar. Əks halda, nəticəsiz aksiyalar insanlarda məyusluq yaradır”, – deyə o bildirib.
Levon Köçəryan qeyd edib ki, küçə etirazları variantı müxalifətin sadəcə gündəmində qalır. Bununla yanaşı, o vurğulayıb ki, istər seçki, istərsə də küçə mübarizəsi məsələsi tək bir siyasi qüvvənin qərarı ilə həll oluna bilməz.
Erməni deputat həmçinin Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku ilə Samvel Karapetyanın dəstəklədiyi “Güclü Ermənistan” arasında təmasların olduğunu təsdiqləyib. Onun sözlərinə görə, iki siyasi qüvvə arasında müzakirələr aparılır və münasib vaxtda bununla bağlı açıqlama veriləcək.
Levon Köçəryan bildirib ki, Robert Köçəryanla Samvel Karapetyan hələ görüşməyiblər, lakin zərurət yaranarsa görüş və ya telefon danışığı baş tuta bilər.
Qeyd edək ki, Robert Köçəryanın rəhbərlik etdiyi revanşist müxalifət düşərgəsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib.
Musavat.com






