İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq hərəkatının ünlü siması Məhəmməd Hatəmi torpağa tapşırıldı

1524 15.06.2016 07:25 Ölkə A A
Milli azadlıq hərəkatının  fəallarından olan Məhəmməd Hatəmi Tantəkin iyunun 14-də  xəstəxanada dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə,  3 gün əvvəl ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə aparılan 81 yaşlı M. Hatəmiyə tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 

“Yeni Müsavat”ın əməkdaşı Məhəmməd Hatəminin yaşadığı evdə təşkil olunan vida mərasiminə qatılıb.

Məhəmməd Hatəmi ilə vida mərasimi onun Naxçıvanski 56 ünvanında yerləşən mənzilində oldu. Lakin vida mərasimində vaxtilə milli azadlıq hərəkatının önündə gedən, özlərini müxalifət camiyəsinin üzvləri sayan simalardan barmaqla sayılacaq qədərinə rast gəldik. Elə bəlkə də buna görə mərhum Hatəmi ilə vida mərasimi çox da uzun sürmədi. Vida mərasiminə qatılanlar arasında tanınmış simalardan AMİP lideri Etibar Məmmədov, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, sabiq müdafiə naziri Rəhim Qazıyev, jurnalist Əvəz Zeynallını görə bildik. Saat 13 radələrində mərhum Məhəmməd Hatəminin cənazəsi Bülbülə kənd qəbiristanlığında, ailəsinin yanında torpağa tapşırılması üçün çiyinlər üzərinə qaldırıldı. Dəfn mərasimində də yuxarıda adlarını sadaladığımız şəxslərdən Müsavat başqanı Arif Hacılı istisna olmaqla, digərləri iştirak etdilər. Məhəmməd Hatəmi çox az sayda adamın iştirakı ilə torpağa tapşırıldı. 

Dəfn törənində iştirak edən AMİP lideri Etibar Məmmədov mərhumla bağlı “Yeni Müsavat”a aşağıdakı xatirələrini bildirdi:

“Məhəmməd Hatəmi Tantəkin milli azadlıq hərəkatını başlayanlardan olub. O, bu hərəkatın kökündə dayanan və formalaşmasında müstəsna  rolu olan şəxslərdən biridir. Hatəmi əslində 1960-cı illərdən başlayan gizli hərəkatın simvollarındandır. 1980-ci illərdə isə artıq hərəkat kütləvi xarakter aldı, bu zaman da Məhəmməd Hatəmi öndə olan insanlardan biri oldu. Eyni zamanda o, yaxşı  alim, yaxşı insan və hər zaman da prinsipial mövqeyi olan şəxs olub”.
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə mərhumla bağlı aşağıdakıları söylədi: “Hərəkat dövründə biz ilk növbədə onun ətrafında toplaşmışdıq. O, ”Çənlibel" Cəmiyyətinin qurucusu olub. Azərbaycanda isə azadlıq hərəkatının ilk təməl daşı “Çənlibel”də qoyulub. Məhəmməd Hatəmi özü Cənubi Azərbaycandandır. Onun atası Seyid Cəfər Pişəvərinin fədailərindən olub. Pişəvəri öldürüldükdən sonra isə etiraz edənlərin çoxunu oradan sürgün etdilər. Eyni zamanda həmin şəxslərdən bir çoxlarını mənəvi baxımdan sındıraraq, KKB-nin əməkdaşı etdilər. Məhəmməd Hatəmi tanıdığım Azərbaycan ziyalılarının içərisində ən öndə gedən, sovet imperiyası ilə heç bir formada barışmaz mövqedə olan  şəxs idi. O zamanlar öndə olan Məhəmməd Hatəmi və onun yanında şair İsfəndiyar Coşğun var idi. Bu gün faciə odur ki, SSRİ-nin təsis etdiyi bütün mükafatları alanlar utanmadan deyirlər ki, biz dissident olmuşuq.  Azərbaycanda milli azadlıq hərəkatında bir daha bildirirəm ki, Hətəmidən öndə heç kim olmayıb. Bəzi məsələlərdə tarix təhrif edilib. Doğrudur, Hatəmi gözəl alim və insan idi. Ancaq ən əsası budur ki, o, barışmaz bir inqilabçı idi. O, tək həbsxanada yatan adam olub. 1988-ci ildə mən, Hatəmi və bayrağa görə Bəxtiyar Tuncay həbs edildik. Həmin zaman 8 ay həbsdə qaldıq. 1990-cı ildən sonra da “Lefortovo” türməsində yatıb. Oradan gəldikdən sonra  hətta rus rusluğu ilə onu işinə bərpa edib, maaşını da verib.  Xalq cəbhəsi hakimiyyətə gəldikdən sonra  Hatəmini işdən çıxardılar. Məni görəndə hönkürüb ağladı. Deyirdi ki, normal təqaüd alması üçün 2 il iş təcrübəsi çatmayıb".

Nemət Pənahlı  bu fikirlərindən sonra kövrələrək bir neçə dəqiqə susdu. Daha sonra bildirdi ki, Məhəmməd Hatəminin son günlərində ona yardım edə bilmədilər. Bildirdi ki, bu cür şəxs ehtiyac üzündən xəstəxanaya yerləşdirilməyib, xəstəliyi daha da ağırlaşıb: “Aparıblar xəstəxanaya, həkimlər  götürməyiblər ki, pul verməsəniz mümkün deyil. Vaxtında əməliyyat olunması üçün pul tapa bilməyib. Bu necə bir işdir? Azərbaycanın müstəqilliyi uğrunda canını qoyan, meydanlardan çəkilməyən bir adam, bu gün gördüyünüz kimi, azsaylı şəxslərin iştirakı ilə bu vəziyyətdə torpağa tapşırıldı”. 

Jurnalist Əvəz Zeynallı da “Yeni Müsavat”a mərhumla bağlı xatirələrini danışdı. Ə. Zeynallı bildirdi ki, Məhəmməd Hatəmidən müsahibə götürməyi çox istəyib. Lakin alınmayıb: “Məhəmməd Hatəmi Azərbaycan milli azadlıq hərəkatının müstəsna şəxsiyyətlərindən biridir. Xalq  hərəkatının ilk təşkilatlarının yaranmasında böyük rol oynayıb. ”Cənlibel" Cəmiyyətinin qurucusu olub, daha sonra isə Azərbaycan  Xalq Cəbhəsi ideyası ətrafında müəyyən fikirləri olub.  Milli azadlıq hərəkatının çox az sayda liderləri var ki, batalyon yaradıb və Qarabağ  uğrunda vuruşub. Ömrünün sonuna qədər də mövqeyini dəyişmədi. 2010-11-ci illərdə Məhəmməd Hatəmidən müsahibə almaq üçün çox çalışdım. Çox ehtiyatlı adam idi. Müsahibə vermirdi, heç kimə  inanmırdı. Ümumiyyətlə, mətbuata bel bağlamırdı. Onu inandırmağa çalışanda həbs olundum. Həbsdən sonra da son bir ayda Nemət Pənahlı ilə dəfələrlə onun yanına getdik. Yenə də çalışırdım ki, “Azadlıq salnaməsi” çərçivəsində ondan müsahibə götürəm.   Lakin təəssüf ki, buna nail ola bilmədik. Ruhu şad olsun. Yəqin ki, zaman keçdikdə biz onun qiymətini daha çox biləcəyik".

Qeyd edək ki, Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan “Çənlibel” Cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş Lenin, indiki Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib. 
M. Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ cəbhəsində “Milli Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!



















Əli RAİS
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR