İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüsalə Əhmədova: "Qadınların böyük əksəriyyəti işsizdir və bu, özlərinin seçimi deyil..."

751 17.07.2024 14:21 Müsahibə A A

Musavat.com Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyinin "Qadınların sahibkarlıq sahəsində iştirakının artırılması" layihəsi çərçivəsində iqtisadçı alim Vüsalə Əhmədova ilə "BMT və qadın sahibkarlıq" mövzusunda müsahibə hazırlayıb.

Müsahibəni təqdim edirik:

 - Hazırda Azərbaycanda qadınların sahibkarlıq sahəsində fəallığı kifayətedicidirmi?

- Ölkədə qadınların istər sahibkarlıq, istərsə də digər iş qollarında, həmçinin sosial və siyasi həyatda fəallığını qənaətbəxş hesab etmək olmaz. Sahibkar qadının formalaşması üçün öncə qadınlar hər hansı bir iş sahəsində çalışmalıdır ki, müəyyən sərmayəyə malik olsunlar. Burada ən önəmli kriteriya qadınların məşğulluq səviyyəsinin yüksəldilməsidir.

"Qadınların böyük əksəriyyəti işsizdir və bu, özlərinin seçimi deyil..."

Dövlət Statistika Komitəsinin hesabatına nəzər yetirsək, görək ki, qadınların məşğulluğu hansı səviyyədədir. Ölkədəki işsiz əhalinin 57,7%-ni qadınlar, 42,3%-ni isə kişilər təşkil edir. Məşğul əhali arasında qadın və kişilərin faiz nisbətinə baxsaq, qadınlar 48,3%, kişilər 51,7% təşkil edir. Qadınların böyük əksəriyyəti işsizdir. İndi qeyd edəcəklər ki, bu, qadınların özlərinin seçimidir. Əmin olun ki, bu belə deyil. Bütün sahələrdə, istər dövlət, istəsə də özəl gender bərabərsizliyi mövcuddur. Ədliyyə sistemində çalışan hakimlərin cinsiyyət üzrə bölgüsünə baxsaq, onlardan cəmi 91 nəfəri qadın (17%), qalan 449 nəfəri kişidir (83%). Bu göstərici üç aşağı, beş yuxarı demək olar ki, dəyişmir. Dövlət qulluğu vəzifələrini tutmuş kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Ali 3-cü təsnifatlar üzrə inzibati vəzifə tutanların 465 nəfəri qadın (33,62%), 918 nəfəri kişidir (66,38%), 4-7-ci təsnifatlar üzrə inzibati vəzifədə çalışanların isə 5.076 nəfəri qadın (22,86%), 17.129 nəfəri kişidir (77,14%).

VUSAL.jpg (383 KB)

"Qadın sahibkarlar daha çox problemlə üzləşirlər, çünki..."

- Kiçik və orta sahibkarlıq sahəsində qadınların sayı artmağa başlayıb. Lakin ciddi, böyük biznes sahəsində nədənsə qadınlara çox az rast gəlinir. Sizcə, səbəb nədir - qadınlar özləri buna cəhd etmir, yetəri qədər dəstək almırlar, onlara bu sahədə çox da etimad edilmir, yoxsa?

- Ölkə üzrə fərdi sahibkarların 21,68%-i qadın, 78,32%-i kişidir. Ölkəmizdə istər qadın, istərsə də kişi kiçik və orta sahibkarlar müxtəlif maneələrlə üzləşirlər. Bu,, istər inhisarçılıqla bağlı problemlər, istər vergi yoxlamaları zamanı yoxlayıcı orqanın səlahiyyətlərini aşması, istər biznes kreditlərinin verilməsindəki çətinliklər olsun, səbəblər çoxdur. Lakin qadın sahibkarların üzləşdiyi problemlər daha da çoxdur.

Qadınların sırf "qadın" olduqlarına görə qarşılaşdıqları problemlər var. Qadınların iş həyatında üzləşdikləri sosial və iqtisadi problemlərin əsasında birmənalı olaraq gender əsaslı ayrı-seçkilik dayanır. İş həyatında gender bərabərsizliyi, qadınlara öz ixtisaslarına uyğun və karyerada irəliləmələrini təmin edəcək, yüksək kvalifikasiyalı işlərin verilməməsindən tutmuş, kişilərdən daha aşağı maaş almalarına, yəni əmək haqqı bərabərsizliyinə qədər çox müxtəlif səviyyələrdə baş verir. Deyərdim ki, qadınlar iş elanlarından başlayaraq ayrı-seçkilik yaradan rəftar və davranışlara məruz qalırlar. İş elanları saytlarına nəzər yetirin, əksəriyyəti "seksist elanlar"dır. İşin xüsusiyyətləri bunu tələb etsə də etməsə də, açıq və ya üstüörtülü şəkildə kişilərin işə götürüləcəyi qeyd edilir. Və ya iş görüşmələrində işəgötürənlərin ayrı-seçkilik etmələri, qərəzli davranışlar sərgiləmələri müşahidə olunur. Qadınların karyera irəliləyişlərində yaşadıqları ayrı-seçkilik isə uzun illərdir davam edən problemdir. Ölkədəki bütün iş qollarında rəhbər vəzifələri demək olar ki, kişilər zəbt edib. Bundan əlavə, ümumiyyətlə iş həyatında maddi gücə və ya güclü mövqeyə sahib olanların bəzi əxlaqsız rəftar və davranışlarla əks cinsi narahat etməsi təcrübəsi ölkəmizdə daha çoxdur. Araşdırmalar göstərir ki, həm kişilər, həm də qadınlar iş həyatında “cinsi qısnama”ya məruz qalırlar, lakin qadınların yaşadığı bu cür hallar çoxluq təşkil edir. Cinsi mobbing təkcə fiziki təması və ya hərəkətləri əhatə etmir. Arzuolunmaz söz və davranışlar sərgiləmək də buraya daxildir. İnsan narahatedici sözlər və ya jestlər və ya rəftarla da cinsi mobbingə məruz qala bilir. Məsələn, qorxutma, təqib etmə, arzuolunmaz cinsi diqqət, müxtəlif eyhamlar və s. Bütün bunlar fiziki cinsi zorakılığa qədər gedib çıxır.

BMT və bu kimi beynəlxalq təşkilatların ölkəmizdə qadın sahibkarlığına dəstəyini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, gender bərabərliyində çətinliklərlə üzləşən ölkələrdə mütləqdir ki, bu problem qanunla tənzimlənsin, beynəlxalq sənədlərə əsaslanaraq real addımlar atılsın. Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması Konvensiyası" deyərdim ki, beynəlxalq hüquqda qadına qarşı zorakılıqla bağlı sanksiya gücü olan ilk Konvensiyadır. İstər dövlət, istərsə də özəl sektorda qadınlara qarşı fiziki, cinsi, psixoloji və iqtisadi hərəkət və təhditlərə qarşı sənəddə önəmli sanksiyalar nəzərdə tutulur. BMT-nin ixtisaslaşmış qurumlarından biri olan "Beynəlxalq Əmək Təşkilatı" tərəfindən qəbul edilən, "qadınların iş həyatındakı vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar" çox sayda qərarlar mövcuddur. Bütün bu sənədlər qadınların kişilərlə bərabərhüquqlu formada iqtisadi və sosial həyata qatılmasını təşviq edir və onların tətbiqi vacibdir. Ən önəmli beynəlxalq sənədlərdən biri də BMT-nın "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası"dır (GEDAW). Konvensiya, qadınların iş həyatında kişilərlə bərabər mövqe tutmasını "de facto" təmin etmək məqsədilə, tərəf dövlətlərin müvəqqəti və xüsusi tədbirlər görməsini nəzərdə tutur. Məqsəd sadəcə "de jure" bərabərlik yaratmaq deyil, bərabərliyin realda da həyata keçməsinə imkan verəcək "bərabər imkanlar siyasəti" (politics of equal opportunity) yürütməkdir. Ölkədə gender bərabərliyi təmin olunanadək "müsbət ayrıseçkilik" mexanizmi tətbiq etmənin qaçınılmaz olduğunu düşünürəm. Qadınların aşkar şəkildə geri plana atıldığı sahələrdə, xüsusilə də, ədliyyə, hüquq mühafizə, dövlət idarəçiliyi sahələrində kvotaların müəyyən edilməsi bunun yeganə həll yoludur. Qeyd etdiyim kimi, qeyri-bərabərlik hökm sürən sahələrdə real bərabərlik əldə edilənə qədər müvəqqəti "müsbət ayrıseçkilik" mexanizmi tətbiq edilməlidir.

- Bölgələrdə qadın sahibkarları hələ ki, azdır. Səbəb stereotiplər, dövlət dəstəyinin az olması, ya maarifləndirmənin kifayətedici olmamasıdır?

- İstər bölgələrdə istərsə də paytaxtda qadın sahibkarların sayının az olmasının səbəblərini az əvvəl qeyd etdim. "UN WOMEN" tərəfindən, "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi" (WEESC) regional proqramının bir hissəsi olaraq, "Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətləndirilməsi" (WEEA) layihəsi həyata keçirildi. Layihə çərçivəsində qadınların öz bizneslərini qurmaları üçün dəstək verildiyi açıqlandı. Bu məqsədlə Azərbaycanın dörd rayonunda, Bakının Xəzər rayonunda, Sabirabad, Qusar və Füzuli rayonlarında Qadın Resurs Mərkəzləri yaradılaraq qadınların iqtisadi cəhətdən inkişaf etməsinə dəstək göstərildiyi bildirildi. Bundan əlavə, BMT tərəfindən 2018-2021-ci illər üzrə Qadınların İqtisadi Səlahiyyətləndirilməsi gündəliyi həyata keçirilmişdi. Beynəlxalq qurumların həyata keçirdikləri bu cür layihələrin nə dərəcədə effektli olduğunu söyləmək çətin olsa da, təqdirəlayiq hesab etmək olar.

Qeyd edək ki, müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.

Müsahibədə əks olunan fikir, mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR