İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş cəmiyyəti qanunları təbliğ edir

629 24.07.2019 10:36 Son xəbər A A

Beynəlxalq İnsan Haqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi “Vətənaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun təbliğinə həsr olunan tədbir keçirib. Yığıncağa əsasən tələbələr, ictimai fəallar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri dəvət edilib. Maarifləndirmə məqsədi daşıyan tədbirin maliyyə dəstəkçisi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

Layihə haqqında bilgi verən Beynəlxalq İnsan Haqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib ki, bir neçə ay öncə qanuna edilən dəyişikliklər müraciətlərin daha effektiv araşdırılmasına şərait yaratsa da, çatışmayan məqamlar tamamilə aradan qaldırılmayıb:”Azərbaycan vətəndaşlarının çoxu rəsmi qurumların onların şikayət və ərizələrinə adekvat cavab verilməməsindən narazıdır. Bir çox nazirliklər başda olmaqla xeyli sayda dövlət orqanı vətəndaşların şikayət və təkliflərini onları qane edəcək səviyyədə araşdırmır. Bəzən nazirlərin və digər yüksək vəzifəli şəxslərin öncədən elan olunan qəbullarını onların müavinləri, idarə, hətta şöbə rəisləri həyata keçirir, formal xarakter daşıyan bu görüşlər zamanı vətəndaşları rahatsız edən məsələlərlə bağlı heç bir ciddi conuc əldə edilmir. Sözsüz ki, bütün bunlar hökumətlə vətəndaş arasında etimadsızlıq mühiti yaradır. Milli Məclisin yeni layihədə qəbul etdiyi qanun bu məqamların aradan qaldırılmasın yönəlib. Bu cür tədbirlərin keçirilməsi, qanun haqqında vətəndaşlara bilgi verilməsi və müzakirələr aparılması qanunların icra mexanizmlərinin hansı səviyyədə olması haqqında dəqiq təsəvvür yaradır. Ümid edirik ki, bu cür müzakirələr həm vətəndaşlar, həm də rəsmi qurumlar üçün faydalı olacaq”.

Daha sonra layihə üzrə ekspert Pərvin Quliyeva “Vətəndaşların müraciətləri haqqında” qanunu toplantı iştirakçıları üçün geniş şərh edib. Onun sözlərinə görə, şikayətlərlə bağlı vahid informasiya bazasının yaradılması rəsmi qurumların məsuliyyətini artırıb:”Bu addım təkrar müraciətlərin sayını nisbətən azaldıb. İnformasiya bazasına nəzarətin gücləndirilməsi rəsmi qurumların məsuliyyətini nisbətən artırıb. Bundan başqa, İnzibati Xətalar Məcəlləsində şikayətlərə baxmayan məmurlara xəbərdarlıq edilməsi və ya 100 AZN həcmində cərimələnməsini üzrə maddələr var. Sözsüz ki, bir sıra hallarda 100 AZN adekvat cəza sayılmaya bilər, ancaq bu, həmin məmurun dosyesində mənfi məqam kimi qalır və karyerasında ona maneələr yaradır. İXM-dəki maddələrin işə düşməsinə gəlincə, bu da vətəndaşın məsələ ilə bağlı ardıcıl mövqeyindən asılıdır. Hər bir vətəndaş problemi ilə bağlı müraciət edib cavab almadığı dövlət qurumları ilə məhkəmə çəkişməsini artıq vaxt itkisi, nəticəsiz iş saymasa, bu məsələdə ardıcıl olsa, nəticə əldə etmək mümkündür”.

Anonim müraciətlər və müraciətlərin müddəti ilə bağlı toplantı iştirakçılarının suallarına cavab verən Pərvin Quliyeva bildirib ki, qanun müraciətlərə ən geci 15 gün müddətində cavab verilməsini nəzərdə tutur:”Əgər şikayət əlavə yoxlama, öyrənilmə tələb edirsə, ən geci 30 günə vətəndaşa cavab verilməlidir. Əlavə məlumatlar 30 günə əldə edilməsə, bu haqda vəzifəli şəxs adından şikayətçiyə konkret səbəblər bildirilməklə araşdırma müddətu uzadıla bilər. Anonim müraciətlər isə qəbul edilmir. Çünki bu tip müraciətlərdə qərəz ehtimalı yüksəkdir. Hər bir şikayətçi ünvanladığı şikayətə, təklifə, müraciətə şəxsiyyət vəsiqəsindəki bilgilərini əlavə etməlidir”.

Daha sonra şikayətlərə baxılması ilə bağlı müzakirələr aparılıb. Toplantı iştirakçıları qarşılaşdıqları problemlər haqqında danışıb, qanunvericiliyin konkret məqamlarda nələri nəzərdə tutduğu haqqında təlimçilərə suallar ünvanlayıblar. Vətəndaşların şikayətlərinə baxmayan qurumlar arasında ən çox Təhsil və Səhiyyə nazirliklərinin adı hallanıb. Hər iki nazirlikdə fəaliyyət göstərən qaynar xətlərin avtomatik rejimə keçirildiyi və canlı ünsiyyətin mümkün olmadığı xüsusi vurğulanıb. Daxili İşlər Nazirliyinə gəlincə, 102 xidmətinin bütün hallarda vətəndaşlara cavab verdiyini, yalnız araşdırma faizinin aşağı olduğu bildirilib. Kənd Təsərrüfatı Nazirliyindəki qaynar xəttin ingilisdilli olmasını isə yığıncaü iştirakçıları nonsens kimi qiymətləndiriblər. Müzakirələ qoşulanlar nazirliyin əsasən kənd yerlərində çalışan fermer təsərrüfatı işçiləri ilə hansı ingiliscə danışmasının heç bir məntiqə sığmadığını deyiblər.

Könül Süleyman

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR