İnsanlara hürriyət, millətlərə istiqlal!

Vassal ölkənin yeni “milli təhlükəsizlik strategiyası” – İrəvan müharibəni seçir

5116 11.07.2020 18:26 Siyasət A A

Dünən – iyulun 10-da İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın başçılığı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iclasda Qarabağ məsələsinin də xüsusi yer aldığı Milli Təhlükəsizlik Strategiyasının təsdiqlənməsi məsələsi müzakirə olunub.

Sənəddə deyilir ki, Azərbaycanın Qarabağ münaqişəsinin həlli kontekstində “güc tətbiqi mövqeyindən çıxış eləməsi Ermənistanın təhlükəsizliyinə əsas təhdiddir”, Ermənistan Dağlıq Qarabağdakı kukla rejiminin “təhlükəsizliyinin qarantı” kimi ona Azərbaycanın “hərbi təcavüzü”dən qorunmaqda” kömək göstərməyə davam edəcək.

Sənəddə deyildiyi kimi, guya işğalçı ölkə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi ilə problemin sülh yolu ilə həll prosesinə sadiqdir. Diqqət, daha sonra iddia olunur ki: “ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün ATƏT ölkələri tərəfindən münaqişənin həllində əsas prinsiplərdən biri kimi tanınan öz müqəddəratını təyinetmə hüququ, Dağlıq Qarabağın “səlahiyyətlilərinin” danışıqların bütün mərhələlərində tam iştirakı üçün əsasdır”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri

Sənəddə həmçinin Türkiyənin Azərbaycana hərbi-siyasi yardımından bəhs olunur. İrəvanda hesab edirlər ki, belə dəstək münaqişənin hərbi yolla həlli üçün Azərbaycanın “istəyini gücləndirir”. İşğalçı ölkə habelə Azərbaycan tərəfindən hərbi əməliyyatlara əl atılacağı təqdirdə Türkiyənin konfliktə “örtülü və ya açıq müdaxiləyə” hazırlığından narahatdır. İrəvan iddia edir ki, Türkiyənin qonşu ölkələrə qarşı “güc tətbiq eləməsi” daha geniş bölgənin sabitliyini təhdid edir və Ermənistana qarşı Ankaranın mümkün hərəkətlərinin nəticələri proqnoza yatımlı deyil. Ermənistan rəhbərliyi hesab edir ki, Türkiyə yalnız Ermənistanla bağlı “qeyri-dost siyasətini” təzədən nəzərdən keçirəcəyi təqdirdə onun təhlükəsizliyinə təhdid olmaqdan çıxa bilər.

***

İşin içində olanlar yəqin ki, artıq anladılar: Ermənistanın “yeni milli strategiya” adlı zırıltı sənədə “yeni” adına heç nə yoxdur.

Ermənistan | EU4Digital

Növbəti dəfə arzu olunanı reallıq kimi təqdim etmək cəhdi, illərdir dünyanın zəhləsini tökmüş köhnə və çeynənmiş tezislər, beynəlxalq ictimaiyyəti və öz xalqını aldatmağa yönəlik xəstə fikirlər, anti-türk isteriyası, boşuna gözləntilər və əlbəttə ki, hamını bezdirən YALAN!

Çünki əvvəla, mötəbər beynəlxalq təşkilatların heç bir rəsmi sənədində Dağlıq Qarabağ konfliktinin əsas həll prinsiplərindən biri kimi, “öz müqəddəratını təyinetmə” tələbi əks olunmayıb. Əgər ATƏT-in Minsk Qrupu nəzərdə tutulursa, bu uğursuz formatda da indiyədək tərəflərin imzaladığı və yerli parlamentlərin təsdiqlədiyi bircə yazılı sənəd belə qəbul olunmayıb. Yalnız ümumi tövsiyələr var. Tövsiyəni isə qəbul edə də bilərsən, bilməyə də.

Real sənədlərə gəlincə, son olaraq, Avropa Parlamentinin “Şərq Tərəfdaşlığı” ölkələri ərazindəki münaqişələrlə bağlı ötən ay qəbul elədiyi qətnamədə Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi bir daha və birmənalı dəstəklənir – hansı ki, işğalçı ölkədə əməlli-başlı təlaş yaratmış, hətta Avropanın Bakıya savaş üçün “yaşıl işıq” yandırması kimi qiymətləndirilmişdi.

Sabah Minskdə Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin ...

Ondan qabaq isə BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın, Avropa Birliyinin, (Avropa Parlamentinin), NATO PA-nın, ATƏT PA-nın, İslam Əməkdaşlıq Təşkilatının, 122 dövləti birləşdirən Qoşulmamaq Hərəkatının, TürkPA-nın qəbul elədiyi sənədlərdə də Ermənistan təcavüzkar kimi tanınır. Belədirsə, işğalçı-separatçılara hansı haqla müqəddəratı təyinetmə hüququ tanına bilər ki? Üstəlik, əgər erməni xalqı artıq öz müqəddəratını artıq təyin edibsə və tarixi ərazilərimizdə “Ermənistan” adında simvolik dövlət yaradıbsa?

Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Nikol Paşinyanla debatda söylədiyi kimi, “erməni xalqı ikinci dəfə öz müqəddəratını təyin eləmək istəyirsə, qoy Yer üzündə özünə başqa məkan axtarsın!” Yəni şərini bizdən rədd eləsin. “Azərbaycan öz torpaqlarında ikinci saxta erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacaq”. Bunu da İlham Əliyev cəmi bir neçə gün öncə yerli telekanalla verdiyi müsahibədə söyləyib.

***

Əslinə qalsa, İrəvanın “milli təhlükəsizlik strategiyası” adlandırdığı bu kağız parçasını rahatca zibil qutusuna atıb Ermənistan üçün bu adda sənədə yalnız bircə cümlə yazmaq olar: Ermənistanın milli təhlükəsizliyi = Rusiya ilə 2047-ci ilədək qüvvədə olan vassal müqaviləsinə. Vəssalam.

Ermənistanın yeni təhlükəsizlik strategiyası ekspansionizmə söykənəcək

Doğrudan da, forpostun, vassal ölkənin hansı milli suverenliyi, müstəqilliyi ola bilər ki, milli təhlükəsizlik strategiyası da olsun?! Əgər sənin yerinə təhlükəsizliyini, xarici sərhədlərinin mühafizəsini, xarici siyasətini, ümumən siyasi-iqtisadi varlığını Kreml və onun hərbçiləri təmin edirsə, sərbəst ayaqda durmaq potensialın yoxsa, “milli təhlükəsizlik” barədə nağılı kimə danışırsan? Belə konsepsiyalar və strategiyalar normal ölkələrdə olur, özünü doğrultmamış və “dövlət” adına həqarət sayılan müstəmləkələrdə və siyasi konqlomeratlarda yox! Yaxud Rusiya olmadan Ermənistanın öz varlığı böyük sual altına düşəcəksə, Dağlıq Qarabağdakı oyuncaq qurumun varlığından danışmağa və sənəddə iddia olunduğu kimi, Ermənistanın bu saxta rejimə qarant durmasından danışmağa dəyərmi?

“Yeni təhlükəsizlik strategiyası”dan hasil olunan əsas qənaət isə belədir: İrəvan bununla növbəti dəfə əsas qonşularla münasibətdə sülhü deyil, müharibəni, azadlığı deyil, köləliyi seçdiyini bəyan etdi. Əlbəttə ki, o zaman gərək seçiminin nəticələrinə də hazır olsun...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR