İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda Qafqaz razılaşması: Türkiyə üçün tələ, yoxsa...

1412 13.03.2024 13:19 Ölkə A A

Ağ Evin Ankara ilə Azərbaycan-Ermənistan barışı ilə bağlı elan etdiyi hədəf haqqında fərqli fikirlər

Avropa Parlamentinin (AP) fevralın 28-də qəbul etdiyi “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” başlıqlı illik hesabatında Azərbaycan sərt tənqid edilib. 

Ötən həftəsonu ABŞ və Türkiyə “dərin köklü fikir ayrılıqlarını aradan qaldıra bilmək” üçün hərtərəfli danışıqlar apardılar. “Strateji çərçivə” adlandırılan danışıqlar ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında oldu. İki günlük səfərin iki müttəfiq arasında uzun müddətdir davam edən gərginliyi aradan qaldıracağına dair əvvəldən də heç bir illüziya yox idi.

Ekspertlərə görə, ən sərt danışıqlar Suriya mövzusu və Ankaranın Rusiya ilə güclü iqtisadi əlaqələri ilə bağlı olub. Bizim üçün daha maraqlı məsələ tərəflərin Cənubi Qafqazdakı vəziyyəti də müzakirə etməsidir. Fidan və Blinken Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə olunmasına kömək etmək üçün birgə işləmək öhdəliyi götürüblər. Tərəflər belə bir sazişin regional sabitliyə, əməkdaşlığa və çiçəklənməyə kömək edəcəyi barədə razılığa gəliblər. Tarixən Rusiya, Türkiyə və İran arasında nüfuz mübarizəsinin getdiyi Cənubi Qafqaz regionu müasir dövrümüzdə qlobal geosiyasi güclərin mübarizə meydanına çevrilib. Kreml üçün Cənubi Qafqaz xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, Ukrayna cəbhəsində vəziyyət ağır olsa da, Moskva Cənubi Qafqazda da nüfuzunu saxlamaq üçün ciddi addımlar atır. Bu regionda Rusiyanın əleyhinə olan Aİ və Fransa Ermənistan vasitəsilə müəyyən addımlar atır. Lakin onların hamısı cəm halında belə Rusiyanın mövqeyinə əsaslı təsir etmək potensialına malik deyil. Bu halda ABŞ-ın güclü Türkiyəni də önə çıxarmaq istəyi mümkündür.

Məsələ ondan ibarətdir ki, hazırda regional reallıqlar kontekstində Türkiyə, Rusiya və İranın maraqları bir-birindən ciddi surətdə fərqlənmir. Ermənistan vasitəsilə regionda güc nisbətini öz xeyrinə dəyişmək istəyən Qərbə isə Türkiyə kimi müttəfiq lazımdır. Amma Türkiyə heç bir halda Azərbaycanın maraqlarına zidd addım atmaz və Vaşinqtonda bunu yaxşı başa düşürlər. O səbəbdən ABŞ indi Cənubi Qafqazda Türkiyənin rolunun artmasını istəyir. Buna isə Rusiyanın qıcıqlı reaksiyası mümkündür. ABŞ isə “bir güllə ilə iki hədəf” vura bilər. Həm Türkiyəni regionda daha üstü mövqedə olmasını təmin edər, həm Ankaranın Rusiya ilə münasibətlərinə son qoya bilər... Ekspertlərimizin məsələ ilə bağlı maraqlı yanaşmaları var.

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirdi ki, ABŞ-ın Cənub Qafqaz siyasəti davamlı sülhün və barışın olmasına yönəlməyib: “Əksinə, Cənubi Qafqazda stabilliyin olması, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin müsbət istiqamətdə getməsi onun maraqlarına o qədər də uyğun deyil. Həmçinin ABŞ Fransa ilə birgə Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq üçün əlindən gələni edir ki, bu da Azərbaycan- Ermənistan münasibətlərinin daha da pisləşməsinə yönəlib. Həmçinin ABŞ nəinki regionda, həm də qlobal səviyyədə söz sahiblərindən birinə çevrilmiş Türkiyənin Rusiya ilə əməkdaşlığına qısqanclıqla yanaşır və hər vəchlə həm hərbi, həm siyasi əməkdaşlıqdan çəkindirməyə çalışır”. S.Məmmədov şübhə etmir ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında son görüş də bu qəbildəndir: “Amma Türkiyə öz dövlət maraqlarını ABŞ-ın hikkəsinə və siyasətinə qurban verəsi deyil. Bu baxımdan Rusiya ilə hərtərəfli əməkdaşlığı dayandırıb, kollektiv Qərbin sanksiyalarına qoşulacağı real görünmür. Türkiyə o dövlət deyil ki, ABŞ nə istəsə, diktə etsin. Açıq danışsaq, Türkiyənin Rusiya ilə əməkdaşlığı Azərbaycan üçün də əlverişlidir. Bir çox məsələlər var ki, məhz bu əməkdaşlıq Rusiyanı Cənubi Qafqaza münasibətdə siyasətini korrektə etməyə sövq edir. ABŞ isə Azərbaycana münasibətdə yenə də öz ampluasındadır”. Ekspert digər mühüm detala da diqqət çəkdi: “Dövlət Departamentinin faktiki strukturu olan "Freedom House" təşkilatı bu yaxınlarda növbəti bədnam hesabatını açıqladı və öz saxta reytinqində Azərbaycanı qeyri-azad ölkə, Ermənistanı isə qismən azad ölkə kimi göstərməklə yanaşı, tərtib etdiyi xəritədə Azərbaycan ərazisinin bir hissəsini “Dağlıq Qarabağ” adlandıraraq növbəti dəfə fərqli rənglə verdi. Həm də hesabatda Azərbaycanın bu ərazilərdə de-fakto yurisdiksiyasının bərpa olunmasını, həmin ərazilərdə insan hüquqlarının vəziyyətinin pisləşməsi və “Dağlıq Qarabağ” adlandırdıqları mövcud olmayan bir məfhumun reytinqinin bu səbəbdən aşağı düşdüyünü göstərdi. Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən bir dövlət - bir daha qeyd edirəm ki, “Freedom House” ABŞ Dövlət Departamentindən birbaşa subsidiyalaşan və onun faktiki strukturu olan bir qurumdur və onun mövqeyi, elə ABŞ-ın rəsmi mövqeyi deməkdir - Cənub Qafqazda barışın olmasında maraqlı ola bilməz. Onlar bunu Minsk Qrupunun həmsədri olarkən də sübut etmişdilər". S.Məmmədov qeyd etdi ki, Türkiyəni Rusiyaya qarşı qoymaq, Ermənistanı Rusiyanın təsirindən çıxarmaq və beləliklə, regionda onsuz da həssas olan vəziyyəti bir az da pisləşdirmək ABŞ dövlətinin siyasətidir. “Buna nail ola biləcəkmi? Fikrimcə, yox”, - deyə ekspert bildirib. 

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı şübhə etmir ki, Cənubi Qafqaz həmişə dövlətlərin maraq dairəsində olub: “Son yüz ildə Rusiya və onun davamı olan SSRİ üstün mövqedə idi. Respublikalar müstəqillik qazandıqdan sonra situasiya dəyişdi, region uğrunda mübarizə də kəskinləşdi. İndi tamamilə yeni münasibətlər sistemi formalaşıb, Rusiya xeyli zəifləyib, amma müəyyən təsir imkanlarını saxlayır, İran dini amilə söykənərək hərəkət etməyə çalışır, bu mənada Azərbaycanın şiə əhalisindən, Gürcüstanın müsəlmanlarından yararlanmağa, Ermənistanla yaxınlaşmaq üçün isə uydurma "qədim tarix birliyi" amilində istifadə etməyə çalışır. Türkiyə Azərbaycanın maraqlarını öz maraqları ilə üzlaşdırır, birgə maraqları müdafiə edir." A.Nağı hesab edir ki, bu şəraitdə ABŞ-Türkiyə münasibətləri Azərbaycan üçün əhəmiyyətlidir: “Belə görünür ki, Vaşinqton regionda avropalı müttəfiqlərindən daha çox, Ankara ilə birgə hərəkət etməyə çalışır. Əlbəttə, onların daha yaxın müttəfiqi İngiltərədir, ona görə də Türkiyə və İngiltərənin rolunu qabartmağa çalışırlar. İngiltərənin müdafiə nazirinin Rusiyaya qarşı son sərt açıqlaması da həmin prosesdən xəbər verir. ABŞ Türkiyə vasitəsilə regionda maraqlarını təmin etmək istəyir. Vaşinqton Rusiyanın regiondan çox da uzaq olmayan perspektivdə gedəcəyini anlayır, onun yerinə zəif və qeyri-müəyyən Fransanın, ya da aqressiv İranın gəlməsindənsə, Türkiyənin bu rolda çıxış etməsini istəyir. Ona görə də ABŞ-Türkiyə yaxınlaşması təsadüfi deyil, qarşılıqlı maraqlara söykənir. Bu müttəfiqlik Azərbaycanın da maraqlarına cavab verir. Türkiyənin iştirak etdiyi istənilən proses bizim üçün sərfəlidir”.

E.PAŞASOY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR