İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtona gedən yol İslamabaddan keçir - İranın yeni ümidi Pakistan oldu

555 22.06.2026 17:53 Siyasət A A

Yaxın Şərqdə son aylarda baş verən geosiyasi proseslər fonunda İran prezidenti Məsud Pezeşkianın iyunun 23-də Pakistana gözlənilən səfəri diqqət mərkəzinə çevrilib. Tehran və İslamabad arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda baş tutacaq səfər təkcə ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də regiondakı diplomatik proseslər kontekstində xüsusi əhəmiyyət daşıyır.

İran Prezident Administrasiyasının açıqlamasına görə, səfər çərçivəsində tərəflər əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra vəziyyətini müzakirə edəcək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Diqqət çəkən məqamlardan biri isə Pezeşkianın ABŞ-İran münasibətlərində vasitəçilik təşəbbüslərinə görə Pakistan rəhbərliyinə təşəkkür etməyi planlaşdırmasıdır.

Pezeşkianın Pakistana səfəri regionda hansı yeni siyasi mesajları ehtiva edir? İran-Pakistan münasibətlərində hansı istiqamətlər ön plana çıxacaq? İslamabadın Tehran-Vaşinqton xəttində vasitəçilik cəhdləri real nəticələr verə bilərmi? Bu səfər Yaxın Şərq və Cənubi Asiyada formalaşan yeni geosiyasi balanslara necə təsir göstərəcək?

sona1.jpg (35 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında deyib ki, Məsud Pezeşkianın Pakistana səfərinin arxasında ikitərəfli siyasi maraqlar var:

“Tehran da, İslamabad da bu görüş vasitəsilə həm daxili auditoriyaya mesaj verməyə, həm də regionda dəyişən güc balansında öz mövqeyini yenidən müəyyənləşdirməyə çalışır. Doğrudur, rəsmi açıqlamalarda iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, sərhəd təhlükəsizliyi və əvvəlki razılaşmaların icrası kimi klassik diplomatik ifadələr önə çıxır. Lakin reallıq bundan daha mürəkkəbdir. Burada sərhəd təhlükəsizliyi, ABŞ sanksiyaları, enerji layihələrinin taleyi və Tehran-Vaşinqton xəttində mümkün yumşalma ehtimalları da mühüm rol oynayır. İran üçün Pakistan bu mərhələdə xüsusi əhəmiyyət daşıyır. Tehran Qərblə münasibətlərin tam qapalı olduğu görüntüsünü yaratmaq istəmir. Pezeşkian hakimiyyəti sanksiya təzyiqini azaltmaq, diplomatik manevr imkanlarını genişləndirmək və daxildə “İran təcrid olunmayıb” mesajını vermək istəyir. Bu baxımdan Pakistan Tehran üçün həm qonşu ölkədir, həm sərhəd təhlükəsizliyi baxımından vacib tərəfdaşdır, həm də ABŞ-la dolayı təmaslar üçün müəyyən kanal rolunu oynaya bilər. Lakin, Pakistanın vasitəçilik imkanları həlledici deyil, məhduddur. İslamabad Tehranla Vaşinqton arasında körpü rolunu oynamağa çalışır, lakin bu körpünün üzərindən hansı siyasi qərarların keçəcəyinə Pakistan təkbaşına qərar vermir. ABŞ-ın mövqeyi, Körfəz ölkələrinin maraqları, İsrail faktoru və İran daxilindəki sərt siyasi xətt bu prosesin real sərhədlərini müəyyən edir. Burada Pakistanın öz hesabı var. İslamabad İranla münasibətləri normallaşdırmaq istəyir, çünki sərhəd bölgələrindəki qeyri-sabitlik, Bəlucistan faktoru və enerji ehtiyacı Pakistan üçün ciddi problemdir. Eyni zamanda Pakistan ABŞ və Körfəz ölkələri ilə maliyyə-siyasi münasibətlərini də riskə atmaq istəmir. Ona görə də İslamabad İranla yaxınlaşmanı elə aparmağa çalışır ki, Vaşinqtonla münasibətlər zədələnməsin. Güman edirəm bu səfərdə iqtisadi əməkdaşlıq mövzusu ön planda olacaq. Ticarəti 10 milyard dollara çatdırmaq siyasi baxımdan cəlbedici hədəfdir. Lakin bank sistemi, enerji layihələri və beynəlxalq ödəniş mexanizmləri ABŞ sanksiyalarının kölgəsində qaldıqca bu hədəfin böyük hissəsi bəyanat səviyyəsində qala bilər. İran-Pakistan qaz kəmərinin illərlə real nəticə verməməsi də bunu açıq göstərir”.

Siyasi təhlilçinin qənaətinə görə, bu səfərin ən real nəticəsi böyük iqtisadi sıçrayış yox, təhlükəsizlik koordinasiyasının artırılması ola bilər:

“İran və Pakistan sərhəddə yeni gərginlik istəmir. Hər iki ölkə anlayır ki, kiçik bir sərhəd insidenti belə daha böyük diplomatik böhrana çevrilə bilər. Ona görə də tərəflər bu səfər vasitəsilə ən azı böhranların idarə olunması mexanizmini gücləndirməyə çalışacaqlar. Bu səfərin Yaxın Şərq və Cənubi Asiya üçün verdiyi mesaj da aydındır. İran regionda tam tək qalmadığını göstərmək istəyir. Pakistan isə özünü yalnız Cənubi Asiya dövləti kimi deyil, Yaxın Şərq diplomatiyasında da rol ala bilən aktor kimi təqdim etməyə çalışır. Lakin bu proses regionda güc balansını birdən-birə dəyişəcək səviyyədə deyil. Daha çox diplomatik mövqe tutmaq, böhranı idarə etmək və gələcək danışıqlar üçün zəmin yaratmaq cəhdidir. Gözlənilən odur ki, bu səfərdən sonra ticarət, sərhəd təhlükəsizliyi və regional əməkdaşlıqla bağlı müsbət bəyanatlar veriləcək. Pakistanın vasitəçi rolu xüsusi vurğulanacaq. Amma real irəliləyiş yalnız üç şərtdən asılıdır. ABŞ-ın sanksiyaları müəyyən qədər yumşaltması, İranın sərhədlərinin təhlükəsizliyi ilə bağlı daha praktik addımlar atması və Pakistanın Vaşinqtonla Tehran arasında balansı qorumağı bacarmasından asılı olaraq müəyyən nəticələr əldə oluna bilər. Əks halda bu səfər də daha çox siyasi jest səviyyəsində qalacaq. Diplomatik şəkillər veriləcək, dostluq mesajları səslənəcək, iqtisadi əməkdaşlıqdan danışılacaq. Amma qaz kəməri, bank əməkdaşlığı və real ticarət artımı yenə də sanksiyaların və böyük güclərin siyasi hesablarının təsiri altında qalacaq. Ona görə Pezeşkianın Pakistan səfərini nə şişirtmək, nə də tam əhəmiyyətsiz saymaq doğrudur. Bu səfər böyük dönüş nöqtəsi deyil. Amma İranın təcriddən çıxmaq, Pakistanın isə regional vasitəçi kimi görünmək cəhdinin mühüm epizodudur”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR