İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Ələkbərovdan Rusiyanın neft hasilatı barədə qorxunc proqnoz

7188 25.05.2022 18:45 İqtisadiyyat A A

İlham Şaban: “Onun dediklərində həqiqət payı çox böyükdür”

Ukraynaya hücumuna görə Qərbin ən ağır sanksiyalarına məruz qalan Rusiyanın əsas gəlir mənbəyi olan neftinə embarqo qoyulması ilə bağlı proses getdikcə uzanır. Avropa İttifaqının 26 dövlətinin razılaşdığı embarqo qərarını Macarıstan iqtisadi təsirlərini bəhanə gətirməklə əngəlləməkdədir. Budapeştin mövqeyinə görə hətta Avropa İttifaqının gələn həftə baş tutacaq sammitində də Rusiya neftinə embaqro tətbiqi barədə qərarın qəbul olunması ehtimalı getdikcə azalır. Macarıstan hökuməti getdikcə daha sərt tələblər irəli sürməklə prosesin qarşısını almaqdadır və artıq burada Moskvanın təsirinin olması şübhələri daha tez-tez səsləndirilir. “Bloomberg”in yazdığına görə, Macarıstan rəhbərliyi iyunun əvvəlinədək hər hansı qərarın qəbuluna imkan verməyəcəklərinə əmindir.

Avropa İttifaqı rəhbərliyi neft embarqosu ilə bağlı müddəti Macarıstan üçün 2024-cü ilin sonuna, Çexiya üçünsə 2024-cü ilin iyununa təyin etmək istəyir. Lakin Budapeşt bununla da razılaşmayaraq, öz emal zavodlarını başqa neftə keçirmək, həmçinin digər ölkələrdən idxal infrastukturunu yaratmaq üçün onlara minimum 770 milyon avro vəsait lazım olacağını bildirirlər. Buna görə də onlar embarqo qərarının boru kəməri ilə nəql olunan neftə aid edilməməsini tələb edirlər. Hətta xarici işlər naziri Peter Siyyarto Rusiya neftindən imtina müqabilində Avropa İttifaqının onlara 17-18 milyard avro kompensasiya verməli olduğunu bildirib. Bəzi mənbələr Rusiyanın qərarı önləməsinin əvəzində Macarıstana satılacaq neftin qiymətində kəskin endirim təklif etdiyini bildirirlər.

Rusiyanın ən böyük özəl neft şirkəti olan “LUKoyl”un sabiq prezidenti Vahid Ələkbərov hesab edir ki, Avropa İttifaqı ortamüddətli perspektivdə neft tədarükçüsü kimi Rusiyanın əvəzini tapmayacaq. “Financial Times” qəzetinə müsahibə verən iş adamının sözlərinə görə, Rusiyaya qarşı neft embarqosunun tətbiqi hər iki tərəf üçün mümkün olan ən pis ssenari olacaq: “Bu, dekarbonizasiya kimi təbii proses deyil və koronavirus pandemiyası zamanı yaranan qısamüddətli istehlak böhranı deyil. Bu, bütün bazar iştirakçıları üçün uzunmüddətli mənfi nəticələrə gətirəcək son dərəcə ağır enerji böhranıdır. Rusiya neftinin tədarükünü başqa ölkələrə yönəltməyə imkan verəcək yeni infrastrukturun qurulması üçün illər lazım olacaq. Rusiya 2020-ci ildə pandemiyanın əvvəlində edildiyi kimi, neft hasilatını, quyularını azaltmalı olacaq, çünki bütün Avropa həcmlərini bir gecədə yönləndirmək mümkün deyil. Qlobal enerji konfiqurasiyası onilliklər ərzində sərmayələr və zəhmət hesabına bir çox peşəkar nəsillər tərəfindən qurulduğu halda, hərbi münaqişələr tez başa çata bilər. Hamısını sarsıtmağa və məhv etməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Rusiya dövlət rəhbərliyinin Avropanın almayacağı neftin Asiya və Şərq bazarlarına yönləndiriləcəyinə dair iddialı mövqelərinə rəğmən, V.Ələkbərovun söylədiyi fikirlər reallığı daha doğru əks etdirir. Belə ki, koronavirus pandemiyasına görə neftə tələbatın kəskin azaldığı vaxtlarda bütün dünyada istehsalçı ölkələr hasilatı azaltmaq məcburiyyətində qaldılar. 2021-ci ildən pandemiyanın təsirlərindən çıxan dünya iqtisadiyyatının neftə tələbatı artan zaman hasilatı artırmaq mümkün olmadı. Təsadüfi deyil ki, OPEK+ razılaşmasının üzvləri hasilatı nəzərdə tutulan həcmlərə hələ də çatdıra bilməyiblər.

Oxu.az - İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə  kifayətlənməyəcək

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, V.Ələkbərovun dediklərində həqiqət payı yüksəkdir: “Çünki əgər Avropaya ixrac etməsə, ikincili sanksiyalar da olsa, Rusiyada gündəlik neft hasilatı ilin sonunadək 3 milyon barel azalacaq. Aprel ayının sonunadək artıq 1 milyon barel azalma var. Təbii ki, hasilatın azalması ixracın da azalması deməkdir. Yaxud əksinə, ixrac edə bilmirsənsə, hasilatı azaltmağa, sadəcə, məcbursan. Ümumiyyətlə, Rusiya ildə 520-530 milyon ton neft hasil edir. Ötən il bunun 240 milyon tonunu xam şəkildə ixrac edib. Bundan əlavə, 100 milyon ton civarında da emaldan keçən neft məhsulları satıb. Rusiyaya daxili bazarı təmin etmək üçün ildə 200 milyon ton neft kifayətdir. Yerdə qalanını neft və neft məhsulları şəklində xarici bazarlarda satır. İndiyədək Rusiyanın gündəlik ixracı 5-6 milyon barel idi. Bunun 3 milyon barel azalması o deməkdir ki, həmin həcmi daxildə realizə etmək mümkün olmayacaq. Eləcə də qısa müddət ərzində onun hamısını digər bazarlara yönəltmək də real deyil. Burada əlac yalnız hasilatı azaltmaq olacaq - yəni quyuları bağlamaq. Bağlanan quyularda yenidən hasilatı bərpa etmək böyük həcmdə vəsait qoyuluşu, yüksək texnologiyalar tələb edəcək. Həmin texnologiyaların da Qərb Rusiyaya satılmasını qadağan edib. Bu o deməkdir ki, hətta sanksiyalar aradan qaldırılsa belə, Rusiya 4-5 il müddətində hasilatın indiki səviyyəsini güclə təmin edə bilər, bəlkə də heç nail ola bilməz”.

Ekspertə görə, qlobal bazarda Rusiya neftinin payı azalsa, qıtlıq yaranması məsələsi digər hasilatçılardan asılı olacaq: “Hazırda OPEK+ çərçivəsində azaldılan hasilat həcmi gündəlik 1,4 milyon bareldir. Bu elə bazarda qiymətləri yüksək saxlamaq üçün Səudiyyə ilə Rusiyanın birgə oyunudur”.

Səudiyyə Ərəbistanı hələlik ABŞ-ın təzyiqlərinə davam gətirərək hasilatı artırmaqdan yayınır. Hətta ölkənin energetika naziri şahzadə Əbdül Əziz bin Salmanın “Financial Times”a dediyinə görə, Səudiyyə Rusiya ilə birlikdə hasilatın azaldılmasına dair OPEK+ razılaşmasının müddətinin uzadılmasına nail olmağı hədəfləyir. Razılaşmanın müddəti bu ilin sonunda bitir. Razılaşma iştirakçısı olan ölkələr hasilatı hələlik nəzərdə tutulan həcmlərə çatdıra bilməyiblər. Səudiyyə şahzadəsinin fikrincə, neft məhsulları bazarında qiyməti artıran əsas amil təklifin az olması deyil, emal müəssisələrinin gücünün aşağılığıdır: “Hər halda, son 3 ildə dünyada emal zavodlarının gücü 4 milyon barel azalıb. Bunun 2,7 milyon barelı COVİD-19 pandemiyası dövründə baş verib”.

Səudiyyə Ərəbistanı dövlət neft şirkəti olan “Saudi Aramco”nun rəbəri Amin Nassir isə “Financial Times”a  bildirib ki, enerjidaşıyıcıları bazarındakı vəziyyət dünya ictimaiyyətinin yaşıl enerjiyə keçid planına yenidən baxmasını və neft-qaz hasilatına sərmayələri artırmasını tələb edir: “Hazırkı böhran göstərir ki, dünya üzrə neft-qaz ehtiyat həcmləri çatışmazlığı var. Biz 2050-ci ildə hamıya kömək edəcək enerji keçidi üzərində işləməkdənsə, dünyanı daş kömürdən daha çox istifadəyə təhrik edirik”. 

Amin H. Nasser - Top CEOs In The Middle East - Forbes Lists

Amin Nassir

Nassir onu da bildirib ki, dünya enerji aktivliyi azalsa belə, neftə olan gündəlik qlobal tələbat 100 milyon bareldən aşağı düşməyəcək, yaxın perspektivdə isə pandemiyadan sonrakı fəallaşma nəticəsində hətta 105 milyon barelə çata bilər: “Zəruri investisiyalar olmasa, artan tələbatın təmin olunması sistemi çox kövrək olacaq, hər hansı gücün bazardan çıxması ciddi problemlər yaradacaq”. Şirkət rəhbəri həmçinin ölkəsinin gündəlik hasilatı 30 gün ərzində 10,2 milyon bareldən 12 milyon barelə qədər artıra biləcəyini deyib. O, həmçinin Rusiyada hasilatın gündəlik 8 milyon bareldən aşağı düşməyəcəyinə ümid etdiyini vurğulayıb. Onun fikrincə, hasilat 8 milyon bareldən aşağı düşərsə, bazarda azalacaq həcmləri təmin etməyə mənbə olmayacaq.

Qeyd etmək lazımdır ki, yalnız neft və neft məhsullarının alışına embarqo deyil, Rusiyada neft hasilatının azalmasını şərtləndirəcək başqa amillər də var. Bunlardan biri budur ki, Avropa ölkələri, xüsusilə Rusiya işğalından əziyyət çəkən Baltikyanı ölkələr nəinki Rusiya qazından, hətta elektrik enerjisindən də imtina edirlər. Mayın 22-dən etibarən Litva və digər Baltik ölkələri Rusiyadan elektrik enerjisini idxalını tam dayandırıblar. Litva Energetika Nazirliyinin məlumatına əsasən elektrik enerjisi satışı ilə məşğul olan Nord Pool Avropa Birjası Rusiya enerjisinin Baltik ölkələrinə yeganə satıcısı olan “İnter RAO”nun təqdim etdiyi məhsulu satmağı dayandırdığını elan edib. Litva enerji tələbatını yerli istehsal, həmçinin İsveç, Polşa və Latviyadan idxal hesabına ödəyir.

Mayın 13-də isə Finlandiya Rusiyadan enerji idxalını dayandırıb.

Rusiyadan Finlandiyaya daha bir sanksiya: elektrik enerjisini kəsdi »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Məsələ burasındadır ki, Rusiyada neft emalı zamanı yaranan mazut elektrik enerjisi istehsalında istifadə olunur. Avropaya enerji verilişinin dayandırılması mazuta olan tələbatı da azaldacaq. Bu isə Rusiyanın özündə neft emalının kəskin azalmasına gətirib çıxara bilər. “LUKoyl” şirkəti hələ mart ayında Rusiya hökumətinə bununla bağlı narahatlığını bildirmişdi. Şirkət rəhbərliyinin hökumətə göndərdiyi məktubda emal zavodlarında külli miqdarda mazutun yığıldığı və bunun emalın dayanmasına səbəb olacağı qeyd edilirdi. Bugünlərdə isə şirkət rəhbərliyi Rusiyaya qarşı sanksiyaların hasilatın maya dəyərinin 30-35 faiz bahalaşmasına səbəb olduğunu əsas gətirməklə hökumətdən neft hasilatına tətbiq olunan vergilərin azaldılmasını xahiş edib.

Dünya bazarında isə neftin qiymətində azalma müşahidə olunur. Bunun əsas səbəbi Çində iqtisadi artımın sürətinin zəifləyəcəyinə dair gözləntilərdir. İkinci böyük iqtisadiyyatda son aylarda tətbiq olunan sərt karantin tədbirləri tələbin aşağı düşməsinə gətirib çıxarıb. İnvestorlar bu ölkənin iqtisadiyyatının nəbzi olaraq tələbin qəbul edildiyini nəzərə almaqla yaxın aylarda Çinin neftə tələbatının azalacağını proqnozlaşdırırlar. Pekinin iqtisadiyyatı dəstəkləmək üçün tətbiq etdiyi tədbirlər paketi, o cümlədən şirkətlərə vergi imtiyazları, avtomobil alışı üçün verginin azaldılması və sair addımlar investorlardakı bədbinliyi aradan qaldırmaq üçün yetərli olmayıb. UBS Group AG analitikləri 2022-ci ildə Çində gözlənilən iqtisadi artım proqnozunu 4,2 faizdən 3 fazə,  JPMorgan isə 4,3 faizdən 3,7 faizə qədər azaldıb. Bu isə xammal bazarlarında qiymətlərin azalmasına səbəb olub.

Bundan əlavə, qiymətlərə ABŞ-da Bayden administrasiyasının daxildəki qiymət artımının qarşısını almaq üçün ölkənin strateji ehtiyatlarından 1 milyon barel dizel yanacağını satışa çıxarmağa hazırlaşması qərarı da təsir göstərir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR